Şamaxı: Qazanılmış nailiyyətlər qətiyyət, prinsipiallıq və əzmkarlığın nəticəsidir

 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı Şamaxıda da tənqid və özünütənqid şəraitində keçib.  Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  həsr olunmuş iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. 
 
İlin birinci yarısının  göstəricilərindən danışan natiq  ötən dövr ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrə, aparılan abadlıq-quruculuq işlərinə, həyata keçirilən infrastruktur layihələrinə diqqət yönəldib.  Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Şamaxıda da yüksək templə davam edir.
Ötən 6 ay ərzində rayonda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilib. Bu müddət ərzində ilkin hesablamalara görə  109,5 milyon manat dəyərində ümumi məhsul buraxılıb. Xüsusi olaraq qabardılıb ki, həmin  müddət ərzində  sənaye məhsulunun həcmi 3,3 milyon  manat olub. Həmçinin 2018-ci ilin birinci yarsında əsas kapitala yönəldilən investisiyaların həcmi 38,2 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 37 milyon manat təşkil edib. 
Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması məqsədilə bir çox məqsədyönlü tədbirlər həyata keçirilib. Yeni iş yerlərinə göndərişlər  davam etdirilib. Belə ki, ötən dövr ərzində işə göndərilənlərdən 465 nəfərin əmək müqavilələrinin bir il müddətinə uzadılması təmin edilib, əlavə olaraq 315 nəfər işaxtaran vətəndaşa iş yerlərinə göndərişlər verilib. İlin birinci yarısında rayon üzrə 472 daimi iş yeri açılıb. Ümumilikdə isə, 2003-cü ildən indiyə kimi rayon üzrə 18 min 885 iş yeri yaradılıb ki, bunun da 16 min 214-ü daimi iş yeridir.
Bildirilib ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. İlkin hesablamalara əsasən, görülən tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında  aqrar sektorda 23,7 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 69,8 faizi heyvandarlığin, 30,2 faizi isə bitkiçilik məhsullarının payına düşür. 
Natiq qeyd edib ki, ərzaq bolluğu  yaratmaq və  investisiyanın cəlbi məqsədi ilə rayon ərazisində yaradılmış aqroparklarda ötən müddət ərzində xeyli iş görülüb. “Kürdəmir Süd Emalı Zavodu” MMC-də  1832 hektar taxıl, 464 hektar şəkər çuğunduru əkilib.  Bundan əlavə, ötən müddət ərzində kompleksdə 80 yerlik otelin tikintisi davam etdirilib. Müəssisədə əkilmiş 471 hektar sahənin suvarılması müasir qaydalara uyğun olaraq pivot üsulu ilə həyata keçirilir. 
“Agro Dairy” MMC-də 13 min 800 hektar sahəyə buğda əkilib, “Agro Fresh” MMC-də isə 4,2 kilometr  yolun tikintisi davam etdirilib. Hazırda əraziyə işıq, qaz və su xətlərinin çəkilməsi layihələndirilir. Meysəri kəndinin ərazisində fəaliyyət göstərən “Şirvan Şərabları” müəssisəsi tərəfindən inzibatı binanın, şərab emalı zavodunun, hazır məhsul üçün nəzərdə tutulan anbarın və iaşə obyektlərinin tikintisi işləri ötən dövr ərzində davam etdirilib. Ərazidə 3000 başlıq maldarlıq kompleksinin tikintisi də nəzərdə tutulur. “Mədrəsə Aqro MMC” müəssisəsi tərəfindən 74 hektar sahədə yeni üzüm bağı salınıb.
Bildirilib ki, rayonda üzümçülüyün əvvəlki göstəricilərini bərpa etmək məqsədillə xüsusi tədbirlər həyata keçirilir. Belə ki, Prezidentin  tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1710 hektara çatdırılıb. Bundan əlavə Meysəri kəndinin ərazisində yerləşən “Şirvan Şərabları” müəssisəsində 120 hektar yeni üzüm bağı, 40 hektar isə yeni meyvə bağı salınıb. 
Tikinti-quruculuq və abadlıq işlərindən söz açan natiq qeyd edib ki, şəhərin  B.Mirzəyev, Azadlıq, 20 Yanvar, Gənclər, Şərifzadə, Şəhriyar, Şirvan, M.Ə.Rəsulzadə, H.Əliyev, S.Ə.Şirvani və C.Məmmədquluzadə küçələrində piyadalar üçün yeni səkilər çəkilib, səki hissəsinə asfalt beton örtüyü salınıb, pilləkənlər əsaslı təmir olunaraq aqlay üzlük daşla üzlənilib. 
Şəhərin giriş hissəsində Azpetrol yanacaqdoldurma məntəqəsinin və “ASAN xidmət” binasının təməli qoyularaq inşaat işləri aparılır. Bundan əlavə,  rayonun Göylər kəndində sahə xəstəxanasının tikintisinə başlanacaq. Turizmin inkişafı məqsədi ilə rayon icra hakimiyyətinin sifarişi ilə Dəmirçi kəndindən İsmayıllı rayonunun Lahıc kəndinə yeni 22 kilometrlik avtomobil yolunun tikintisi davam etdirilir. 
Əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdığını qeyd edən natiq deyib ki, hesabat dövründə 338 yeni qazlaşdırma işi aparılıb, 490 ədəd sayğac yenisi ilə əvəz edilib, 369 ədəd sayğacın yeri dəyişdirilib. Şamaxı Xidmət Sahəsi və “Təmiz qaz” tərəfindən aşkar olunmuş 5749   qaz sızması faktıının qarşısı alınıb. 
 “Azərişıq” və Şamaxı Elektrik Şəbəkəsinin balansında olan 10/04 kv-luq 36 ədəd müxtəlif güclü yeni transformatorlara baxış keçirilib və 13 ədəd yeni transformator quraşdırılıb. Həmin transformatorlardan çıxan 0,4 kilovoltluq hava xətlərində 124 ədəd istismara yararsız dayaq və 2,2 kilometr  naqil SİP kabellə əvəz edilib. 
Rayon əhalisini keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 396 ədəd telefon, 447 ədəd internet xətləri çəkilmişdir. 
Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Hazırda 7655 abonentin unvanına sayğaclar quraşdırılaraq içməli su ilə təmin ediliblər. 
Natiq sonda qeyd edib ki, şamaxılılar qarşıda duran bütün vəzifələrin icra edilməsi zamanı  dövlət başçısının ölkənin hər bir vətəndaşından gözlədiyi qətiyyət, prinsipiallıq və əzmkarlığı nümayiş etdirəcəklər. 
İlqar HƏSƏNOV, 
 “Xalq qəzeti”nin
 bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında