Ermənistan: hiylə və şantaj siyasəti davam edir

İşğalçı Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın avantürist siyasi kursu  bölgənin təhlükəsizliyini təhdid edir və Qarabağda ədalətli və uzunmüddətli sülhün yaranmasına mane olur. Bu həqiqəti təkcə Qərb dövlətləri deyil, bir vaxtlar rəsmi İrəvanın hərbi və strateji tərəfdaşı olan Rusiyada da yaxşı başa düşürlər. Bu yazıda oxucuların diqqətini Ermənistan iqtidarının son günlər heç bir sağlam məntiqə və düşüncəyə sığmayan ermənisayağı siyasətinə yönəltmək istəyirik.    
 
“Panik” sakinləri “panikaya” düşdülər?!
 
“Aravot” informasiya saytı xəbər yayıb ki, Rusiya Federasiyasının Ermənistan ərazisində yerləşən 102-ci bazasının hərbçiləri bu il iyulun 18-də Şirak vilayətinin Panik kəndinin inzibati ərazisində hərbi təlimlər keçiriblər və bu zaman əsgərlərin açdıqları atəş səslərindən kənd sakinləri bərk qorxuya düşüblər. 
Məsələ burasındadır ki, rusiyalı hərbçilər kənd sakinlərini təlimlər barədə əvvəlcədən xəbərdar etməyiblər və əhali müharibənin başladığını zənn edərək əndişəyə düşüb. Panik kənd icmasının rəhbəri Vardan Makeyan “Aravot” saytının müxbirinə deyib: “Bir də gördük üç min hərbçi kəndin əsas yollarını kəsərək aramsız atəş açır. Yaxşı ki, gilizlər dolu deyildi, boş idi. Lakin gözlənilməz atəş səslərindən vahiməyə düşən sakinlər müharibə başladığını zənn edərək təşviş içində öz evlərini tərk ediblər. Onların bəziləri, xüsusilə uşaqlar, qorxudan hətta huşlarını belə itiriblər. 
V.Makeyan sonra rusiyalı hərbçilərə qarşı qəlbində baş qaldıran hiddət və qəzəb hissini bu sözlərlə ifadə edib: “Təhqiramiz haldır ki, Panik kənd icmasının ərazisində təlimlərin keçirilməsi barədə bizi xəbərdar etməyiblər. Əgər hansısa bir erməni Rusiya Federasiyasının ərazisində, hətta bir evdən ibarət olan bir yaşayış məntəqəsində, belə bir şey etsəydi, bundan böyük bir faciə düzəldərdilər”. 
Son günlər Panikdə baş verən hadisə sosial şəbəkələrdə əsl şok effekti yaradıb. Hətta bir sıra sakinlər əhalinin rusiyalı hərbçilərlə danışıqlarının lent yazılarını əldə edərək yayımlayıblar.  
Düzdür, Rusiya hərbçiləri “Panik” insidentin geniş ictimailəşməsini, necə deyərlər, təkcə “Panik”in deyil, bütün Ermənistanın “panikaya” düşməsini istəmirlər. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandirinin şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç deyib ki, bazanın rəhbərliyi bu insidentlə bağlı araşdırma aparır. Şurak vilayətinin qubernatoru “Sputnik Armenia” saytına deyib ki, belə insident ilk dəfədir baş verir və belə bir hal bir də təkrarlanmayacaq. Onun sözlərinə görə, günahkarlar cəzalarını alacaqlar. Qubernator hətta bazanın rəhbərliyinin insidentə görə qarşı tərəfdən üzr istədiyini bildirib. Lakin bu iddia Rusiya və müstəqil mənbələr tərəfindən öz təsdiqini tapmayıb. 
Xatırladaq ki, 102-ci hərbi baza isə İrəvandan 126 kilometr şimaldakı Gümrüdə yerləşir və Rusiyanın Zaqafqaziyada ən böyük hərbi bazası hesab olunur. Baza 1995-ci ildə ­127-ci motoatıcı diviziyanın və digər hərbi-hava və havadan müdafiə hərbi hissələrinin əsasında təşkil olunub. Burada Rusiyanın 4 minə yaxın əsgər və zabiti hərbi xidmət keçir. 
 
Bir əldə iki qarpız 
 
Biz “Bir əldə iki qarpız tutmaq olmaz”, – deyirik. Ruslar isə bu fikri, adətən, belə ifadə edirlər: “Eyni vaxtda iki stula əyləşə bilməzsən”. Tanınmış rusiyalı jurnalist Konstantin Lyapunov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan məhz  iki stulda əyləşməyə cəhd edir. 
Panikdəki insidentdən bir həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun Brüsseldə keçirilən növbəti sammitində iştirak edib. Serj Sarkisyan rejimi üzərində qələbədən eyforiyaya düşən Paşinyan və onun tərəfdarları bu səfər böyük ümidlər bəsləyirdilər. Onlara elə gəlirdi ki, “sivil və demokratik Avropada “Ermənistan inqilabının rəhbərini “xalq qəhrəmanı” kimi qarşılayacaq və onun ayaqları altına qırmızı xalılar sərəcəklər. Bunların heç biri baş verməyib və N.Paşinyan Brüsseldən əli ətəyindən uzun İrəvana qayıdıb. 
Avropada çox gözəl başa düşürlər ki, Ermənistanda heç də xalq inqilabı baş verməyib, sadəcə uzun illər bu ölkəyə rəhbərlik edən cinayətkar Koçaryan-Sarkisyan cütlüyünün rəhbəri olduğu Qarabağ klanını başqa bir klan əvəz edib. 
Qərbdə, təbii ki, Ermənistanda baş verənlər barədə məlumatlıdırlar. Orada həm də yaxşı dərk edirlər ki, Paşinyanın əsas niyyəti sivil Avropa ilə yaxınlaşmaq yox,  “Köhnə qitə”dən mümkün qədər çox maliyyə yardımı əldə etməkdir. Sirr deyil ki, ermənilər Rusiyadan da maliyyə və hərbi yardım almaq, bu yolla işğal etdikləri ərazilərdə status-kvonu mümkün qədər uzatmağa çalışırlar.  
Ermənilər bir vaxtlar Kremli inandırmağa çalışırdılar ki, onlar digər Zaqafqaziya ölkələrindən Moskvaya daha loyaldırlar. İndi isə onlar Rusiyaya arxa çevirib Qərbin qucağında özlərinə isti yuva qurmağa cəhd edirlər. Ruslar bunu, yumşaq desək, özlərinə qarşı xəyanət hesab edirlər.   
Yuxarıda adını çəkdiyimiz rusiyalı jurnalist hesab edir ki, Paşinyanın Brüssel şousunun hədəfi Qərbi “heyran etməkdən” daha çox, Moskvadan özü üçün müstəsna səlahiyyətlər əldə etmək cəhdindən başqa bir şey deyil. Yeri gəlmişkən, Paşinyan MDB-nin kollektiv təhlükəsizlik blokuna daxil olan ölkələrin liderləri arasında yeganə şəxsdir ki, NATO-nun son sammitində iştirak edib. Sual olunur: Bu necə alyansdır ki, onunla heç bir əlaqəsi olmayan ölkənin rəhbərini öz iclaslarında işitirakına razılıq verir?  
Diqqətçəkən məqamlardan biri budur ki, rəsmi İrəvan hər vəchlə bu səfəri Rusiya auditoriyasına adi bir işgüzar səfər kimi təqdim etməyə çalışırdı. Belə ki, guya baş nazir cavandır, dünyanın siyasi isteblişmenti ilə yaxından tanış deyil, Brüsselə isə bütün liderlər toplaşıblar. Bir yerə toplaşacaqlar, bir-birlərinə öz vizit kartlarını verib dağılışacaqlar. 
 
Paşinyanın komandası: “rusofob” siyasətçilər 
 
Moskva Paşinyanın kadr siyasətindən çox narazıdır. Belə ki, Ermənistan hökumətinin başçısı hakimiyyəti ələ keçirdiyi qısa müddət ərzində öz ətrafına yalnız Rusiya əleyhdarı olan siyasətçiləri toplayıb. Məsələn, bir vaxtlar “Soros Fondu”nda Ermənistan üzrə əlaqələndirici olan Babken Ter-Qriqoryan Ermənistanın diaspor nazirinin müavini təyin edilib. Bu, həmin Ter-Qriqoryandır ki, Paşinyanın hakimiyyətə gətirmək üçün keçirilən aksiyaların birində  əlində Rusiya Prezidentini təhqir edən plakat tutmuşdu. 
Moskvada yaxşı bilirlər ki, N.Paşinyanın yaxın dostu Ermənistanın əmək naziri Mane Tandilyan ölkəsinin  Avrasiya İqtisadi İttifaqından çıxmasını fəal surətdə təbliğ edir. Yeni mədəniyyət naziri – Lilit Makunts isə 2016-cı ildən ABŞ-ın Sülh Korpusunda çalışır. Moskvada hesab edirlər ki, həmin korpus ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqəlidir. 
Belə çıxır ki, N.Paşinyanın kabinetindəkilərin çoxu Rusiya Federasiyası (RF) ilə normal əlaqələrin əleyhinə çıxış edənlərdir. N.Paşinyan  baş nazir postunu ələ keçirəndən sonra RF ilə uzunmüddətli əlaqələrin tərəfdarı olduğunu bəyan etməyə məcbur oldu. İstisna etmək olmaz ki, sabah ətrafındakıların “rəyi və təzyiqi ilə” hesablaşaraq, Rusiyaya qarşı çıxa bilər. Bəyan edə bilər ki, Ermənistan “demokratik ölkədir” və komandasının fərqli fikirləri ilə  hesablaşmağa məcburdur. Əslində, Paşinyan belə bir ucuz şantaj yolu ilə Rusiyadan özü üçün hansısa güzəştlər əldə etmək niyyətindədir.  
Ermənistan mediası Paşinyanın Brüssel səfərini ictimai fikrə uğurlu səfər kimi sırımağa cəhd etsə də, baş nazir orada, əslində, tamamilə fiaskoya uğrayıb. Paşinyan “Euronews” telekanalına müsahibəsi zamanı NATO rəhbərliyinə “məsləhət” görüb ki, əgər Bakı öz işğal olunmuş ərazilərini qaytarmaq istəsə, o zaman Azərbaycana “güclü mesaj” versin. Onun fikrincə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə cəhd etməsi dünya demokratiyasını təhdid ola bilər.
 
Qərb Paşinyana inanmır 
 
Paşinyanın bu mövqeyi Şimali Atlantika Alyansının rəhbərliyində təəccüb doğurub. Belə ki, Qərb dövlətlərinin rəsmiləri dəfələrlə bəyan ediblər ki,   müstəqil Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və bu istiqamətdə şübhəli avantüralarda iştirak etmək niyyətində deyillər.  
Paşinyan Avropa İttifaqından pul istəyəndə, onun təmsil etdiyi “erməni demokratiyası” dərhal zahiri effektini itirib. Əlbəttə, o, Brüsseldə bu pulları özü üçün deyil, demokratiya üçün istədiyini bildirirdi. Brüssel isə məzlum İrəvana ildə yalnız cəmi 10 milyon avro ayıracağını vəd edib ki, bu vəsaitlə səfalət içində çapalayan Ermənistanın yaralarını sağaltmaq mümkün deyil 
Yeri gəlmişkən, Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr Svitalski bəyan edib ki, Aİ heç də Ermənistanın əsas sponsoru deyil. Avropalı diplomatın fikrincə, Aİ-nin Ermənistana borcu yoxdur və Paşinyanın Aİ-də vəsait qoparmaq üçün irəli sürdüyü motivasiyalar anlaşılmazdır.   
Bəli, Ermənistanın N.Paşinyanın şəxsində yardım üçün Avropaya uzanan əlləri havada qaldı. Bəs, çıxış yolu nədir? Paşinyan Ermənistanı NATO-ya satıb alyansın bu ölkədə hərbi bazasını yaratmalı, yaxud Rusiyanı şantaj edib Moskvadan daha çox maliyyə dəstəyi almalıdır. Öz iqtisadiyyatını gücləndirmək isə işğalçı Ermənistanın gücü xaricindədir. Çünki, Ermənistan rəhbərliyinin minbir hiylə ilə əldə etdiyi ianə və yardımların bir hissəsi bu ölkənin işğalçı ordusunu ayaqda saxlamağa xərclənir, qalan hissəsi isə korrupsiyanın yeminə çevrilir. Ermənistandakı sosial şəbəkələrdə yazırlar ki, korrupsiya sahəsində artıq Paşinyanın kadrları sələfi Serj Sarkisyanın komandasına dərs keçə bilər. 
 
İrəvan Moskvadan çəkinir 
 
Bu yazının sonunda bir məsələyə də aydınlıq gətirmək lazımdır. Görünən budur ki, rəsmi Moskva ilə gərginliyin hansı  ağır fəsadlara gətirə biləcəyini başa düşən Ermənistanın siyasi və hərbi elitası Panik kəndində baş verən insidenti təcili surətdə ört-basdır etməyə cəhd edir. Ermənistan ordusunun mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan dünən rəsmi saytlara açıqlamasında deyib ki, Ermənistan KİV-ində bu ölkənin Rusiya ilə hərbi müqavilədə dəyişikliklər edilə biləcəyi ilə bağlı yayılan şayiələr həqiqətə uyğun deyil. 
“Şayiələr” isə çox etibarlı bir mənbədən – Ermənistanın müdafiə naziri David Tanoyandan qaynaqlanıb. O deyib ki, İrəvan Rusiya Federasiyası sərhəd qoşunlarının Ermənistan ərazisində statusu ilə bağı müqaviləyə bir sıra düzəlişlər edilə bilər. Mətbuat xidmətinin rəhbəri nazirin əvəzində deyib ki, guya müdafiə naziri Rusiyanın 102-ci hərbi bazası ilə bağlı müqaviləni deyil, başqa bir sənədi nəzərdə tutub. Beləcə, ermənilərin müdafiə naziri ağzından çıxan sözün sahibi olmağa cəsarət etməyib.  
Bu gün çoxlarına bəllidir ki, Ermənistanın yeni hökumətinin başçısı Dağlıq Qarabağ məsələsində öz sələflərindən daha sərt kurs yeridərək problemi tezliklə həll edə biləcəyini iddia etsə də, bu, Ermənistan ictimaiyyətini aldatmaq niyyətindən başqa bir şey deyil. Nəticədə, Qarabağ probleminin ədalətli həlli ilə bağlı sülh danışıqları dalana dirənir və Bakı buna adekvat cavab verməli olacaq. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında