Biləsuvarda ilin uğurla başa çatacağına inam böyükdür

Son illərdə Biləsuvar rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. İqtisadi yüksəliş sosial sahənin də inkişafına təkan verib. Yarımillik hesabat yığıncağında bu fikir xüsusi vurğulanıb.
 
İcra hakimiyyətinin başçısı Mahir Quliyev ilk yarımildə rayonda bütün sahələr üzrə görülən işlərin geniş icmalını verib. O bildirib ki, həmin dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi  131,8 milyon manat olub. Əsas  kapitala yönələn  investisiyalar 11,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 135,5 milyon manat təşkil edib. Rayonda 310 yeni iş yeri yaradılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1283 manata, orta aylıq əmək haqqı isə 295 manata çatıb.  
Ölkə rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq, Biləsuvarda pambıqçılıq genişlənməkdədir. Bu il rayon üzrə 12 min hektarda  pambıq əkilib ki, bunun da  3440,8 hektarı “MKT İK” MMC-yə, 3682,5 hektarı “Azərpambıq” MMC-yə, 1310,2 hektarı Kənd Təsərrüfatı İdarəsinin nəzdində yaradılmış MMC-yə, 3566,5 hektarı isə fərdi  mülkiyyətçilərə aiddir. Bir il əvvəl 25 min tona qədər pambıq toplanmış Biləsuvarda məhsuldarlığın dinamikliyi fərəh doğurur. Ötən mövsümdə pambıq  becərilməsi və yığımı   dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 15 milyon manata yaxın gəlir əldə edib. 
Yeni yaradılmış “Yaşıl ada” aqroparkında 6 kilometr uzunluğunda çınqıl örtüklü yol çəkilib və 5 ədəd kənd təsərrüfatı texnikası  alınıb. Hazırda 6,5 kilometrlik beton kanalın çəkilişi işləri aparılır. Aqroparkın taxıl sahələrindən  530 hektar  buğda və 764 hektar  arpa məhsulu biçilib və yüksək məhsuldarlıq əldə olunub. Bu il əlavə olaraq 519,5 hektar sahədə  pambıq və 70 hektar sahədə şəkər çuğunduru əkilib.
“Aqroinvestment GreenFirm” MMC və “RULEX” MMC aqroparklarında hazırda sahələrin əkinə hazırlığı ilə bağlı meliorativ işlər aparılır, lazımi maddi-texniki bazanın yaradılması üçün tədbirlər görülür.   
Ötən payız Biləsuvarda bu il üçün 15453 hektarı buğda, 14043 hektarı isə arpa olmaqla payızlıq dənli bitkilər əkilib. Sahələrdən 82381 ton məhsul əldə edilib. Hər hektardan məhsuldarlıq 27,9 sentner olub ki, bu göstərici ötənilkindən yüksəkdir. Bundan əlavə, hesabat dövründə yazlıq əkinlər üzrə 1898  hektar tərəvəz, 700 hektar çəltik, 686 hektar şəkər çuğunduru, 527 hektar günəbaxan, 472.2 hektar qarğıdalı, 304 hektar kartof, 113,5 hektar bostan bitkiləri əkilib.
İlin ilk yarısında rayonda heyvandarlıq sahəsində də irəliləyişlər olub. Mal-qaranın sayı 41,8 min başa, davarın sayı 140 min başa çatdırılıb. Bu dövrdə ət istehsalı 3517 ton,  süd istehsalı 13601 ton təşkil edib.    
Rayonda  aparılan tikinti, abadlıq və quruculuq  işləri barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı bildirib ki, şəhərin H.Əliyev küçəsində inşa olunan Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisi sona yetib. Xırmandalı kəndində 40 yerlik uşaq bağçasının tikintisində tamamlama işləri aparılır. Əsgərabad kəndində 4 hektar sahədə inşa edilən və gücü 4 min ton olan pambıq tədarükü məntəqəsinin  tikintisi sona yetib, pambıq emalı müəssisəsinin inşası üçün əlavə 6 hektar torpaq sahəsi ayrılıb.
Azərbaycan ­Respublikası Prezidentinin  “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat vəsait ayrılıb. Hazırda şəhər ərazisində kanalizasiya sisteminin tikintisində son tamamlama işləri aparılır. Bəydili və Xırmandalı kəndlərinə içməli su xəttinin çəkilişi başa çatdırılıb. Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində 52 ədəd bulaq tikilərək istifadəyə verilib.
Kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 9 küçəyə ümumilikdə 6,1 kilometr uzunluğunda asfalt-beton örtük salınıb, iki küçədə asfalt-beton örtüyün təmiri işləri aparılıb. Hazırda küçələrin asfaltlaşdırılması və təmiri davam etdirilir. Bundan başqa, 20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15,4 kilometr olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu tikilib, Zəhmətabad və Bağbanlar kəndlərini  birləşdirən yolda əlavə asfaltlama işi görülüb. 
Ölkə rəhbəri cənab İlham Əliyevin 27 mart 2018-ci il tarixli sərəncamı ilə tezliklə rayonun Muğan kəndində 100 yerlik ümumi orta məktəb üçün modul tipli yeni bina inşa olunacaq. Bu il ali məktəblərə qəbul imtahanlarında birinci turun nəticələrinə görə rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 25 nəfər 600-dən, 59 nəfər isə 500-dən yuxarı bal toplayıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan məktəb-lisey kompleksinin bütün məzunları yüksək balla tələbə adını qazanmağa nail olublar.
Mahir Quliyev çıxışının sonunda bildirib ki, qarşıda böyük vəzifələr durur. Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, aqroparkların salınması, əhalinin məşğulluğunun tam təmin edilməsi  bu sıradandır.
Hesabat iclasında Biləsuvar şəhər icra nümayəndəsi Qabil Xammədov, Biləsuvar Rayon Suvarma Sistemlər İdarəsinin baş mühəndisi Tehrac Eyvazov, rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər. 
 
Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin
 bölgə müxbiri   
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında