Heydər Əliyevin Azərbaycana qayıdışı və Naxçıvan dövrü fəaliyyəti mətbuatın yaddaşında

Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 
 
Tarixdə elə fakt və hadisələr var ki, onları tale işi kimi dəyərləndirmək lazım gəlir. Xalqların və ölkələrin həyatında elə taleyüklü məsələlər də olub ki, burada yalnız ağıl, iradə və uzaqgörənlik rol oynamışdır. Bu baxımdan Naxçıvan diyarının, eləcə də Azərbaycanın yaxın tarixinin ən çətin günlərində Heydər Əliyev fenomeninin oynadığı rol həm bir tale işi, həm də zəka amilinin önəmi kimi gerçəkləşmişdir.
 
Naxçıvanda o dönəm baş verənlər, “Azərinform”un Naxçıvan müxbiri kimi gördüklərim də sübut edir ki, Heydər Əliyevin Naxçıvana qayıdışı tarixi bir hadisə idi. Talenin hökmü ilə doğma diyara bu gəliş çox keçmədi ki, ümummilli liderin siyasi arenaya yenidən qayıdışına çevrildi, həm də bütün Azərbaycanın xilasına yönəlmiş tarixi missiyanın başlanğıcı oldu. Başqa sözlə desək, dünya şöhrətli siyasət və dövlət xadiminə bütün səmimiyyəti və sonsuz məhəbbəti ilə qucaq açan Naxçıvan dahi yetirməsini siyasi arenaya qaytarmaqla özünü də işğal edilmək, məhv olmaq təhlükəsindən xilas etdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin o zamankı xilaskarlıq missiyasının belə dəyərləndirmişdir: “Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi”. Bu baxımdan siyasi analitiklərin vurğuladığı kimi, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990--1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur.
Ulu öndər Heydər Əliyevin özü də muxtar respublika sakinləri ilə görüşlərinin birində Naxçıvanın onun taleyində və fəaliyyətində oynadığı rola toxunaraq demişdi: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. 
O zamankı respublika rəhbərliyinin yönləndirdiyi rəsmi KİV xalqımızın böyük oğlunuin doğulub-böyüdüyü və həmin günlərdə ağır blokada şəraitində yaşayan Naxçıvana qayıdışını qərəzli mövqedən “dəyərləndirsə” də, yeni yaranan demokratik ruhlu, müstəqil baxış sərgiləyən dövri nəşrlər həqiqəti əks etdirməyə çalışmışlar. “Respublika”,“Vətən səsi”, “Səs”, “Aydınlıq”, “Azadlıq”, “İki sahil”, “Ədalət”, “Yurddaş”, “Mədəniyyət”, “Naxçıvan”, “Açıq söz”, “Dönüş”, “Dan ulduzu” kimi qəzetlərin səhifələrində Naxçıvandan verilən materiallarda xalqın azadlıq səsi eşidilməkdə, böyük siyasətçiyə ümummilli məhəbbət və ehtiram açıq duyulmaqda idi.
 Naxçıvanla bağlı xəbərlərə qoyulan qadağalar getdikcə kəskinləşsə də, hədə və təhdidlər artsa da bu qəzetlərin cəsarətli, fədakar nümayəndələri Naxçıvan həqiqətləri və Heydər Əliyevin fəaliyyəti ilə bağlı yazılara və müxtəlif materiallara müntəzəm yer ayırmalarını özlərinin vətəndaşlıq və jurnalist borcu saymışdılar. 
Maraqlıdır ki, keçmiş ittifaqın mərkəzi mətbuatında da Naxçıvan hadisələri gündəmdə olmuşdur. “Pravda”, “İzvestiya” kimi mərkəzi mətbuat orqanlarının Naxçıvan reallıqlarına səhifələrində yer ayırması həm də Heydər Əliyev dühasının qüdrətindən irəli gəlirdi. Yeri gəlmişkən qeyd edilməlidir ki, bu baxımdan Heydər Əliyevin hələ Naxçıvana qayıdışından xeyli əvvəl “Teatralnaya jizn” (1989) yurnalı üçün Andrey Karaulova verdiyi tarixi müsahibə bütün ittifaqda geniş əks-səda doğurmuşdu. 20 Yanvar faciəsindən dərhal sonra o zaman istefada olan Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ictimaiyyət nümayəndələri qarşısında cəsarətli və özünəməxsus çıxışı, Bakıdakı kütləvi qırğına verdiyi tarixi qiymət, onun günahkarlarının cəzalandırılması tələbi isə bütün dünyada Kremlə qarşı ciddi ittiham kimi qarşılanmışdı. 
Bu hadisədən sonra Sov. İKP MK-nın baş təbliğat maşını olan “Pravda” qəzetində dərc olunmuş “Əliyevçilik, yaxud xoş əyyamların xiffəti” məqaləsi əslində Heydər Əliyevə qarşı siyasi təqiblərin başlanmasından xəbər verirdi. Bundan az sonra respublikanın avanqard nəşri olan  “Kommunist” qəzetində “Bu da tayfa oyunudur?” məqaləsinin yer almasının məqsədi də Heydər Əliyevin Azərbaycana gələn yollarının bağlanması idi. 
Nə qədər fitnə-fəsad və təcavüz cəhdləri olsa belə, ulu öndərin haqq yolunu bağlamaq mümkün olmadı. Respublika rəhbərliyi xalqın qüdrətli oğlunun Vətənə qayıdıb Bakıda yaşamasına əngəl törətsə də, doğma Naxçıvan öz xilaskarını qəbul etməklə, onu yenidən yüksəltdi. Onda Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. İqtisadiyyat tamamilə dağıdılmışdı. Əhalinin durumu olduqca pis bir həddə düşmüş, ərzaq qıtlığı yaranmışdı. Hərc-mərclik bütün hədləri aşmışdı.
Təcavüzkar ermənilərin hücumları bölgədəki ağır situasiyanı daha da gərginləşdirdiyi bir zamanda, o zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibəti də muxtar respublikanı son dərəcə acınacaqlı bir durumla üzləşdirmişdi. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əsl nicat müjdəsinə çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdı.
Beləliklə, Heydər Əliyevin Naxçıvana qayıdışı həm də bütün Azərbaycanın tarixində yeni bir eranın başlanğıcı oldu. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
 Azərbaycan Respublikası ­Prezidentinin köməkçisi, professor Əli Həsənov Naxçıvanın 1990-cı il 22 iyulu günü haqqında sonralar belə yazırdı: “Heydər Əliyev meydana – xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. Heydər Əliyevin sevinc dolu alqışlar altında etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyin səsi idi. Beləcə, bütün ömrünü Azərbaycan xalqına xidmətdə keçirən, öz rahatlığını, dincliyini gecə-gündüz xalqının xoşbəxtliyinə sərf edən Heydər Əliyevlə onu dünyalar qədər sevən xalqı vahid bir tam kimi birləşib-qovuşdu”. 
Təbii ki, Naxçıvanda baş verənlər mətbuatın da gündəmini daha ciddi bir şəkildə tutmaqda idi. “Ulduz” jurnalının 6-cı sayında Heydər Əliyevlə müsahibənin dərc edilməsi, ardınca “Respublika” qəzetində Azər Abdullanın “Mən adamlara inanmışam” adlı müsahibənin və Tbilisidə çıxan “Sovet Gürcüstanı” qəzetinin müxbirlərinə müsahibəsi xalqın, vicdanlı insanların Heydər Əliyev fenomeninə qədirbilən münasibətinin ifadəsi idi. “Xalq qəzeti”nin müxbiri Əlipənah Bayramovun görkəmli alim Tələt Qayıbovla müsahibəsində bu fakt bir daha öz əksini tapır: “1920-ci il aprel çevrilişindən sonra mən Azərbaycanın tarixində iki böyük şəxsiyyət tanıyıram: Sovet İttifaqının möhkəmləndiyi dövrdə hakimiyyətə gələn Mircəfər Bağırov və bu dövlətin süqutu ərəfəsində hakimiyyətdə olan Heydər Əliyev. Yenə də siyasi mədəniyyətimiz çatmadığı üçün özümüz tarixi şəxsiyyətlərimizi məhv edirik” (“Xalq qәzeti”, 6 mart 1993-cü il). 
Təkcə Bakıda çıxan nəşrlərin deyil, rayonlarda buraxılan qəzetlərin əməkdaşlarının da Heydər Əliyevlə görüş və müsahibələrə can atması da xalqın ona məhəbbətindən doğurdu. Həmin dövrdə Heydər Əliyevin fikirlərini mətbuata çıxarmaq yasaq edilmişdi. Azərbaycanın o zamankı rəhbərliyi bu böyük şəxsiyyəti tam blokadaya almağa cəhd göstərirdi. Bununla belə, vətənsevər, cəsarətli Azərbaycan jurnalistləri görkəmli siyasətçinin fikirlərini xalqa çatdırmaq üçün əllərindən gələni əsirgəmir, hər cür məhrumiyyətlərə dözürdülər. 
Belələrindən biri də həmin vaxtlar Saatlıda çıxan “Dönüş” qəzetinin şöbə müdiri Fəxrəddin Ağamirzəyev olmuşdur. Cəsarətli həmkarımızın Heydər Əliyevlə dəfələrlə görüşməsi və onunla keçirdiyi geniş müsahibəni 1990-cı ilin avqust ayında “Dönüş”ün ardıcıl olaraq 3 sayında dərc etdirməsi ulu öndərə xalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, həm də o dönəmdə partiya-sovet mətbuatının nümayəndəsi olan bir müxbirin göstərdiyi fədəkarlıq nümunəsi idi. Bu tarixi müsahibədə Fəxrəddin Ağamirzəyevin “Respublikaya qayıdandan sonra jurnalistlərlə çoxmu görüşünüz olub? Daha çox hansı jurnalistləri maraqlandırmısınız?” sualına ulu öndər belə cavab vermişdi: “Naxcıvana qayıdandan daha cox, əsasən Naxcıvan Muxtar Respublikasının jurnalistləri ilə goruşum olub. Təəssuf ki, Bakıdan olan jurnalistlərin hec birisi mənim yanıma gəlməyib. Bakıdan bir-iki azad qəzetlərin jurnalistləri gəlib mənimlə goruşublər. Ancaq rəsmi mətbuat orqanlarının jurnalistləri mənim yanıma gəlmirlər. Mərkəzi televiziyanın “Zaman” xəbərlər redaksiyasının Azərbaycan Respublikası uzrə muxbiri Mais Məmmədov mənə zəng etdi və catdırdı ki, Moskvadan ona gostəriş var ki, mənimlə goruşsun, mərkəzi televiziyaya material hazırlasın. Mən də razılığımı verdim ki, gəlsin. O, dedi ki, onda sabahları mən gəlirəm Naxcıvana, sizinlə goruşməyə. Ancaq ondan sonra o gəlmədi. Mənə belə gəlir ki, burada nəsə bir səbəb var. Çünki, bu onun özünün təşəbbusu deyildi. Bu, mərkəzi televiziyanın təşəbbusu idi. Gəlmədi gəlməsin,eybi yoxdur. Bundan başqa, Litvadan, Estoniyadan mənim yanımda jurnalistlər olmuşlar. Sonra Moskvadan bir-iki jurnalist telefon vasitəsilə məndən musahibə almışdır”. 
Fəxrəddin Ağamirzəyev sonralar yazdığı “Dönüşdən Qurtuluşa” adlı kitabında o zaman Heydər Əliyevlə görüşün çətinliklərini belə xatırlayır: “Heydər Əliyevlə görüşüb müsahibə götürmək fikrinə düşəndə tam aydınlığı ilə dərk edirdim ki, bundan sonra məni nələr gözləyir. Ən azı, bunu həmin dövrdə mərhum Əjdər Xanbabayevin başına gətirilənlərdən bilirdim. Həm də müsahibə alıb dərc etdirmək fikrim yaranandan uca bir zirvəyə doğru yön aldığımı dərk edirdim”. Xoşbəxtlikdən, Fəxrəddin Ağamirzəyev tanınmış naşir Əjdər Xanbabayevin taleyini yaşamasa da, “Dönüş” qəzetnin 1990-cı il 100, 101 və 102-ci saylarında “Heydər Əliyevlə müsahibə”ni çap etdirəndən dərhal sonra ciddi qınaqlara məruz qaldı və işdən azad edildi. Bundan sonra isə jurnalistin özünə və ailə üzvlərinə qarşı təqiblər başlandı, bir daha əlinə qələm almamasına hökm verildi.
İllər keçəndən sonra həmin tarixi müsahibə “Dönüşdәn Qurtuluşa” kitabında yenidən çap olundu. Nəşrin ön sözündə başı bəlalar çəkmiş yazarın o zamankı fədakarlığı belə qiymətləndirilir: “Heydәr Әliyev şәxsiyyәtinә hәmişә sonsuz sevgi bәslәyәn Ağamirzәyevlәr ailәsinin “Dönüş” qәzetindә şöbә müdiri işlәyәn 30 yaşlı oğlu, jurnalist Fәxrәddin Ağamirzәyev Heydәr Әliyevә qarşı yönәlmiş şiddәtli böhtan vә tәklәmә kampanyasına dözmәyәrәk, qarşıda onu nәlәr gözlәdiyinin fәrqinә varmayaraq, çox çәtinliklә blokadada olan Naxçıvana getmiş, ikiqat blokadada yaşayan әfsanәvi soydaşımız Heydәr Әliyevlә şәxsәn görüşmüş, onunla müsahibә aparmışdı. Jurnalist aldığı geniş müsahibәdә Heydәr Әliyevlә bağlı hәqiqәtlәri ortaya qoymuş, o günlәrin әn vacib, bu gün dә aktuallığını itirmәmiş suallarına tarixi cavablar almışdı“.
Naxçıvana gəlişindən az sonra zaman özü Heydər Əliyevi siyasi fəaliyyətin qoynuna atdı. O özü siyasətdən tam uzaq olmaq arzusunu dəfələrlə bəyan etsə belə, xalqın milli iradəsini qəbul etməli oldu: “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”. 
Naxçıvanın diqqət mərkəzində olması onu gündəlik xəbərlərin baş mövzusuna çevirməkdə idi. Naxçıvana qayıdışdan iki ay sonra – 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başladı. Bu sesiyada təkcə Naxçıvan deyil, bütün Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olundu. 
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarların qəbul olunması istər cəmiyyət, istərsə də respublika və ittifaq rəhbərliyi üçün gözlənilməz idi. 
Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi muxtar respublikada vəziyyətin yaxşı bir axara düşməsinə inam yaratmaqda idi. AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Heydər Əliyev yolu: Naxçıvan reallıqları” adlı məqaləsində yazır: ”Azərbaycanın bu diyarının – Naxçıvanın mürəkkəb hərbi-siyasi şəraitdə işğaldan xilas olmasının ən başlıca səbəbi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirərək, region dövlətləri ilə əlaqələri möhkəmləndirərək, böyük güclərin təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi idi“. 
O zaman xarici qüvvələrin təcavüz və fitnəkarlıqları azalmadığı kimi, daxildə də ulu öndərə qarşı açıq-gizli basqılar davam edirdi. Bu, on birinci çağırış Azərbaycan Ali Sovetinin birinci sesiyasında açıq şəkildə hiss olundu. “Aydınlq” və “Vətən səsi” qəzetləri deputat Heydər Əliyevin sesiyadakı cıxışının tam mətnini yaymaqla xalqın böyük siyasətciyə olan inam və etimadını təsdiqlədi. Ali Sovetin 7 mart 1991-ci il sesiyasında cıxış edən Heydər Əliyev SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə səs verməklə, o zamankı iqtidarın bütün planlarını alt-üst etdi. ”Səs” qəzetinin 15 mart tarixi sayında dərc edilən bu çıxış Azərbaycanın siyasi həyatında müstəqilliyə doğru atılan addımın nümunəsi idi. 
Uzaqgörən və cəsarətli siyasətçi kimi Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisinin ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərarın qəbul edilməsi hakimiyyət--Naxçıvan münasibətlərini daha da kəskinləşdirdi. Bu qısqanclıq 1991-ci ilin bütün siyasi hadisələrində özünü göstərmiş, o dövrün artıq cəbhələşmiş mətbuat orqnlarında polemikalara yol açmışdı. Moskvada üzdəniraq “avqust qiyamının” baş verməsi və onun Azərbaycan hakimiyyəti tərəfindən dəstəklənməsi isə Naxçıvada ciddi rezonans yaratmışdı. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası bədnam “Dövlət Fövqəladə Vəziyyət Komitəsi”nə mənfi münasibət bildirməklə, onu dəstəkləyən yerli partiya və sovet orqanlarını ləğv etmişdi. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sesiyasında (29 avqust 1991-ci il) “Respublikada siyasi vəziyyət haqqında” məsələnin müzakirəsi zamanı etdiyi çıxışa görə siyasi təqibə məruz qalan Heydər Əliyev 1993-cü il iyun ayının 13-dək Ali Sovetin sesiyalarında, Milli Şuranın və Milli Məclisin iclaslarında iştirak etməmişdi. 
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bu dövrdəki fəaliyyəyi Naxçıvanın gələcək taleyi və inkişafı ilə sıx şəkildə bağlı olsa da, bütövlükdə, Azərbaycan reallıqları, ölkənin və xalqın çətin vəziyyəti, bu yöndə yolların axtarılması onu düşündürən ümdə vəzifələrdən idi. Türkiyənin “Milliyyət” və “Hürriyyət”, Amerikanın “Vaşinqton post” qəzetlərinin Naxcıvanda ezamiyyətdə olan müxbirləri ilə görüşündə də ulu öndər Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulamışdı. Onun Türkiyənin “Samanyolu” telekanalına müsahibəsində dediyi kimi, “Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, muxtar respublikadır. Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, vaxtilə Azərbaycana qarşı ədalətsizlik edilib və Zəngəzur diyarının Ermənistana verilməsi ilə əlaqədar Naxçıvan Azərbaycanın əsas torpağından ərazi nöqteyi-nəzərindən ayrı düşübdür”.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində həmin tarixi proseslərin mühüm nəticələrini ümumiləşmiş şəkildə bir daha yada salması Heydər Əliyev yolunun milli tariximizdəki rolunun əhəmiyyətinə diqqəti cəlb etmək baxımından ibrətamizdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi”. 
Həmin tarixi proseslərin yaşandığı bütün gərginliklərin içərisində olmuş, böyük öndərin sınaqlardan çıxmış sadiq silahdaşı, Ali Məclisin sədri Vasif Talıbov da həmin rəsmi dövlət mərasimindəki çıxışında keçilmiş 90 illik yola mərhələlər üzrə nəzər salarkən ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini ümumiləşmiş şəkildə belə ifadə etmişdir: “1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan, ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi”. 
O dövrdə, bir tərəfdən, xain ermənilərlə müharibənin davam etdirilməsi vəziyyəti çətinləşdirmişdi, digər tərəfdən, yolların (havadan başqa) bağlanması Naxçıvanın tam blokadaya alınması ilə nəticələnmışdi. Türkiyə və İran dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atılsa da, hələ ciddi çətinliklər qalmaqda idi. İnformasiya blokadası daha ciddi fəsadları ilə gündəmdə idi. 1992-ci ilin 7 iyununda “Real” xəbərlər agentliyinin fəaliyyətə başlaması informasiya blokadasının yarılması üçün atılan yeni bir addım oldu. ”Azərbaycan” nəşriyyatında “Real” agentliyinin hazırladığı “Naxçıvan yaşayır, döyüşür” foto-albomunun bir neçə dildə nəşr edilərək yayımlanması Naxçıvan reallıqlarının içtimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Bundan dörd ay sonra Bakıda “Naxçıvan” həftəlik ictimai-siyasi qəzetinin nəşrə başlaması ictimaiyyətin böyük marağına səbəb oldu. Gərgin mübarizə və blokada şəraitində yaşayan Naxçıvan həqiqətlərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bu qəzetə Heydər Əliyev o zaman təbrik məktubu göndərmişdi.
Bu dövrdə Azərbaycan ziyalılarının Heydər əliyevə müraciəti – sonralar “91-lərin müraciəti” adlandırılan sənəd mətbuatda dərc olundu. Buna cavab olaraq, demək olar ki, bütün mətbuat orqanlarında Heydər Əliyevin Azərbaycan ziyalılarına ”Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubunun dərc olunması isə ciddi əks-səda yaratmaqla, Heydər Əliyev ideyalarının möhtəşəmliyini ortaya qoydu. Bu zaman AXC Naxçıvan və Ordubad şöbələrinin Naxçıvanda dövlət çevrilişinə cəhd göstərməsi mətbuatın gündəmini zəbt etdi. 
Yerli və xarici jurnalistlər üçün 27 oktyabrda mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev bu dəfə də müdrik siyasəti ilə Naxçıvanda sakitliyə nail oldu. Bir gün sonra Naxçıvan Televiziyası ilə xalqa müraciət edən Heydər Əliyev əhalini şayiələrə uymamağa, yaranmış gərginliyi aradan qaldırmaq üçün sabitliyi gözləməyə çağırdı. Həmin gün “Naxçıvan” qəzeti isə ümummilli liderin “İnsan xalq üçün yaşayanda xoşbəxt olur” sərlövhəli müsahibəsini dərc etdi.
 Bu qayğılı və gərgin illər həm də ölkədə dərinləşməkdə olan böhranın ağırlığını və məsuliyyətini dərindən dərk edən Yeni Azərbaycan Partiyasının təşkilat komitəsinin yığıncağının və təsis konfransının keçirildiyi, eləcə də Heydər Əliyevin açıq səsvermə yolu ilə partiyanın sədri seçildiyi günləri də tarixin yaddaşına həkk edib. 
Namiq ƏHMƏDOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında