Ağdam təkcə ürəklərdə deyil, əməllərdə də yaşayır

Ağdamın işğalından 25 il keçir
1828-ci ildə adı rəsmiləşdirilən Ağdam Şuşa qəzasının Aran Qarabağda ən böyük məntəqəsi kimi sürətlə böyüyüb. Dağlıq Qarabağda erməni muxtariyyəti yaradılandan sonra Şuşanın itirilməkdə olan regional milli- mədəni mərkəz rolu tədricən Ağdama keçib. 
Ağdam rayonunun ərazisinin 77,3 faizi 1993-cü ildə işğal olunub. Əhalisinin 70 faizindən çoxu məcburi köçkün kimi ölkənin bütün rayonlarında məskunlaşıb. Hazırda Ağdam rayonunun işğalda olmayan 22,7 faizində 90 mindən çox əhali yaşayır. Rayonun müvəqqəti inzibati mərkəzi Quzanlı qəsəbəsidir. Ağdam rayonu Qarabağ müharibəsi zamanı 6 mindən çox şəhid verib və 15 nəfər Milli Qəhrəman adına layiq görülüb. 
İşğaldan öncə Ağdamda ət kombinatı, şərab, mexanikləşdirilmiş çörək, konserv, barama toxumu zavodu, xalça fabriki, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, 
2 zavod mövcud idi. Təkcə Ağdam şəhərində 4 orta ixtisas, 1 texniki peşə, 7 orta və bir səkkizillik məktəb, 
5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpələr evi var idi. Ölkəşünaslıq və çörək muzeyləri, 
3 kitabxana, mədəniyyət evi, kinoteatr, 8 xəstəxana fəaliyyət göstərirdi.
 
 
Ağdam rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadratkilometrdir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Zaman keçdikcə bu adın mənası da dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb edən bəyaz görkəmi ilə gəlib-gedənlərə bələdçilik edib. Bu mənada “ağdam” işıqlı, ağ ev deməkdir. 
 
Tarixən, aranlı-yaylaqlı vahid bir bölgə, iqtisadi region olmuş Qarabağ Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmub, min illər boyu əcdadlarımız bu gözəl və münbit vilayəti yağılardan qoruyub, sonrakı nəsillərə saxlayıb. Burada normal həyat üçün mövcud olan bütün təbii-sosial şərtlər tarix boyu düşmənlərimizin, xüsusən, özgə torpaqlarında parazitliyə vərdiş etmiş ermənilərin ağzını sulandırıb. Onlar xalqımıza nökərçilik edə-edə torpaqlarımıza yayılıb, gözəl Qarabağa daha çox tamah salaraq burada da kök atıblar.
Dövlətçiliyimizin zəifləməsindən yararlanıb Azərbaycanın quzeyini işğal edən çar Rusiyası həm burada möhkəmlənmək, həm də onlara yolgöstərənlik etmiş erməniləri mükafatlandırmaq üçün müxtəlif üsullarla Qarabağın yerli əhalisini perikdirib, qonşu ölkələrdəki din qardaşlarını kütləvi surətdə Qarabağın dağlıq hissəsinə yerləşdirib. İşğalçılar Qarabağın aranı ilə dağlıq hissəsini sünü şəkildə bir-birindən uzaqlaşdırmağa başlayıb, bolşeviklər isə burada əsassız erməni muxtar vilayəti yaratmaqla yurdumuzun tarixi əyalətini iki hissəyə ayırıblar.
Bu dövrdə arandan yaylağa gedən yolların qovşağında yerləşən Ağdam bütün düşmən təsirlərin mərkəzinə, körüklənən erməni hiylələrinin, qəsdlərinin hədəfinə çevrilib. Lakin ağdamlıların ayıq-sayıqlığı, yeri gəldikcə düşmən ünsürlərə yerini göstərməsi ilə aran--yaylaq yolları işlək olub, dağlıq hissədə erməni əhatəsinə düşmüş soydaşlarımız köməksiz qalmayıb.
Sonuncu sovet rəhbər Qorbaçovun bədnam “yenidənqurması” dalğalarında erməni separatçılığı daxili və xarici havadarların fitnəsi ilə baş qaldıranda Ağdamın da başının üstünü qara buludlar aldı. Baş verən təxribat, xəyanət və cinayətlərin ən böyük zərbəsi ilk gündən Ağdama dəydi. Düşmən yaxşı bilirdi ki onlara qarşı qeyrət qalası olan Ağdamı çökdürmədən Qarabağə ələ keçirə bilməyəcək. Münaqişə böyüyüb müharibəyə çevrildikcə Ağdama dəyən zərbələr də çoxaldı. Erməni separatizminin arxasında dayanan xarici hərbi-siyasi dairələr və hakimiyyət davasından qaynaqlanan xəyanətlər igid oğullarımızın hünərini heçə endirdikcə Ağdam da Şuşa, Laçın, Kəlbəcər kimi uduzduruldu. 
1993-cü ilin iyununda xəyanətkar qüvvələr Ağdamdakı ağır texnikanı döyüş meydanından çıxararaq Gəncə şəhərinə göndərdi. Ermənilər bundan istifadə edərək müdafiəsiz qalmış ərazilərə hücumlarını gücləndirdilər. Ağdama son hücumda Ermənistan tərəfdən 6 min canlıə qüvvə iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gətirilmiş muzdlu əsgər də var idi.
Ağdamlılar ərazilərimizin işğalına yol verilməməsi üçün döyüşür, itkilər verirdi. Lakin respublikada kürsülərini qoruya bilməyən bədnam qüvvələr özünümüdafiə dəstələri arasına nifaq salmaqla, batalyon komandirləri arasındakı münasibətləri korlamaqla əhali arasında ruh düşkünlüyü yaratdılar. O vaxtkı AXCP–Müsavat hakimiyyəti Ağdamı, ağdamlıları köməksiz vəziyyətdə, düşmənlə təkbətək qoydu. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənlə savaşda 6 mindən artıq şəhid versə də, torpağının hər qarışı övladlarının qanı ilə suvarılsa da, sonda Ağdam şəhəri və onun ətraf kəndləri işğala məruz qaldı. 
Göründüyü kimi, Ağdam 6 illik mübarizə və dəyanətdən sonra birləşmiş düşmən qüvvələri qarşısnda köməksiz qaldı. Nəhayət, 1993-cü ilin 23 avqustunda Ermənistan silahlı quldur birləşmələri havadarlarının güclü hərbi-siyasi köməyi, daxili xəyanətkarların yaratdığı qarşıdurma və hakimiyyətsizlikdən istifadə edib Ağdamın ərazilərinin üçdə ikisini ələ keçirdi. Vəhşiləşmiş, azğın işğalçılar Ağdamın varidatını, əmlakını özülündən damınadək yağmaladılar, yerdə qalan hər şeyi yandırıb kül etdilər.
Həmin günlərdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəyə nəzarətini bərpa edəndən, həqiqi ordu bölmələri yaradandan sonra rayon ərazisində etibarlı müdafiə səddi yaradıldı. Zəruri kommunikasiyalar bərpa edildi. Ev-eşiyindən perik düşmüş 100 minədək əhali hissə-hissə rayona qaytarıldı. Son illərdə Prezident İlham Əliyevin xoş məramı ilə rayon ərazisində müasir qəsəbələr salındı, ağır şəraitdə yaşayan on minlərlə ağdamlı məcburi köçkünün qara günlərinə son qoyuldu. Ağdamın yeni ağ günlərinə işıq salan ümid çırağı yandırıldı.
Bu gün hər bir ağdamlının qəlbində bir təəssüf hissi yaşanır. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının bir qədər gec olmasıdır. Onlar bu fikirdədirlər ki, ulu öndər siyasi hakimiyyətə tez gəlsəydi, Azərbaycan böyük itkilərə məruz qalmazdı və torpaqlarımız da işğal olunmazdı.
Ağdamlılar rayonun işğalının növbəti ildönümünü təkcə itkilərimizin hesabını aparmaqla qeyd etmir, həm də bütün sahələrdə qazanılmış uğurların hesabatını da sabaha böyük inamla nəzərdən keçirirlər. Dirçəldilən və inkişaf etdirilən təsərrüfatlarda indi əhali özünə lazım olandan da artıq məhsul hasilə gətirir. Cəbhəyanı bölgənin yaşayış məntəqələri əvvəlkindən də yaraşıqlı və abaddır. Rayonun yeni mərkəzi kimi qurulan, abadlaşdırılan və böyüyən Quzanlı qəsəbəsində yaradılan zəruri xidmətlər və rahatlıqlar adamların ağdamlı günlərinin kədər və həsrətinin üstünə məlhəm qoyur, yeni ağ günlərdən soraq verir. 
Quzanlı qəsəbəsinin yeni giriş qapısı kimi salınmş bir kilometrdən uzun yaraşıqlı xiyabanı ağdamlılar, haqlı olaraq, rayona qayıdışın “start meydançası” adlandırırlar. Burada Ağdamın ağ günlərinin unudulmaz nişanəsi olan, vaxtilə hind-çin üslübunda ucaldılmış məşhur “Çay evi”nin oxşarının yaradılması isə düşmənə ciddi bir mesajdır: “Ağdama gedən yolun start meydançasında ucalan bu arzular-diləklər peyki Ali Baş Komandan İlham Əliyevin hücum düyməsini basması ilə uçub ağdamlıları Ağdama yetirəcək!”
Bu gün həm də döyüşkənlik rəmzi sayılan və ön xəttə düşmənlə üz-üzə hünərlə dayanan Ağdam əsasən kənd təsərrüfatı rayonudur. İşğaldan öncə ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 40 min hektar əkin var idisə, indi vur-tut 17 min hektar sahədə əkin aparılır. 185 minə yaxın əhalinin 145 minə yaxını məcburi köçkündür. Rayonda yaşayan 90 min nəfər əhalinin 37 min nəfəri yerli, 53 mini isə köçkündür. Ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub.
Bu ilin 6 ayı ərzində də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlər uğurla davam etdirilib. Prezident İlham Əliyevin apardığı genişmiqyaslı quruculuq işləri nəticəsində Bakı şəhəri ilə yanaşı, bütün bölgələr öz simasını dəyişir. Rayonumuzun ərazisində də tikinti-quruculuq işləri ardıcıl davam etdirilir, yaşayış məntəqələri gündən-günə abadlaşır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Muğam Mərkəzinin tikintisi başa çatdırılıb. Hazırda binanın həyətində son tamamlanma işləri aparılır. Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsində tikinti işləri başa çatdırılıb. 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 kilometr olan Quzanlı-­İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları sakinlərin istifadəsinə verilib.
Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəbin tikintisi isə davam etdirilir. Boks və taekvando məktəblərinin polis şöbəsinin, prokurorluğun, elektrik şəbəkəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılıb, layihələndirmə işləri aparılır. 
Quzanlı qəsəbəsində akademik Xudu Məmmədov adına küçəyə asfaltbeton örtüyü salınıb. Quzanlı qəsəbəsi ərazisində digər yollara çınqıl tökülüb.
Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi daim RİH-in diqqət mərkəzindədir. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin normal fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. İlin əvvəlindən 3078 yeni iş yeri açılıb ki, bunun da 280 daimi, 2798 mövsümüdür.
6 ayda ümumi məhsul istehsalının həcmi 57 milyon 786 min manat olub, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 616,7 min manat və ya 4,7 faiz çoxdur. Sənaye istehsalı 6 milyon 205 min manat, kənd təsərrüfatı məhsulu 39 milyon 660 min manat, ticarət dövriyyəsi 7 milyon 25 min manat, informasiya və rabitə xidməti 187 min manat, nəqliyyat və anbar təsərrüfatı 499 min manat olmuşdur. 2018-ci ilin 6 ayı ərzində tikinti- quraşdırma işlərinin həcmi 4 milyon 210 manata çatmışdır.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə də xüsusi fikir verilir. 6 ayda 190 nəfər fiziki şəxs qeydiyyatdan keçib.
Onlar xidmət, ticarət, kənd təsərrüfatı, nəqliyyat və emal sahələri ilə məşğul olurlar. Rayonda əhalinin rifahının yaxşılaşdırılması, məhsul bolluğu yaradılması üçün sahibkarlara əlverişli şərait yaradılır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir. 
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin sənədə əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdu. İndiyədək 18 tədbir gerçəkləşdirilib, 5 tədbir isə icra olunur.
Hazırda rayonda kənd təsərrüfatının istehsalı ilə məşğul olan 12 kəndli-fermer təsərrüfatı 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8500 ailə təsərrüfatı var. Bu mövsümdə də aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. Kənd əhalisinə pay torpaqlarından səmərəli istifadə etmələri üçün kömək göstərilir. Taxıl zəmilərində alağa və gəmiricilərə, pambıq tarlalarında sofkaya qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Təbii su mənbələri işğal olunan ərazilərdə qaldığı üçün əkin sahələrinin suvarılması yalnız subartezian quyuları vasitəsilə aparılır. Əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 843 subartezian quyusundan, 4 nasos stansiyasından, 4 suyığıcı göldən, 11 kəhrizdən istifadə edilir.
Bu il 3100 hektar sahədə pambıq əkilıb. Pambığın becərilməsi və vaxtında suvarılmasının təmin edilməsi məqsədi ilə rayon qərargahı yaradılıb. İlin 6 ayında 351 hektardan 5 min 408 ton kartof, 4 min 567,2 hektardan 18475 ton tərəvəz istehsal olunub.1569,5 hektar sahədə təzə yonca, 537,1 hektarda şəkər çuğunduru əkilib. 2181 hektardan 7 min 505 ton arpa, 14055 hektardan 4 min 655 ton buğda biçilib, hər hektardan məhsuldarlıq 37,1 sentnerə çatıb. Bu mövsümdə 20,8 ton barama əldə edilib. İri malın sayı 40 min 536, davar 103 min 571 başa çatdırılıb. 6 ayda ət istehsalı 2 min 182 ton, süd 18 min tona yüksəlib. Yumurta istehsalı 6, 9 milyon ədəd olub.
25 ildir ki, dünyanın aparıcı dövlətləri ikili standartlarla nəinki Ağdamın işğalına hətta Qarabağın erməni vandalizminin qurbanına çevrilməsinə göz yumur. Xarici himayədarlarının dəstəyinə arxalanan hiyləgər düşmən isə işğal altında olan ərazilərdə narkotik yetişdirməkdən tutmuş, müxtəlif çirkin işləri həyata keçirməkdə davam edir. Ermənistan BMT-nin 5 qətnaməsini 25 ildir ki, qulaqardına vurur, beynəlxalq aləm isə bu məsələyə göz yummaqda davam edir.
Lakin bütün bu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı bu gün də davam etməkdədir. Ağdamlılar düşmənlə üz-üzə mərd-mərdanə dayanıb. Həyat isə öz axarı ilə davam edir. Rayonun sosial-iqtisadi inkişafı sahəsində görüləsi işlərimiz çoxdur. Biz bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım olan bütün tədbirləri görməliyik.
Onu da qeyd edim ki, artıq ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu düşmənə yeri gəldikcə vurulan zərbələr də sübut edir. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi – bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Günün həqiqəti budur ki, düşmən öz haqsızlığını və gücsüzlüyünü anlayıb torpaqlarımızı geri qaytarmasa, ordumuz Ali Baş Komandan İlham Əliyevin əmri ilə azğın işğalçını güclü həmlə ilə əzib ərazilərimizdən qovacaq. Ağdamlılar bu savaşa ön xətdə olduqlarına görə, ilk növbədə, hazırdırlar.
Allahverən ƏLİYEV,
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında