Dövlət müstəqilliyimiz milli jurnalistikamızı həqiqi söz azadlığına qovuşdurmuşdur

Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.
Heydər ƏLİYEV
Ümummilli lider
 
 
Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün ­azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük ­addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və ­dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 
 
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində önəmli yer tutan anadilli jurnalistikamızın yaranması və keçib gəldiyi inkişaf yolu ictimai fikir tariximizdə məfkurəvi mərhələnin – milli oyanış, dövlətçiliyin bərpası və yaşadılması epoxasının öyünclü səhifələri kimi dəyərləndirilir və daim qədirbilənliklə yad edilir. Milli mətbuatımızın ərsəyə gəlməsinin builki ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley təntənələrinin davam etməkdə olan yüksək əhval-ruhiyyəsi ilə müşayiət olunur. 
 
İlk anadilli qəzetimiz “Əkinçi”nin nəşrə başladığı 22 iyul 1875-ci il tarixinin dövlət müstəqilliyi dövründə Milli Mətbuat və Jurnalistika Günü kimi təsbit olunması xalq qədirbilənliyinin, tarixi ədalətin daha bir görkü və örnəyi oldu. Bu günün cəmiyyət üçün əlamətdarlığı onun hər il böyük təntənə ilə qeyd olunmasını ənənəyə çevirmişdir. 22 iyula hər il məxsusi tarixi məna və ümumxalq önəmi daşıyan günlərdən biri kimi nəzər salınır, ötən onilliklərin uğurları, acıları yada salınır, müstəqillik dövründə demokratik jurnalistikamızın həqiqi söz azadlığına qovuşması dərin məmnunluqla vurğulanır.
143 il əvvəl iyulun 22-də xalqımızın milli oyanış, özünüqoruma və özünütəsdiq zərurətindən qaynaqlanmış ilk müstəqil milli qəzetimizin yaranması çoxəsrlik mədəni tariximizdə yeni bir hadisə, ciddi bir başlanğıc olmuşdu. Çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində imperiyanın tərkibinə qatılmış Quzey Azərbaycanda və bütövlükdə, Qafqazda türk-müsəlmanların geniş yayıldığı ərazilərdə milli oyanış düşüncəsini xalqçılıq hərəkatına, daha sonra isə istiqlal məfkurəsinə yönləndirmiş böyük maarifçi-demokrat Həsən bəy Zərdabi ilk milli qəzetimizi min bir əziyyətlə ərsəyə gətirməklə zamanın tələbatını cavablandırmışdı. 
“Əkinçi” qəzetinin ilk sayının işıq üzü görməsi kimi tarixi hadisəni möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim günlərdə belə qiymətləndirmişdir: “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır”.
Hər bir qəzetin mənsub olduğu xalqın və ölkənin aynası olması reallığından çıxış edən Həsən bəy bir qələm əhli kimi birinci vəzifənin həqiqəti yazmaq olduğunu bəyan etmişdi. Hakim dairələrin ictimai-siyasi mövzunu yasaqladığı bir dövrdə “Əkinçi” Zərdabinin nadir istedadı, sonsuz Vətən sevgisi sayəsində əsl xalq qəzeti kimi çıxmış, dövrün işıqlı qüvvələrini ətrafında toplaya bilmişdi. Bu həqiqi xalq qəzeti geriliyi, cəhaləti hədəfə aldığından, yeniliyə çağırdığından mürtəce məmur rejimi və gerizəkalılıqla toqquşmuş, fəaliyyətini 56-cı nömrəsindən sonra, nəşrinin 2-ci ilində (29 sentyabr 1877-ci il) dayandırmalı olmuşdu. 
Haqlı olaraq deyildiyi kimi, “Əkinçi”nin səpdiyi toxumlar sonrakı illərdə sürətlə cücərmiş, yandırdığı məşəl ictimai-siyasi və mədəni aləmin qaranlıqlarına gur işıq saçmışdır. Ana dilində qəzet buraxmağın mümkünlüyü və gərəkliyi dövrün başqa ziyalılarını da hərəkətə gətirmişdir. Səid və Cəlal Ünsizadə qardaşlarının Tiflisdə və Şamaxıda buraxdıqları “Ziya” (1879--1880), “Ziyayi-Qafqaziyyə” (1880--1884), “Kəşkül” (1883--1891) milli mətbuatımızın növbəti addımları kimi tarixə düşmüşdür. Bu illərdə Bakıda rusca buraxılan “Kaspi” qəzetinin ana dilində milli burjuaziya nəşrinə çevrilməsi, Həsən bəy Zərdabinin dəstəyi və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə çıxması da sanballı mətbuat hadisəsi olmuşdur. 
XX əsr Azərbaycan demokratik mətbuatının və məfkurəvi publisistikasının tarixində yüksəliş və inkişaf doğurmuşdur. Belə bir şəraitdə böyük ictimai xadim Həsən bəyin hərəkətə gətirdiyi mətbu fəaliyyət platformasında onun yetirmələri və davamçıları hümmətçilik anlayışını milliyyətçilik düşüncəsi müstəvisinə keçirmişlər. Məhəmmədağa Şahtaxtlının buraxdığı “Şərqi Rus” (1903-1905) qəzeti milli mətbuatımıza yeni ictimai mövzular, ciddi yazarlar, azərbaycançılıq axtarışları gətirmişdir. 
İlk anadilli burjuaziya nəşrləri “Həyat” qəzeti (1905-1906) və “Füyuzat” jurnalı (1906-1907) Əhməd bəy Ağayevin və Əli bəy Hüseynzadənin redaktorluğu ilə mətbuatımızı ictimai-siyasi məzmunla, istiqlal məfkurəsi ilə qovuşdurmuşdur. Haşım bəy Vəzirovun, Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının, Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin və digər ziyalıların qəzetçilik və publisistik fəaliyyəti Həsən bəy Zərdabi məramının və əməllərinin yayılmasına, milli oyanış prosesinə cəlb edilmiş oxucunun tələbatının cavablandırılmasına xidmət etmişdir. 
1906-cı il aprelin 7-də Tiflisdə böyük yazıçı-demokrat Cəlil Məmmədquluzadə və tanınmış publisist-pedaqoq Ömər Faiq Nemanzadənin nəşr etdirməyə başladıqları “Molla Nəsrəddin” satirik jurnalı “Əkinçi”nin xalqçılıq yolunu tutaraq, Azərbaycan həqiqətlərini gündəmə gətirmək uğrunda barışmaz bir mübarizə cəbhəsi yaratmışdır. “İrşad” (1906-1907), “Tazə həyat” (1907-1908), “Tərəqqi” (1908-1909), “Həqiqət” (1909-1910), “Səda” (1910-1911), “Açıq söz” (1915-1918) kimi ictimai-siyasi, ədəbi-bədii qəzetlər milli demokratik jurnalistikamızı ideya, məzmun, peşəkarlıq baxımından zənginləşdirmiş, istiqlal məfkurəsini formalaşdırmış və yetkinləşdirmişdir. XX əsrin əvvəllərində ilk qadın nəşri “İşıq” (1911-1912), ilk uşaq və məktəb jurnalları – “Dəbilstan” (1906-1908), “Məktəb” (1911-1920), “Rəhbər” (1919) yaranmış, milli təhsilin inkişafına, mədəni oyanışa çıraq tutmuşdur.
Bu mətbu yüksəlişin təkan verdiyi ictimai-siyasi inkişaf prosesi isə qısa bir zamanda dövlətçilik düşüncəsini formalaşdırmış, tarixi şərait fürsət verən kimi – Rusiya imperiyasının çöküşündən az sonra, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. O zaman milli dövlətçiliyin bərpasını şərtləndirən amillər sırasında milli hökumətin demokratik mətbuat siyasəti də gerçəkləşmişdi. Beləliklə, bir əsr əvvəl itirilmiş dövlətçiliyimizin bərpası zəminində jurnalistikamızda da yeni bir mərhələ açılmış –  müstəqil dövlətimizin adını daşıyan ilk rəsmi qəzet “Azərbaycan” nəşrə başlamışdır. Bütün bunlara görə Azərbaycan milli mətbuatının yaranmasının ildönümləri hər dəfə milli oyanışın, məfkurəvi toparlanmanın da keçib gəldiyi yolu, onun önəmli fakt və hadisələrini də yada salır.
1918-ci ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi Gəncədə nəşrə başlayıb, Bakıda fəaliyyətini davam etdirən “Azərbaycan” (1918-1920) milli demokratik jurnalistikamızın təcrübəsi və ənənəsi əsasında yaranan yeni tipli ictimai-siyasi tribuna idi. Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, Şəfi bəy Rüstəmbəyov və Xəlil İbrahimin redaktorluğu ilə çıxmış ilk rəsmi qəzetimiz “Azərbaycan” AXC hakimiyyəti dövrünün əhatəli, mötəbər salnaməsini yaratmışdır.
1920-ci il 28 aprel işğalı və AXC-nin süqutu ilə min bir çətinliklə yaranıb uğurlu addımlarını atmış demokratik jurnalistikamız susdurulmuş, yaranmış kommunist diktaturasının tələblərinə uyğun olaraq bolşevik mətbuatının geniş fəaliyyətinə imkan yaradılmışdır. Lakin 71 illik kommunist epoxasının partiya-sovet mətbuatı adı ilə tanınan bir sıra nəşrləri ideoloji çərçivədə fəaliyyət göstərsə də, milli jurnalistikamız sonrakı dövrdə də peşəkarlıq və texnoloji baxımdan inkişafını davam etdirmişdir.
Demokratik mətbuatımızın milli-mənəvi varlığımızı əks etdirmək, köklü maraqları diqqətdə saxlamaq təcrübəsi və ənənəsi açıq-gizli formalarda kommunist mətbuatı daxilində yaşadılmışdır. O illərdə buraxılmış “Kommunist” (indiki “Xalq qəzeti”), “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “İdman”, “Ədəbiyyat və incəsənət” kimi qəzetlər, “Azərbaycan kommunisti”, “Azərbaycan”, “Ulduz”, “Göyərçin”, “Pioner”, “Azərbaycan təbiəti”, “Gənclik” kimi jurnallar milli jurnalistikamızın professional inkişafı ilə yanaşı, həm də kommunist epoxasının salnaməsi olaraq önəmlidir. Sovet dövründə dövlətin yaratdığı anadilli radio (1926) və televiziya (1956) milli jurnalistikamızın yeni yönlərini formalaşdırmış, dövrün audio və kino-video salnaməsini yaratmışdır.
1988-ci ildən başlanan milli azadlıq və ərazilərimizin müdafiəsi zəminində xalq hərəkatı demokratik jurnalistikamızın dirçəldilməsini zərurətə çevirmişdir. “Vətən səsi”, “Azərbaycan”,  “Meydan”, “Ana dili”, “Azadlıq”, “Yeni fikir”, “Səs”, “İki sahil” kimi yeni nəşrlər günün həqiqətlərini, xalqın həqiqi maraqlarını əks etdirməyə başlamışdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi kommunist jurnalistikasının varlığına son qoymuş, azad mətbuatın inkişafına siyasi-mənəvi, sosial-iqtisadi əsaslar yaratmışdır. 
Dövlət müstəqiliyinin ilk illərindən əksər siyasi qurumlar, sosial təbəqələr, ayrı-ayrı fəaliyyət sahələri öz nəşrlərini yaratmışlar. Köhnə qəzet-jurnallardan auditoriyasını saxlayan, müstəqillik platformasını qəbul edən və fəaliyyətini yeniləşdirə bilən qəzet-jurnallar da nəşrini davam etdirmişdir. Dövlət teleradiosu milli dövlətçiliyin, müstəqilliyin xidmətinə keçmişdir. Yeni özəl radio və televiziya şirkətləri də fəaliyyətə başlamışdır. Qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə demokratik cəmiyyətin informasiya ruporu olan “İctimai” teleradio yayımları gerçəkləşdirilmişdir.
Müstəqillik dövrünün ilk illəri azad jurnalistika üçün problemsiz, ağrı-acısız ötüşməmişdir. Qarabağ müharibəsi, iqtisadi tənəzzül, siyasi hərc-mərclik şəraitində qəzet-jurnal bolluğu yaransa da, onların xaotik fəaliyyəti azad mətbuatın inkişafına müəyyən maneələr yaratmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həyatın bütün sahələrində olduğu kimi, milli jurnalistikamızın inkişafında da önəmli rol oynamışdır.
Ulu öndərin təşəbbüsü, qayğı və dəstəyi əsasında ölkədə söz azadlığının, demokratik media fəaliyyətinin hüquqi-normativ əsasları yaradılmışdır. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyasında söz və mətbuat azadlığı prinsipləri öz əksini tapmış, sonrakı illərdə KİV, informasiya azadlığı, teleradio fəaliyyəti və s. haqqında qanunlar qəbul edilmişdir. Azad jurnalistikanın inkişafını təmin edən zəruri, təsirli tədbirlər həyata keçirilmişdir.
1998-ci ildə milli mətbuatımızın tarixində mühüm hadisə baş vermişdir: ümummilli lider Heydər Əliyev KİV üzərində senzuranı ləğv etmişdir. Ulu öndərin KİV-in inkişafına göstərdiyi ardıcıl diqqət və qayğı onun 2002-ci ildə “Jurnalistlərin dostu” elan edilməsi ilə cavablandırılmışdır.
Böyük rəhbərin idarəetmə kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də mediamızın ehtiyaclarının, jurnalistlərin sosial problemlərinin aradan qaldırılmasına davamlı köməyi ilə təkrar-təkrar “Jurnalistlərin dostu” adını qazanmışdır. Hazırda Azərbaycanda KİV-ə fəal dövlət dəstəyi siyasəti həyata keçirilir. Mediamız qazandığı mötəbər himayə ilə xalq və dövlət maraqlarına daha inamla və geniş imkanlarla xidmət göstərir.
Prezident İlham Əliyev Azərbaycan jurnalistikasının tarixi uğurlarından, ölkədə yaranmış indiki azad, demokratik KİV sistemindən söz açaraq bildirmişdir: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur”.
Yeri gəlmişkən deyək ki, xalqın zəruri ehtiyaclarını daim diqqətdə saxlayan Azərbaycan dövlətinin xalq üçün fəaliyyət göstərən jurnalistikamızı da yaddan çıxarmaması ölkəmizdə KİV-in inkişafı üçün əlavə stimullar yaratmışdır. Lakin nədənsə, son vaxtlar adını “azad media təəssübkeşi”qoyan bəzi yazarlar KİV-ə dövlət dəstəyi konsepsiyasına uyğun olaraq onun inkişafına yardım göstərilməsini, xüsusən, bütün dünyada çətinlikləri müxtəlif üsullarla dəstəklənən çap mediasına vaxtaşırı maliyyə yardımı göstərilməsini lüzumsuz müzakirələrə mövzu edirlər. Təəssüf ki, KİV-i Azərbaycan dövlətinə təzyiq vasitəsinə çevirməyə çalışan xarici pozucu dairələrin diqtəsini yerinə yetirən uğursuz media təmsilçilərinin arasında dövlətin maliyyə yardımlarını həvəslə qəbul edən “media kapitanları” da var. 
Mövzunun davamı olaraq bildirək ki, milli mətbuatımızın 120, 125, 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin böyük qrupunun fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, jurnalistlərin böyük qruplarına mənzillər verilməsi azad mətbuatın vətəndaş cəmiyyətinə xidmətlərinin layiqincə qiymətləndirilməsi kimi jurnalistikamızın yeni tarixinə qırmızı xətlərlə yazılmışdır. Xalq və dövlətimiz milli mətbuatımızın ildönümlərini böyük sayğı və təntənə ilə qeyd edir, cəmiyyətin cari mesajlarını media ictimaiyyətinə çatdırır. Xalq milli jurnalistikanı sevir, dövlət onun rolunu və xidmətlərini dəyərləndirir, inkişafına dəstək verir. Mediamız isə xalqa və dövlətçiliyə xidməti hər şeydən uca tutur.
Azərbaycan milli mətbuatının 143 illik tarixində ən uzunömürlü gündəlik anadilli qəzet olan “Xalq qəzeti”nin (1991-ci ilə qədər “Kommunist”) nəşrə başlamasından artıq 99 il keçir. Özünəqədərki milli jurnalistika təcrübəsi və ənənəsi üzərində yaranıb inkişaf edən bu qəzet avanqard rolu və ardıcıl fəaliyyəti ilə mətbuatımızın canlı məktəbinə çevrilmişdir.
Azərbaycanın son 9 onillikdə davamlı olaraq çıxmış yeganə gündəlik anadilli nəşri “Xalq qəzeti” mətbuatımızın yaranmasının növbəti ildönümü günündə özünün sadiq oxucuları ilə görüşünə 28837-ci nömrəsi ilə gəlib. Milli mətbuatımızın əsryarımlıq tarixində ikinci bir qəzetə bu qədər nömrəsinin buraxılması nəsib olmamışdır.
“Xalq qəzeti” bir cəhəti ilə də xüsusi fərqlənir. Bu onun son bir əsrdə yaranmış 4 respublikanın hamısının dövründə fəaliyyət göstərməsidir. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat azadlığı üçün yaratdığı demokratik şəraitdə Bakıda türk-müsəlman sosial-demokratların nəşri kimi 1919-cu ilin 29 avqustunda ilk nömrəsi ərəb qrafikalı əski əlifba ilə çıxan “Kommunist” qəzeti bu adla 
72 il çap olunmuşdur.
1920-ci ilin 28 aprel çevrilişindən sonra respublikanın yeni hakimiyyət orqanlarının rəsmi nəşri kimi 1991-ci ilin avqustunda Kommunist Partiyasının çöküşünədək 21535 nömrəsi çıxan qəzet həmin vaxtdan fəaliyyətini “Xalq qəzeti” adı ilə davam etdirmişdir. Qəzet tarixi dönüş məqamında öz müstəqilliyinə imza atmaqla Azərbaycanın dövlət müstəqilliyini 56 gün qabaqlamışdır.
“Xalq qəzeti” bir əsrə yaxın gündəlik nəşr kimi hər bir nömrəsində ötən günün operativ xronikasını əks etdirmiş, gələn günə işıq salmışdır. Bu qocaman qəzet bütövlükdə son 99 ilin nəhəng salnaməsidir. “Kommunist” qəzeti rəsmi dairələrin orqanı kimi nəşr olunsa da həmişə xalqın maraqlarını əks etdirməyə çalışmışdır. XIX əsrin sonu və XX əsrin ilk 20 ili ərzində yaranıb formalaşmış milli demokratik mətbuatımızın ənənələri qəzetin redaksiyasında davam və inkişaf etdirilmişdir.
Sovet dövrünün tarixən mütərəqqi və ziddiyyətli, sevincli və kədərli bütün prosesləri ilk gündən qəzetin səhifələrində silinməz izlər buraxdığından bu gün 71 illik kommunist rejimi barədə əhatəli və zəngin məlumat mənbələrindən biri olaraq qəzetin toplularına geniş istinad edilir. Təsərrüfat quruculuğunda, elm, təhsil, mədəniyyət və digər sahələrdə xalqımızın sovet dövründə qazandığı nailiyyətlərin davamlı mənzərəsini bu qəzetin səhifələrində izləmək mümkündür. Dövrün səhvləri, haqsızlıqları, sapmaları da eyni dərəcədə qəzetin yaddaşında qorunub saxlanır, zamanın ibrət dərsləri kimi bugünkü nəsillərə doğru yolu nişan verir.
Ötən onilliklərdə qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirmiş, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının avanqardı və lokomotivi rolunu oynamışdır. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdır.
Qəzetin fəaliyyətində həmişə özünü aydın göstərmiş milli-mənəvi varlığımıza sədaqət təmayülü sovet rejiminin iflasa uğradığı dövrdə aparıcı xəttə çevrilərək Azərbaycanın dövlət müstəqilliyi uğrunda ümumxalq mübarizəsi ilə qovuşmuşdur. Suverenliyimizin ilk dövrünün çətinlikləri, büdrəmələri qəzetin fəaliyyəti üçün də səciyyəvi olmuşdur. Redaksiya kollektivi ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdışını hərarətlə alqışlamış, ulu öndərin xilaskarlıq missiyasına böyük informasiya dəstəyi göstərmişdir. Tarixi Qayıdış və Qurtuluş dönəmi öz mahiyyəti və məzmunu ilə “Xalq qəzeti”nin yeni tarixi şəraitdə rəsmi qəzet olaraq öncül mövqeyini bərpa etməsi və problemlərini aradan qaldırması üçün mənəvi-siyasi özülə, mövcudluq platformasına çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşrə başlayan, sovet epoxasının “baş qəzeti” olan bu qocaman nəşr öz tarixinin indiki mərhələsində fəaliyyətini uğurla davam etdirməsi üçün ulu öndərə borcludur. 1994-cü ilin avqustunda qəzetin 75 illiyi münasibətilə kollektivə təbrikində “Xalq qəzeti” barədə söylədiyi yüksək fikirlərlə Prezident Heydər Əliyev onun yeni tarixi dövrün sınağından çıxmasına mənəvi-siyasi dəstək göstərmişdir.
“Xalq qəzeti” ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə gəlişindən sonra müstəqilliyin möhkəmləndirilməsi, islahatlar yolu ilə köhnə cəmiyyətin sivil quruluşa transformasiya olunması kursunun xidmətindədir. Ümummilli liderin ideya və əməllərinin layiqli davamçısı Prezident İlham Əliyevin son 15 ildəki hərtərəfli inkişaf və tərəqqini təmin edən siyasəti də qəzetin səhifələrində ardıcıl və geniş əksini tapmaqdadır. 
143 il əvvəl Həsən bəy Zərdabi xalqı oyatmaq və bəşəri tərəqqiyə qoşmaq üçün öz “Əkinçi”sini yaratmışdı. “Xalq qəzeti” də öz sözü ilə, yazıları ilə xalqımızın düşüncə və davranışlarında əkinçi işi görmüş, çox sayda faydalı toxumlar səpib göyərtmişdir.
Azərbaycan dövlətçiliyinin bərpa edilməsinin müjdəçisi olmuş yeni demokratik mətbuatımız ötən 27 ildə azadlıq və müstəqillik dəyərlərinin təbliğçisi olmuşdur. Formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik jurnalistikamız dövlətin fəal dəstəyi ilə irəli getmiş, cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa çalışmışdır. Bu gün ölkədə ictimai rəyin formalaşmasına təsir edən, sabit oxucu auditoriyası qazanan ciddi nəşrlər daha çox diqqət mərkəzindədir.
Bu ayın birinci ongünlüyündə Azərbaycana düşmən dairələr ölkənin enerji sistemində baş vermiş qəza və Gəncə şəhərində törədilmiş siyasi qəsd ətrafında iğtişaşlar, kütləvi itaətsizlik mühiti yaratmağa cəhd göstərərkən ölkə mediasını da bu üzdəniraq qəsdə qoşmaq üçün min oyundan çıxdı. Lakin aparıcı media vasitələri milli maraqların, həqiqətin tərəfində dayandı, fitnə-fəsadları rədd edərək xalqı dövlətçiliyimizin müdafiəsinə səslədi. Bununla da növbəti dəfə Azərbaycanın müstəqilliyinə qənim kəsilənlərin əli boşda, niyyəti gözündə qaldı. Təəssüf ki, özgələrə nökərçilik düşüncəsindən xilas ola bilməyən bəzi bədnam dönüklər, xəyanətkar ünsürlər, onlarla bir mövqedə dayanan təsadüfi yazarlar yenə düşmənlərə xidmət göstərdilər və xalq haqlı olaraq, bu iflasa uğramışları lənətlədi, Vətən xaini olduqları üçün onların cəzalandırılmasını tələb etdi. Bu hadisələr bir daha sübut etdi ki, artıq müstəqil ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuşdur. 
Azərbaycan jurnalistləri milli jurnalistikamızın doğuluş gününün ildönümünü qazanılmış tarixi uğurlar, cəmiyyətin hərtərəfli inkişafından doğan optimizmlə qeyd edirlər. 
Həsən bəy Zərdabinin Azərbaycanı sivil bir məmləkət kimi görmək arzusundan yaranmış “Əkinçi” qəzetində əksini tapmış əksər istək və niyyətlər artıq tarixi reallığa çevrilmişdir. Azərbaycan regionun lider dövləti, dünyanın ən sürətlə inkişaf edən, yeniləşən ölkəsidir. Bütün bunlar azad, demokratik mediamızı da yeni uğurlar meydanına çıxarmışdır.
Sonda Azərbaycan jurnalistlərini 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin ən qocaman qəzet kollektivi adından səmimi təbrik edir, həmkarlarımıza vətənimizin çiçəklənməsi və azad medianın inkişafı yolunda yeni uğurlar arzulayıram.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar jurnalist

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında