Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir

İyulun 20-də Tbilisidə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi və Almaniya Federativ Respublikasının Özəlləşdirmə Qurumu rəhbərlərinin üçtərəfli görüş keçirilib.
 
Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinin sədri Yekaterina Sisauri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, agentliyin əsas məqsədi dövlətin əmlakını, hökumətin iştirak payı olan şirkətləri ölkənin infrastrukturunun və iqtisadiyyatın inkişafını dəstəkləyən üsullarla idarə etməkdir. Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində də əlaqələrin genişləndirilməsi yeni layihələrin reallaşmasına imkan verəcəkdir. Y.Sisauri Gürcüstanda dövlət əmlakının, mədəni tarixi abidələrin, mühafizəsi, özəlləşdirilməsi qaydaları, agentliyin beynəlxalq əməkdaşlığı barədə məlumat verib. O, iki ölkə arasında dövlət əmlakı məsələləri sahəsində əlaqələrin bundan sonra da uğurlu olacağına ümidvar olduğunu qeyd edib və bildirib ki, Gürcüstan Azərbaycanla dövlət əmlakı sahəsində təcrübə mübadiləsinə də hazırdır.
Kərəm Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində Dövlət Komitəsi yeni metodların və yanaşmaların tətbiqini genişləndirib. Eyni zamanda, ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Dövlət əmlakının idarəçiliyi və özəlləşdirilməsi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.
Bildirilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron şəkildə tətbiqi bu prosesdə optimallığı daha da artırıb, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirib, çevikliyi təmin edib.
Diqqətə çatdırılıb ki, iqtisadiyyata fayda verə biləcək iri müəssisələr, səhmdar cəmiyyətlərin səhm zərfləri, qeyri-yaşayış sahələri hərraclar vasitəsilə özəlləşdirilir. Eyni zamanda, iri kapital tələb edən müəssisələr investisiya müsabiqələri vasitəsilə uğurlu biznes planı olan investorlara təklif edilir. Beynəlxalq investisiya fondları, müxtəlif profilli şirkət və assosiasiyalara ünvanlanan tanıtım müraciətləri, xarici ölkələrdə keçirilən təqdimatlar da özəlləşdirilmə prosesinin sürətləndirilməsinə imkan verir. Hazırda sənaye, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, xidmət, telekommunikasiya və digər sahələrə aid iri dövlət müəssisələri özəlləşməyə açıq elan edilib. İnvestorlar üçün istifadəyə verilən elektron “Özəlləşdirmə portalı” və oradakı geniş informasiya mövcudluğu onların prosesə olan marağını daha da artırır. Elektron portala baxış sayının 2 milyona yaxınlaşması da bunu deməyə əsas verir.
Tədbirin əhəmiyyəti və nəticələri barədə danışan Kərəm Həsənov bildirib ki, görüş daşınmaz əmlak idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, bu sahədə yüksək göstəricilərin əldə olunması məqsədilə xarici ölkələrin təcrübəsi öyrənilir və aparılan təcrübə mübadiləsi daim genişləndirilir.
Komitə sədri bu görüşün müəyyən olunmuş sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaratdığını vurğulayıb.
Kərəm Həsənov Gürcüstanla daşınmaz əmlak sahəsində əməkdaşlığın gələcəkdə daha səmərəli nəticələr verəcəyini qeyd edib.
Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri xanım Petra von Vik qeyd edib ki, ölkəsi digər dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafına zəmin yaradacaq yenilikləri dəstəkləməkdə maraqlıdır. Daşınmaz əmlak idarəçiliyi sahəsi ilə bağlı əlaqələrin qurulması isə bu sahənin daha da genişlənməsinə imkan verəcək.
Görüşdə alman partnyorlarla əməkdaşlıq və beynəlxalq münasibətlərin rolu, Azərbaycan və Gürcüstan arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əlaqələrin inkişafı, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi prosesinin dəstəklənməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirmə prosesinə investisiyaların cəlb olunması potensialından danışılıb, təcrübə mübadiləsinin perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.
Xətayi Əzizov,
AZƏRTAC-ın
xüsusi müxbiri
Tbilisi

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında