2018/2019-cu tədris ilində UFAZ-ın yeni laboratoriyaları istifadəyə veriləcək

2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən, 2500 kv/m-lik ərazidə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub. Bu haqda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib.

“2016-cı ilin sonundan etibarən laboratoriyaların tikilməsinə və əsaslı təmir olunmasına başlanılıb. Artıq işlər yekunlaşmaq üzrədir və 2018/2019-cu tədris ilindən kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə laboratoriyalar istifadəyə veriləcək”, - deyə Vazeh Əsgərov bildirib.

UFAZ-ın icraçı direktoru qeyd edib ki, “laboratoriyalara avadanlıqların alınması və quraşdırılması tamamilə Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikilişi, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edir”.

Qeyd edək ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar vardır. Yeni laboratoriyalardan UFAZ-la yanaşı ADNSU tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı ADNSU-da çalışan alimlərin birgə səyi ilə UFAZ-ın gələcəkdə həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.

 İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.

UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə  təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qəbulu nəzərdə tutulur.

***

UFAZ-a qəbul imtahanında iştirak üçün rekord sayda abituriyent qeydiyyatdan keçib.Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan 520 nəfər abituriyent Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Abitiriyentlərdən 397 nəfəri Azərbaycan, 123 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək istəklərini ifadə ediblər. UFAZ-a qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bal 500-690 arasında dəyişir.

UFAZ-a qəbul üçüncü dəfədir ki, həyata keçirilir. UFAZ-a qəbul imtahanında iştirak etmək üçün 520 abituriyentin qeydiyyatdan keçməsi rekord göstəriciyə imza əldə olunub. Qeyd edək ki, 2016/2017 və 2017/2018-ci tədris illərində UFAZ-a qəbul imtahanlarında iştirak üçün müvafiq olaraq 310 və 427 abituriyent qeydiyyatdan keçmiş, onlardan imtahanlarda iştirak etmiş gənclərin sayı müvafiq olaraq 290 və 385, qəbul olmuş tələbələrin sayı isə 142 və 145 olmuşdur. Əvvəlki illərdə UFAZ-a qəbul olmuş tələbələrin orta balı müvafiq olaraq 585 və 590,5 təşkil etmişdi.

UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. İmtahan prosesi iyulun 25-də saat 10.00-dan 12.00-dək UFAZ-ın tədris korpusunda keçiriləcək. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazacaqlar.

İmtahan nəticələri iyulun 27-də elan olunacaq.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər.

UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında