“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin icrası davam etdirilir

Azərbaycan hökumətinin və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi intensiv qaydada davam etdirilir.
 
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, icrasına 2017-ci ildə başlanılmış layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Relyef nəzərə alınaraq ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılacaq. Tullantı sularının tərkibində olan iri əşyalar barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Yarana biləcək qoxunu aradan qaldırmaq məqsədilə dezodorasiya qurğusu  inşa edilir.
Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur. Tullantı Sutəmizləyici Qurğular Kompleksinin tikintisi üzrə 27 min kubmetr beton işinin 55 faizlik hissəsi yerinə yetirilib.
Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xəttinin qaynaq və izolyasiya işləri tam yekunlaşıb. Çıxış xəttinin 1300 metrlik hissəsi dənizin dibi ilə xüsusi təyinatlı gəmilər vasitəsilə quraşdırılacaq. Bu məqsədlə dənizin dibi ilə marşrut seçilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.
İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların əksər hissəsi tədarük olunaraq əraziyə daşınıb. 2019-cu ilin əvvəllərində inşası başa çatdırılacaq kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Gələcəkdə Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, Azərbaycanda ilk dəfə olaraq bu qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır. Bu məqsədlə xüsusi tipli membran filtrlərin quraşdırılması layihələndirilib.
Qeyd edək ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında