İsmayıllı: uğurlar bütün sahələri əhatə edir

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında eşitdiyimiz hesabatda diqqət çəkən məqamlar çox idi. Ancaq biz həmin hesabatda səsləndirilən faktlardan birini daha çox qabartmaq istərdik. Elə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da həmin faktı xüsusilə yada saldı və dedi ki, ilin ilk altı ayında əsas kapitala investisiya qoyuluşu 38 milyon 375 min manat olub, bu da əvvəlki illə müqayisədə 186 faiz çoxdur. Fikrimizcə, bu, kiçik göstərici deyil. 
 
Rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2018-ci ilin birinci yarısında İsmayıllıda da uğurla həyata keçirilib. Rayonun iqtisadi potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi azaltmaq və qarşıya qoyulmuş digər vəzifələrin icrası üçün tədbirlər davam etdirilib. 
İlin ilk yarısında rayonda ümumi daxili məhsul istehsalı faktiki qiymətlərlə 98 milyon 8 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 542 min manat çoxdur. Kənd təsərrüfatında 3,4 faiz, sənayedə 27,8 faiz, tikinti-quraşdırma işlərində 2,2 dəfə, nəqliyyatda 5,1 faiz, informasiya və rabitədə 10,7 faiz, ticarətdə 5,2 faiz artım qeydə alınıb.
Dövlətin və dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Bu məsələ İsmayıllıda da daim diqqət mərkəzindədir. Məhz həmin diqqətin nəticəsidir ki, ilin 6 ayı ərzində rayonda 645 iş yeri açılıb, bunun da 529-u daimi iş yerləridir.
Yanvar-iyun aylarında rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, yeni layihələr əsasında yaşayış evləri və digər sosial obyektlər tikilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şamaxı rayonunun Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən Dəmirçi-Lahıc yolunun və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə başlanılıb, Lahıc qəsəbə tam orta məktəbinin tikintisi davam etdirilib, İsmayıllı şəhəri ərazisində küçələrə asfalt örtük vurulub, ictimai yaşayış binalarında təmir işləri görülüb.
Hər il olduğu kimi, bu il də İsmayıllı şəhərinin baş planına uyğun olaraq, abadlıq işləri aparılacaq küçələr müəyyən edilib, dövlət vəsaiti hesabına, eləcə də, sahibkarların müraciəti əsasında rayon ərazisində gürüləcək tikinti işlərinin siyahısı hazırlanıb, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilib.
İsmayıllı şəhərinin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otelin, M.F.Axundov küçəsində yeddimərtəbəli iki yaşayış binasının tikintisi davam etdirilib, Tircan kəndi yaxınlığında Bədo istirahət, müalicə və sanatoriya kompleksində yeni restoran və tibb korpusunun tikintisinə başlanılıb. İsmayıllı 110/35/10 kilovoltluq yarımstansiyanın tikintisi başa çatdırılıb. 
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırıldığından danışan rayon rəhbəri konkret faktları sadaladı: Quşençə kəndində 47 ədəd 10 kv-luq, 52 ədəd SİP kabel üçün dayaq basdırılıb və 5785 metr kabel xətti çəkilib. İlin 6 ayı ərazində şəbəkə tərəfindən 25 milyon 680 min kilovat/saat elektrik enerjisi alınıb və istehlakçılara 23 milyon 124 min kilovat/saat enerji ötürülüb. 
Rayonun 108 yaşayış məntəqəsindən 38-i qazlaşdırılıb. İlin 6 ayı ərzində 186 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılıb, 85 ədəd yeni məişət qaz sayğacı quraşdırılıb. Lahıc qəsəbəsinin qazlaşdırılması başa çatmaq üzrədir. Qaraqaya, Gəndov və Namazgah kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.
Təbii ki, İsmayıllı ölkənin əsas aqrar rayonlarındandır. Həmin sahənin göstəriciləri barədə danışan rayon rəhbəri qeyd etdi ki, bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş taxıl sahələrindən götürülən məhsuldarlıq orta hesabla hər hektardan 34,9 sentiner olub. Biçin davam edir. 53 kümçüyə paylanılmış barama qurdlarının bəslənməsi prosesində 250 nəfər işlə təmin olunub. Tədarük məntəqəsinə 3 min 900 kiloqrama yaxın barama təhvil verilib. Rayonun Mollaisaqlı, Qalınçaq, Kürdmaşı, Qurbanəfəndi, Soltankənd, Qalagah kəndlərində barama istehsalı proqnozdan artıq olub. 
Rayonun Kürdmaşı kəndində “Buta qrup” şirkəti tərəfindən aqroparkın tikintisi davam etdirilir. Cari ilin məhsulu üçün burada 75 hektar sahədə buğda, 105 hektar sahədə kartof, 70 hektar sahədə qarğıdalı əkilib. Əkilən sahələrin suvarılması məqsədilə 100 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb.
Hesabatda qeyd olundu ki, təhsil sahəsində əldə olunan nailiyyətlər rayonun ümumi inkişafında xüsusi yer tutur. “Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2 aprel 2018-ci il tarixli sərəncamı ilə rayonun daha 3 məktəbi – Uştalqışlaq tam, Gəndov və Girk ümumi orta məktəbləri üçün modul tipli yeni məktəb binalarının quraşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən mayın 12-dək keçirilən pulsuz tibbi müayinə ərzində 55 min 353 nəfər müayinədən keçirilib. 
Mirdaməd Sadıqov sonda xüsusi olaraq vurğuladı ki, İsmayıllı zəhmətkeşləri təkcə 2018-ci ilin ikinci yarısını deyil, eləcə də, qarşıdakı bütün illəri hərtərəfli uğurlarla yola salmaq əzmindədir və buna nail olacağıq. 
İlqar HƏSƏNOV,
 “Xalq qəzeti”nin
 bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında