Ağsu: nəzərəçarpacaq işlər görülüb

2018 - ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında səsləndirilən hesabat məruzəsi, sözün həqiqi mənasında, çoxsaylı uğurlardan, fakt və rəqəmlərdən ibarət idi. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsində qeyd edilirdi ki, hesabat dövründə Ağsuda nəzərəçarpacaq işlər görülüb, əhalinin həyat səviyyəsi yüksəldilib, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunub.
 
 Qeyd edildi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən III Dövlət Proqramı da uğurla başa çatdırılmaq üzrədir. Bu müddətdə yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb, sosial problemlərin həllinə qayğı göstərilib. Yollar, küçə və meydanlar asfaltlaşdırılıb və abadlaşdırılıb. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri fəaliyyətə başlayıb, nəticədə yeni iş yerləri açılıb və əhalinin məşğulluğu təmin edilib. 
Baramaçılığı inkişaf etdirmək məqsədilə ölkəmizə Çin Xalq Respublikasından gətirilmiş yüksək məhsuldar tut tinglərindən 48 min ədədi Ağsu rayonu təsərrüfatlarına təhvil verilib və mütəxəssislərin köməyi ilə əkilib. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 15 min ədəd tut tingi gətirilərək təsərrüfatlara paylanılıb və əkilməsi təmin edilib. Əkilmiş tut tinglərinin becərilməsi lazımi qaydada aparılır.
Rayonun 15 kənd inzibati ərazi dairəsi üzrə 87 vətəndaşa paylanılmış barama qurdunun bəslənməsi prosesində 502 nəfər işlə təmin edilib. Kümçülər tərəfindən 10 min 935 kiloqram barama yetişdirilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu isə əvvəlki illə müqayisədə 5443,75 kiloqram çoxdur.
 Bildirildi ki, 2018-ci il üçün rayon üzrə 2600 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə 19 inzibati ərazi dairəsində 167 istehsalçı ilə müqavilə bağlanıb, 2600 hektar sahədə şum çıxarılıb və çiyid səpini aparılıb. Sahələrdə normal çıxış alınıb. Bütün torpaqlar suvarılan ərazilərdir. Hazırda becərmə işləri aparılır. Pambıq əkilən sahələrin infrastrukturu ciddi şəkildə nəzərə alınıb. Su mənbəyi, suvarma və kollektor-drenaj şəbəkəsi olan və meleorativ cəhətdən əlverişli torpaqlar müəyyən edilib. Pambıq sahələrinin suvarılması Yuxarı Şirvan Kanalı, Yuxarı Şirvan Kanalının Ağsu maşın qolu, Ağsu çayı, Girdiman çayı və Cavanşir su anbarı vasitəsilə həyata keçirilir. 
İlin ilk altı ayında rayonun ümumi məhsul buraxılışının həcmi 97 milyon manatdan çox, adambaşına düşən ümumi məhsul buraxılışı isə 1218,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1177,8 min manat (16,4 faiz) və 134 manat (12,4 faiz) çoxdur. Ümumi məhsul buraxılışının 9,3 faizi tikintidə, 32,4 faizi ticarətdə, 52,9 faizi kənd təsərrüfatında, 3,4 faizi sənayedə, 1,8 faizi nəqliyyatda və 0,2 faizi rabitədə olub.
Rayon mərkəzində 2018-ci ildə də bir sıra obyektdə tikinti-quraşdırma işləri davam etdirilib. Şəhərdə yerləşən, ərazisi 0,15 hektar, ümumi sahəsi 706 kvadratmetr, tikinti sahəsi 785 kvadratmetr, əsas hissəsi bir, arxa hissəsi isə iki mərtəbəli olan Mədəniyyət Sarayında 2017-ci ildə başlanmış yenidənqurma işləri sona çatmaq üzrədir.
 Şəhərin M. Ə. Rəsulzadə küçəsində Bayraq meydanı, Bayraq muzeyi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin kompleks tikintisində işlər davam etdirilir. 
 Rayonda yeni sənaye zonası yaradılması, bir çox kəndlərdə modul tipli sutəmizləyici qurğuların tikilməsi üçün layihələr hazırlanması və həyata keçirilməsi istiqamətində iş aparılır. Bico kəndində 160 yerlik Bico kənd tam orta məktəbinin tikintisinə başlanılıb və tikinti-quraşdırma işləri davam etdirilir. 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq MMC-nin balansında olan yerli əhəmiyyətli Dilman-Xatman avtomobil yolu (15 km) dövlət proqramına salınıb. Bügünədək həmin avtomobil yolunda 1 milyon 500 min manatlıq təmir işləri aparılıb.
Əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində də kifayət qədər iş görülüb. Altı ay ərzində 22,9 milyon kvt/s elektrik enerjisi alınıb, 1 milyon 603 min manat əvəzinə 1 milyon 535,2 min manat vəsait toplanıb və plana 95,8 faiz əməl olunub. Rayon əhalisinin, sahibkarlıq obyektlərinin idarə, müəssisə və təşkilatların təbii qaz təminatının bərpası və yenidən qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilib. İstər rayonun qaz təsərrüfatının yenidən qurulması, istərsə də təbii qazın istehlakçılara çatdırılması zamanı yol verilən normadan artıq qaz itkisinin qarşısının alınması və dəyərinin yığılması sahəsində lazım olan işlər görülüb. Qaz alan yaşayış məntəqələrində istehlakçıların təbii qazla təchizatında fasiləsizliyin təmin edilməsi məqsədilə əsaslı yenidənqurma işləri aparılır. 
Ənvər Seyidəliyev sonda qeyd etdi ki, ilin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına kömək göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir. 
Beləliklə, ağsulular qarşıdakı aylarda da dövlətimizin genişmiqyaslı iqtisadi strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək əzmindədirlər.
 
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında