Azərbaycan-Fransa əlaqələri sürətlə inkişaf edir

Prezident İlham Əliyevin Fransa səfəri ikitərəfli münasibətlərə yeni impuls verəcək
Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. ATƏT-in Minsk qrupunun həmsədri Fransa ilə əlaqələrin daha da gücləndirilməsi və münasibətlərin dinamikasının günün tələbləri səviyyəsinə yüksəldilməsi rəsmi Bakının xarici siyasətində mühüm amillərdən biridir. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa da ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Prezident İlham Əliyevin Parisə səfəri strateji xarakter almış münasibətlərin sürətli inkişafına yeni impuls verəcəyi şübhə doğurmur.
 
Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Vodovoznaya küçəsindəki Mitrofanovun evində Fransanın Nümayəndəliyi yerləşmiş və həmin quruma konsul agenti Yemelyanov rəhbərlik etmişdi. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı, Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdi. 
1991-ci il dekabrın 31-də Sovet İttifaqının süqutu elan ediləndən 3 həftə sonra Fransa rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanımışdı. Belə bir qərarı Türkiyədən sonra qəbul edən Fransa 1992-ci il martın 19-da Bakıda öz səfirliyini açmışdı. Avropanın inkişaf etmiş dövlətlərindən biri olan Fransa həmin tarixdən başlayaraq, Azərbaycanla siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı davam etdirmişdir. Ancaq 1992-ci il martın sonundan 1993-cü ilin axırlarınadək Azərbaycan-Fransa münasibətlərində soyuqluq özünü göstərmiş, ikitərəfli əlaqələrdə qarşılıqlı inamsızlıq və etimadsızlıq hökm sürmüşdü. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkələr arasında münasibətlər yaxşılığa doğru dəyişməyə başlamışdı. Qeyd etmək yerinə düşər ki, 1993-cü ilin sonlarında ümummilli lider Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlamışdır və ulu öndər 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə etmişdi. 
Heydər Əliyev 1993-cü il  dekabrın 19-dan 22-dək Fransaya səfəri zamanı Prezident Fransua Mitteran, xarici işlər naziri Alen Jüppe, parlament rəhbərliyi, ölkənin sənaye - biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirmişdi. Həmin səfər zamanı Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilələr imzalanmışdı. Ən əsası, məhz bu səfər zamanı Azərbaycan lideri ilə görüşündə Prezident Fransua Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan etmiş və münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirmişdi. Fransua Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləmiş və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini demişdi. 1997-ci il yanvarın 13-dən 15-dək ümummilli lider Heydər Əliyev Parisə növbəti rəsmi səfər etmişdir. Prezident Jak Şirakın dəvəti ilə Fransaya ikinci rəsmi səfəri zamanı ulu öndər rəsmi Parisin ATƏT - in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq bundan razı qaldığını söyləmişdi. Həmin səfəri zamanı Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanmış və bu müqavilədən əlavə tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlanmışdı. Həmin ildən etibarən Fransa, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT - in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlamışdı. İkitərəfli münasibətlərin tarixində mühüm məqamlardan biri də budur ki, Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün lazımi addımlar atmışdı. Belə ki, Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərmiş və ulu öndər Heydər Əliyev 14 iyul 2000-ci ildə Fransanın milli bayramı münasibətilə nitqində həmin məsələ və Fransa Prezidenti Jak Şirakla əməkdaşlıq münasibətlərindən razılığını bildirmişdi. 
Görkəmli siyasi xadim Heydər Əliyev 14 iyul 2002-ci ildə Bakıda Bastiliyanın alınması günü münasibətilə etdiyi növbəti çıxışında da Fransa ilə münasibətlərə böyük əhəmiyyət verdiyini belə açıqlamışdı: “Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr, demək olar ki, bütün sahələri – siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk”. 
Ulu öndər rəsmi Parisin Ermənistanla dostluq əlaqələrinə görə Azərbaycanın Fransa ilə sıx əməkdaşlıq edə bilməyəcəyi fikri ilə razılaşmadığını bildirmişdi. Erməni lobbisinin güclü olduğu bir ölkəyə səfər edən ümummilli lider Heydər Əliyev böyük diplomatik səylər hesabına bu dövlətdə  Azərbaycan  barədə yanlış formalaşmış mənfi ictimai rəyi nisbətən aradan qaldırmağa, respublikamızla bağlı həqiqətləri Fransa ictimaiyyətinə dolğun şəkildə çatdırmağa nail olmuşdu. Ulu öndərin Fransaya müntəzəm səfərlər etməsi iki ölkə arasında dinamik inkişafı stimullaşdıran bir sıra saziş və müqavilələrin imzalanması, mühüm razılaşmaların əldə olunması ilə nəticələnmişdi. Bu müqavilələr neft-qaz sənayesi sahəsində əməkdaşlığı, ticarət, investisiyaların qarşılıqlı təşviqi və qorunması, elmi-texniki, humanitar sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tuturdu. Dünyanın vacib güc və siyasət mərkəzlərindən biri olan Fransanın Azərbaycanla əməkdaşlığının daha da dərinləşməsinə, respublikamızın Avropanın müxtəlif strukturları ilə əlaqələrinin güclənməsinə marağı daha da artmışdır. Bundan başqa, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçün də mühüm rol oynamışdır. 
2003-cü ildə Prezident seçilmiş cənab İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etmişdi. O zamandan bu günədək prezident, nazirlər və seçkili orqanlar səviyyəsində ikitərəfli səfərlər davam etdirilməkdədir. 2014-cü ilin may və 2015-ci ilin aprel aylarında Bakıya iki dəfə səfər edən Prezident Fransua Olland ilə Prezident İlham Əliyev arasında dialoq inamlı, səmimi və konstruktiv xarakterli olmuşdur. Bu səfərlər regional, beynəlxalq və vətəndaş cəmiyyəti kontekstində ən kritik məsələləri əhatə etməyə imkan verir. 29-31 yanvar 2007-ci ildə Prezident İlham Əliyevin Fransaya bu ölkədə xüsusi ehtiram sayılan dövlət səfəri baş tutmuşdu. Dövlət başçımızın Jak Şirak, Baş nazir Dominik de Vilpen və Fransanın digər hökumət rəhbərləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu bəyan edilmişdir. Xüsusilə Fransanın Baş naziri Dominik de Vilpen 30 yanvar 2007-ci ildə Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın bütün sahələrdə inkişafı, mədəniyyəti, Azərbaycan-Fransa münasibətləri haqqında çox yüksək fikirlər səsləndirmişdi. O, Aleksandr Düma, Mirzə Fətəli Axundov, Baninə istinad edərək Azərbaycan və Fransa mədəniyyətlərinin hər zaman əlaqədə olduğunu bildirmişdi. Dominik de Vilpen Azərbaycanda gedən sürətli inkişafın cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini davam etdirməsi nəticəsində baş verdiyini açıqlamışdı. O, Azərbaycanı sivilizasiyaların kəsişdiyi, dini tolerantlığın bir çox ölkələrə nümunə olduğu ölkə adlandırmışdı. 
Həmin səfər zamanı əlamətdar mərasim də baş tutmuşdu. Belə ki, Yelisey sarayının “Salon des Aydes de Kamp” salonunda Fransa Prezidenti Jak Şirakın ümummilli liderimiz Heydər Əliyevi vaxtilə təltif etdiyi “Fəxri legionun böyük xaç komandoru” ordeninin Prezident İlham Əliyevə təqdim olunması mərasimi keçirilmişdi. Mərhum Prezident Jak Şirak mərasimdə Fransanın ən layiqli mükafatını – Fəxri legion ordenini ulu öndərə təqdim etmək sevincinin ləzzətini qabaqcadan duyduğunu açıqlamışdı: “Lakin ömür vəfa qılmadı. Ona görə də mən xüsusi bir variant seçdim. Bu variant hələ heç vaxt olmayıb və mən onu ilk dəfə tətbiq edirəm. Yəni mən bu mükafatı Sizə təqdim edirəm”. Onu ulu öndərlə dostluq və hörmət telləri bağladığını vurğulayan Prezident Şirak əlavə etmişdi ki, Heydər Əliyev böyük cazibə qüvvəsinə malik müstəsna bir şəxsiyyət idi. “Yəni öz zəmanəsini, həqiqətən, səciyyələndirən şəxsiyyət idi”, – deyən Fransanın mərhum lideri xüsusi olaraq vurğulamışdı ki, iğtişaşlar və çətinliklər dövründən sonra ümummilli liderin fəaliyyəti sayəsində Azərbaycan sabitlik əldə etdi və öz müstəqilliyini möhkəm təməl üzərində qura bildi. “Heydər Əliyev çox cəsarətlə demokratik islahatlara da yol açdı. Bu islahatlar ölkənizə Avropa Şurasına daxil olmağa imkan verdi. Bir sözlə, Siz bu mirasla, haqlı olaraq, fəxr edə bilərsiniz”, – deyən cənab Şirak çıxışında Fəxri legion ordeninin 200 il əvvəl Napoleon Bonapart tərəfindən təsis olunduğunu bildirmiş və ordeni ulu öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə ona vermək və bununla da, ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynadığını və Fransanın böyük dostu olduğunu vurğulamaq istədiyini açıqlamışdı. 
Cənab Şirak çıxışında Prezident İlham Əliyevin ulu öndərin bu yolda fəaliyyətini davam etdirməyə mütləq çalışacağına və Azərbaycanı demokratiya və hüquqi dövlət quruculuğu yolu ilə irəli aparacağına şübhə etmədiyini də açıqlamışdı. 
Prezident İlham Əliyevin 19-20 iyul 2018-ci il tarixdə Fransaya səfəri də iki ölkə arasında münasibətlərə yeni impuls verəcəyi baxımından yüksək qiymətləndirilir. Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfərə gələn dövlət başçımız fransalı həmkarı ilə müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyini bildirmiş, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransa Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə etmişdir. 
Söhbət zamanı Fransanın aparıcı şirkətlərinin Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlı olduğu açıqlanmışdır. Qeyd etmək lazımdır ki, Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir. Hazırda respublikamızda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və ticarət dövriyyəsi getdikcə artır. Fransız müəssisələri neft və neft məhsullarının istehsalı ilə yanaşı, bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Həmin müəssisələrin bir qismi, həmçinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir. 
Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüş keçirmişdir. Prezident İlham Əliyev bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığını vurğulamışdır. Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalandığını xatırlatmışdır. Bu müqavilələrin reallaşdırıldığı təqdirdə onların həcminin daha da artacağı diqqətə çatdırılmışdır. 
Görüşdə, həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunmuş, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanmışdır. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasında dinamik inkişaf edən siyasi-iqtisadi əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxaracağı şübhə doğurmur.  
 
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında