Aprel döyüşlərindən bəhs edən “Ovçu” romanının elmi müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi hünərin bədii-sənədli mənzərəsini yaradan “Ovçu” tarixi romanının müzakirəsi keçirilib.
 
Tarixi romanın elmi dəyərləndirilməsinə həsr edilmiş toplantını giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Y.Oğuzun tarixi roman yaradıcılığından ətraflı bəhs edib. “Ovçu” əsərinin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğunu deyən akademik bildirib ki, Yunus Oğuz müstəqillik dövründə bədii nəsr sahəsində ardıcıl fəaliyyət göstərir. O, bundan əvvəl işıq üzü görmüş və geniş oxucu auditoriyası qazanmış “Atabəylər”, “Nadir şah”, “Əmir Teymur” , “Təhmasib şah” kimi tarixi romanların da müəllifidir. Yazıçının əsərlərində verilən tarixi faktlar, eyni zamanda, müasir dövrümüzü də əks etdirir. Ədibin tarixi mövzulu romanları və elmi-publisistik əsərləri bu gün türk dünyasında, xüsusilə Orta Asiya respublikalarında çox populyardır. Akademik “Ovçu” romanını Yunus Oğuz yaradıcılığının yeni keyfiyyəti kimi dəyərləndirib.
İnstitutun böyük elmi işçisi Elnarə Qaragözova “Ovçu” romanının bədii-sənətkarlıq xüsusiyyətləri və estetik dəyəri barədə məruzəsində bildirib ki, bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanların əziz xatirəsinə elegiyadır. Yazıçı “Ovçu” romanında bu günlə keçmiş arasında ədəbi-tarixi bir əlaqə yaradıb. Bu əsərin ərsəyə gəlməsinin böyük məfkurəvi önəmi var. Əsərdə üç dövr – 
Alp Arslan, Nadir şah zəmanəsi və bizim günlər öz əksini tapıb.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu bildirib ki, “Ovçu” əsərində müasirliklə tarixilik bir vəhdət təşkil edir. Azərbaycan tarixi ilə bağlı bədii, tarixi kitabların yazılmasına ehtiyac olduğunu bildirən Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli isə “Ovçu” romanını Yunus Oğuz yaradıcılığının ümumi çəkisini artıran bir əsər olduğunu deyib.
Milli Məclisin deputatı, yazıcı Aqil Abbas da “Ovçu” romanı haqqında fikirlərini müzakirəyə toplaşmış alim və yazarlarla bölüşüb. O qeyd edib ki, belə tarixi kitabların kitabxanalara, xüsusilə məktəb kitabxanalarına paylanması gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində təsirli rol oynaya bilər. 
Əməkdar jurnalist Tahir Aydınoğlu yazıçı-publisist dostunun günümüzün qəhrəmanlıq səhifəsini isti-isti bədiiləşdirmək baxımından zəruri bir sosial sifarışi gerçəkləşdirdiyini söyləyib. O əlavə edib ki, tarix bizi dünənə aparırsa, ədəbiyyat ötüb keçənləri bu günə gətirir. Yunus Oğuzun “Ovçu” romanında da məhz dünənlə bu gün üz-üzə gəlir və gerçəklər bədii həqiqətlə ortaqlaşır.
“Ovçu” tarixi romanında Aprel döyüşlərinin bədii-sənədli salnaməsini və düşmənə ağır zərbə vuraraq Milli Qəhrəman adına layiq görülmüş Murad Mirzəyevin bədii obrazını yaratdığına görə şəhidin atası Telman Mirzəyev yazıçıya razılığını bildirib, belə qələbələrin davamlı olacağını inamını ifadə edib.
Sonda çıxış edən Yunus Oğuz müzakirə iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. “Ovçu” romanının müasir tariximizlə bağlı yazdığı ilk əsər olduğunu deyən müəllif gələcək fəaliyyətində günün önəmli mövzularına, xüsusən Qarabağ müharibəsinin verdiyi qəhrəmanlıq süjetlərinə yenidən müraciət edəcəyini söyləyib.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında