On doqquz yaşlı gəncin vətənpərvərlik nümunəsi

Milli qəhrəmanlarımız
Orta məktəbdə ədəbiyyat dərslərindən birində sinif yoldaşımız Vidadi Əzizov olduqca qəribə səslənən bir arzu dilə gətirmişdi: İstəyirəm ki, məktəbimizə və ya hansısa təşkilata mənim adım verilsin. Müəllimimiz Vidadiyə və bizə izah etmişdi ki, adətən, həyatda yaşayan adamların adı əbədiləşdirilmir. İkinci, adın əbədiləşdirilməsi üçün mütləq qeyri-adi hünər göstərməlisən. O vaxt biz həmin qeyri-adi hünərin nədən ibarət olduğunu təsəvvürə gətirə bilməzdik. Ancaq zaman gəldi və biz həmin hünərləri nəinki təsəvvür etdik, hətta onların şahidi olduq.
 
... 19 yaşlı ağcabədili gənc Namiq Vahid oğlu Abdullayev Xocavənd rayonunda gedən qeyri-bərabər döyüşlərdə onlarca işğalçı əsgərini məhv edəndən sonra görür ki, düşmənin zirehli texnikası sürətlə mövqelərimizə doğru irəliləyir. Bu isə çoxsaylı əsgər ölümünə səbəb ola bilərdi. Ona görə də gənc soydaşımız çox düşünmür. Əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Zirehli texnikanın heyəti məhv edilir və Vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşur.
Heç kəsin – sıravi kolxozçudan, sadə fəhlədən tanınmış alimlərə, dövlət xadimlərinə qədər, əsgərdən generaladək hamının xidmətlərini layiqincə dəyərləndirən ulu öndər Heydər Əliyev Namiq Abdullayevin şücaətini də yüksək qiymətləndirir. Milli qəhrəmanlarımız haqqında olan rəsmi materialda oxuyuruq: “Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür”.
Onun tərcümeyi-halı da olduqca sadədir: “ 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər. 1992-ci ilin dekabr ayında isə cəbhəyə yola düşür. Cəmi iki ay yarım sonra 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər. Azsaylı hərbçilərdən ibarət olan kiçik dəstə düşmənin güclü hərbi texnikası qarşısında tab gətirə bilməzdi. Amma əsgərlərimiz ölümün gözünə dik baxaraq hücumu dəf etməyə çalışdılar. 
Həmin döyüşün iştirakçısı olan hərbçilər sonradan yazırdılar ki, Namiq Abdullayev bu döyüşdə xüsusilə fərqlənmişdi. Onlarca erməni quldurunu məhv edən Namiq sonra canını Vətənə qurban edərək müstəqil Azərbaycan vətəndaşının vətənpərvərlik nümunəsini formalaşdırmışdı. 
Tərcümeyi-hal bu sözlərlə bitir: “Subay idi. Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır”. Bəli, ötən əsrin altmışıncı illərində biz Namiqin və digər şəhidlərimizin bu şücaətini, cəsarətini təsəvvür edə bilməzdik. Elə Namiqin özü də, bəlkə, bu barədə heç zaman düşünməmişdi, “İstəyirəm ki, oxuduğum məktəbə mənim adım verilsin” – arzusunu dilinə gətirməmişdi. Amma, bir gün oxuduğu məktəbə onun adını verdilər. 
Neçə ildir həmin məktəbin bütün məzunlarının attestatına onun da adı yazılır. Hələ uzun illər də belə olacaq. O, Heydər Əliyev kimi siyasət dahisinin imzası ilə Milli Qəhrəman adına layiq görülüb. Onun ruhu şaddır. Çünki canını qurban verdiyi Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik etmək səviyyəsində qüdrətlənib. Təsviri onun hərbi geyimlərində də olan milli bayrağımız bu gün kosmosda – dünyanın ən güclü dövlətlərinin rabitə peykləri ilə yanaşı fəaliyyət göstərən “Azərspace”in üstündə “dalğalanır”. 
… Amma, hələ onun ruhu narahatdır. “İşğal edilmiş Azərbaycan torpaqları düşmən tapdağından təmizləndi” xəbərinin intizarındadır. 2016-cı ilin Aprel döyüşləri və bu ilin mayındakı Günnüt əməliyyatı sübut edir ki, narahat şəhid ruhlarını sevindirəcəyimiz gün uzaqda deyil. 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında