Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq

Bu ilin altı ayında 1 milyon 324 min 75 halda 827 min 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 milyon 199 min 770 halda 747 min 107 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artımın olduğunu göstərir. Hesabat dövründə 347 min 767 (2017-ci ilin müvafiq dövründə 315 min 736)  əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir. 
 
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun  fəaliyyətinə dair iyulun 19-da təşkil olunan mətbuat konfransında deyib. 
Xidmət rəisi bildirib ki, bu ilin altı ayında Dövlət Miqrasiya Xidməti fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflığın tam təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması istiqamətində davam etdirib. Qurumun fəaliyyət istiqamətləri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, ölkə ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin, qaçqın statusunun alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı birinci yarım il ərzində xidmətə 38 min 360 müraciət daxil olub. 
Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 (1487) olub. Bu il iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32 min 648 nəfər müvəqqəti, 11 min 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.
Hesabat dövründə xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13 min 341 (15 min 675) müraciət daxil olub.
Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib. 
Əsas fəaliyyət istiqamətlərindən biri qanunsuz miqrasiyaya qarşı mübarizə aparılması olan xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 (9396) əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan Respublikası vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdır.
Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin (DMX-nin qeydiyyatında olanlar) sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı (46 nəfər ərizəçi 29 nəfər ailə üzvü ilə birlikdə) 75 nəfərdir (2017-ci ilin müvafiq dövründə (43 nəfər ərizəçi 18 nəfər ailə üzvü ilə birlikdə) 61 nəfər olub).  
Bildirilib ki, “Çağrı mərkəzi şöbəsi”nə daxil olmuş zənglərin sayı 10 faiz artaraq, cari ilin birinci yarısında 51 min 394 (2017-ci ilin müvafiq dövründə 46 min 992) təşkil edib. Canlı rejimdə cavablandırılan müraciətlərin 18 faizi (9377) müvəqqəti yaşamaq üçün icazə, 10 faizi (5383) olduğu yer üzrə qeydə alınma ilə bağlı zənglər olub. 
Hazırda miqrasiya ilə bağlı elektron xidmətlərin imkanlarının genişləndirilməsi üçün iş aparılır. Dövlət Miqrasiya Xidməti tərəfindən daha bir elektron xidmət – ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistem istifadəyə verilib. Həmçinin xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Xidmətdə sosial şəbəkələrin imkanlarından da geniş istifadəyə başlanılıb. Bu ilin mayında qurumun rəsmi “Facebook” səhifəsi yaradılıb ki, buradan da məlumatlar mütəmadi olaraq yenilənir və daxil olan suallar operativ cavablandırılır.
Xidmətdə iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən qaynar xətt yaradılıb. “ASAN Viza” sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib. 
DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələr keçirilib. Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır. 
Hesabat dövrü ərzində ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə də mütəmadi iş aparılır. Belə ki, bir neçə gün əvvəl qanunvericiliyə edilmiş dəyişikliklərə görə müddəti 10 gündən 15 günədək artırılan olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni videoçarx hazırlanıb, xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib.
Diqqətə çatdırılıb ki, cari ilin altı ayı ərzində miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı diqqətdə saxlanılıb. Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda, beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirib. Beynəlxalq qurumların nümayəndələri, o cümlədən bir sıra dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində işlər görülür.
V.Hüseynov bildirib ki, hesabat dövründə DMX regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 34 maarifləndirmə-məlumatlandırma tədbiri, 14 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edib. Xidmətin internet səhifəsində (www.migration.gov.az) 140 (ötən ilin müvafiq dövründə 87) məlumat yerləşdirilib. Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə DMX qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq.
Sonra media və QHT nümayəndələrinin sualları cavablandırılıb. 
Sonda KİV nümayəndələri Dövlət Miqrasiya Xidmətinin Qəbul Şöbəsində yaradılan şəraitlə tanış olublar. 
AZƏRTAC
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında