Bakıda Beynəlxalq Media Forumu keçirilib

İyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirilib.
 
Forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” media qrupu, Azərbaycan-Türkiyə Evi, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub. 
Tədbirdə müxtəlif ölkələrdən jurnalistlər, deputatlar, QHT təmsilçiləri iştirak ediblər. Forumda Türkiyəni 40-dan çox jurnalist təmsil edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov forumun keçirilməsində əsas məqsədin iki ölkə arasında media əlaqələrinin gücləndirilməsi olduğunu bildirib. O deyib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu, tarixi bir zərurətdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, bizim münasibətlərimizi özündə əks etdirən ən böyük şüardır. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu, çox vacibdir. 
“Təbii ki, media yenilənir, inkişaf edir. Onlayn media, xüsusilə sosial media ayrıca qeyd edilməlidir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər. Biz də sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edirik. Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Buna qarşı ciddi addımlar atılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yanlış aspektlərdən təsvir edilməsinə qarşı mübarizə də buraya aiddir. Bu proseslərin əsl mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Bildiyiniz kimi, erməni diaspor təşkilatları informasiya resurslarından istifadə edərək Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlər həyata keçirirlər. Bunun üçün biz onlara qarşı ciddi şəkildə mübarizə aparırıq. Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığı genişləndirmək vacibdir. Ümid edirəm ki, iki qardaş ölkə arasında media sahəsində əlaqələr daha da güclənəcək”, - deyə Bəhruz Həsənov bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında media ilə bağlı belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin nümunə olduğunu söyləyib. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini vurğulayan səfir Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda, qardaş toplumlara çatdırılmasında medianın rolunun çox böyük olduğunu söyləyib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputat Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə gəlib çatdığını deyib. Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. Ölkələrimiz arasında media sahəsində əməkdaşlığın da təməli möhkəmdir. 
Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb. O bildirib ki, Anadolu Yayımçılar Dərnəyi bundan sonra Azərbaycan mediası ilə sıx çalışacaq. “Xalqlarımız bir-birinə könüldən bağlıdır”, - deyən S.Burhan qeyd edib ki, Türkiyədə kimdən Azərbaycan haqqında soruşsan, bu ölkə ilə bağlı böyük sevgi ilə danışar. 
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib. O qeyd edib ki, xarici ölkələrin media qurumları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atılır. A.Ələsgər Azərbaycan və Türkiyə mediasının hazırkı durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması ilə bağlı müzakirələrin uğurlu nəticələrinin olacağına əminliyini bildirib. 
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyə və Azərbaycanın media sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, xüsusilə də cəmiyyətlərimizdəki mənfi hallara qarşı mübarizədə medianın önəmli rolunu vurğulayıb. Qeyd edib ki, daha güclü strategiya qurmalıyıq. Gəncləri elə yetişdirməliyik ki, mənfi proseslərin iştirakçıları olmasınlar, əksinə, bu proseslərə qarşı çıxsınlar. Bu kimi məsələlərdə medianın üzərinə böyük məsuliyyət düşür. Media daim təftiş etməli, araşdırmalıdır.  
Forum işini panel müzakirələrlə davam etdirib. 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında