Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmiz üçün mühüm önəm kəsb edir

Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə gerçəkləşən bu səfər zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldı. Bəzi ekspertlər soruşurdular ki, fransızların hələ də futbol üzrə Dünya çempionatındakı qələbə sevincini yaşadıqları bir zamanda Azərbaycanın dövlət başçısının Parisə səfəri ölkəmiz və xalqımız üçün hansı aspektlərdən önəmli və əlamətdardır?
 
Əvvəla, onu qeyd edək ki, son vaxtlar Emmanuel Makron sürətlə vahid Avropanın siyasi liderinə çevrilməkdədir. Daha doğrusu, o, buna iddialıdır və nəyin bahasına olursa-olsun, məqsədinə nail olmağa can atır. Avropa Birliyinin taleyi də bu gün Almaniya və Fransadan asılıdır. Yəni, bu ölkələr Aİ-nin iki əsas, aparıcı sütunu sayılır və Avropa İttifaqında həlledici qərarları məhz Almaniya və Fransa verirlər. Ona görə də, bu ölkələrlə, xüsusən də Fransa ilə etibarlı əlaqələrə, yaxşı münasibətlərə malik olmaq Avroatlantika məkanına inteqrasiya etmək istəyən hər bir ölkə üçün, o cümlədən, Azərbaycan üçün də çox önəmlidir.
Üstəlik, əgər nəzərə alsaq ki, Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Deməli, onun Azərbaycan üçün əhəmiyyəti ikiqat artır. Emmanuel Makronun özü də sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında daha fəal rol oynamağa çalışır.
Bu səfərin daha bir əhəmiyyətli cəhəti isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi niyyətləri ilə bağlıdır. Özü də bu niyyət birtərəfli deyil. Yəni, təkcə Azərbaycan Fransa ilə yox, eynilə Fransa da Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirmək və gücləndirmək niyyətindədir. Nəzərə alaq ki, son zamanlar Avropada və Qərbdə gedən iqtisadi tendensiyalar Azərbaycanın istər Avropa İttifaqı ölkələri üçün, istərsə də Fransa üçün önəmi daha da artır.
Bu, bir faktdır ki, indi Azərbaycan iqtisadiyyatı ilə Fransa iqtisadiyyatı arasında bir-birini tamamlayan və qarşılıqlı dəstək ola biləcək məqamlar çoxdur. Hazırda Fransa Azərbaycana öz iqtisadi potensialının şaxələndirilməsində və sənaye proqramlarının inkişafında etibarlı tərəfdaş və yardımçı ola bilər. Bildiyimiz kimi, hazırda şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə Fransa da bizə öz fərqli təcrübələrini və texnologiyalarını təqdim edə bilər. Habelə, Fransanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, güclü kənd təsərrüfatı ənənələrinə malik olan Fransa kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verə bilər. Azərbaycan kimi xammalla zəngin olan bir ölkə üçün, əlbəttə ki, bu, sənaye və kənd təsərrüfatı sahəsində dinamik inkişafa təkan verər, eləcə də ən son texnoloji innovasiyalara giriş imkanlarımızı artıra bilər. 
Ətraf mühitin qorunması, alternativ enerjilərdən istifadə, nəqliyyat idarəetmələri, infrastrukturlar kimi vacib sahələrdə də ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar var. Odur ki, bu gün rəsmi Bakı Fransa-Azərbaycan münasibətlərinə uzunmüddətli planda və strateji yanaşma ilə baxır. Elə Prezident İlham Əliyevin Parisdə ən böyük fransız transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər də bunu sübut edir.
Əlisahib HÜSEYNOV, 
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında