Jan-Klod Yunker: Avropa İttifaqı ABŞ-a qarşı cavab addımları atacaq

Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla ticarət məsələləri ilə bağlı görüş ərəfəsində heç bir optimizm hiss etmir. Məlumatı TASS verib. 
 
“Biz aydın şəkildə bəyan edirik ki, Birləşmiş Ştatların düşməni deyilik, ümumi keçmişə malikik və bunu unutmamalıyıq. Ancaq bu görüşlə bağlı optimist deyiləm”, - deyə Yunker bildirib. 
Avropa Komissiyasının sədri qeyd edib ki, əgər Tramp Avropada istehsal olunan avtomobillərə əlavə rüsum tətbiq etmək qərarına gələcəksə, Avropa İttifaqı da cavab addımları atacaq. 
Jan-Klod Yunker rəsmi səfərlə Vaşinqtona gəlib və ABŞ lideri ilə danışıqlar aparacaq. Aİ-dən verilən məlumata görə, Yunker və Tramp, əsasən, transatlantik ticarət və daha sıx iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Onlar başqa məsələlər – beynəlxalq gündəlik, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, eləcə də iqtisadi artım kimi problemlər ətrafında da fikir mübadiləsi aparacaqlar. 
Almaniyanın xarici işlər naziri Hayko Maas isə bəyan edib ki, prezident Donald Tramp bütün ABŞ-ı təmsil etmir və twitterdə yazdıqlarının köməyi ilə heç nəyi dəyişə bilməz. “Amerika Ağ evdən böyükdür. Tramp bunu dəyişə bilməz. O, twitterdə nə qədər istəyir, yaza bilər”, - deyə Maas özünün mikrobloqunda yazıb. 
Almaniya XİN başçısı bildirib ki, ABŞ Almaniyanın opponenti deyil, ən vacib tərəfdaşı, Avropa İttifaqının xaricində müttəfiqidir. 
Xatırladaq ki, bu il iyunun 1-dən ABŞ Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium mallarına müvafiq olaraq 25 və 10 faiz həcmində rüsum tətbiq edib. Həmin ölkələr də ABŞ-a qarşı cavab addımları atıblar. Avropa İttifaqı ÜTT-də araşdırmaya başlayıb və iyunun 22-dən ABŞ-dan idxal olunan metallurgiya, maşınqayırma və kənd təsərrüfatı mallarına 25 faizlik rüsum tətbiq edib. 
Bundan sonra Tramp bəyan edib ki, əgər Aİ Amerika şirkətlərinə qarşı maneələri aradan qaldırmasa, ABŞ bu məkandan aldığı avtomobillərə 20 faizlik rüsum tətbiq edəcək. O, eyni zamanda, avropalı istehsalçıları ABŞ ərazisində zavodlar açmağa çağırıb. Bəzi məlumatlara görə, Trampın avtomobillər və onların ehtiyat hissələrinə tətbiq edəcəyi rüsum 300 milyard dollar həcmində ola bilər. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında