Azərbaycan regionda sabitləşdirici rol oynayır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə ictimai-siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, regionda və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin artırılmasının mühüm vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırıb. Eyni zamanda, bildirib ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün mühüm bir vəzifəni həyata keçirir. 
 
Sabitliyin, ictimai asayişin, qanunun aliliyinin hər bir dövlətin inkişafının əsas şərtlərindən biri olduğunu deyən Birinci vitse-prezident, həmçinin Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb.  
Həqiqətən də, respublikamız hazırda iqtisadi və demokratik inkişaf, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı mühüm uğurlarla regionun nümunəvi dövlətinə çevrilib. Ölkəmizin tərəqqisinin indiki mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin edilməsi, habelə əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 
Azərbaycanın Birinci vitse-prezidenti respublikamızda cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edib.  
Xatırladaq ki, ölkəmizdə belə bir şərait, ilk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması və daxili təhlükəsizliyin möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində yaranıb. Eyni zamanda, bu, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların Azərbaycan ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin, ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin sayəsində mümkün olub.
Onu da deyək ki, hazırda dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. İqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Əlbəttə, belə təqdirdə həm siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətmizin təcrübəsi diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşlərinin birində bildirib ki, mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Onlar təkcə tarixi abidələri seyr etmək üçün yox, həmçinin ona görə gəlirlər ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.
Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi təsadüfi deyil. Bu, hər şeydən əvvəl, yuxarıda xatırlatdığımız kimi,  beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətmizin əldə etdiyi zəngin təcrübə ilə bağlıdır. Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının Bakıda keçirilməsi də məhz bu amillə bağlıdır.  
Hazırda ölkəmiz  üçün ən narahatedici məqam ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunmasıdır. Bu nəzarətsiz ərazilərdə narkomafiyanın əkin sahələrinin və laboratoriyalarının olması vəziyyəti daha da təhlükəli edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə daim narahatlıq doğuran bu məqama da toxunub: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək...”.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlətimizin başçısı cənab İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində beynəlxalq təşkilatlar haqq və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edirlər.
Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında