Zərdab davamlı və sürətli inkişaf yolundadır

Zərdab Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş toplantısında hökumətin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətraflı müzakirə edilərək, rayonun yarımillik sosial-iqtisadi durumuna yekun vuruldu. Müzakirələrdə, həmçinin ili uğurla başa vurmaq üçün qarşıda duran vəzifələrə diqqət yetirildi.
 
Ümumrayon yığıncağının əvvəlində rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Pezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi mülahizələri geniş şərh etdi, ölkənin davamlı inkişafının, ilin I yarısında qazanılmış nailiyyətlərin rayonun sosial-iqtisadi inkişafı üçün də səciyyəvi olduğunu vurğuladı. Rayon rəhbəri qeyd etdi ki, ölkə başçısının təşəbbüsləri və nəzarəti ilə regionlarda gerçəkləşdirilən dövlət proqramları, irimiqyaslı layihələr Zərdabda da hərtərəfli inkişafı və sürətli yeniləşməni təmin etmişdir.
Zərdab RİH-in yarımillik hesabatında göstərildi ki, ilin əvvəlindən rayon iqtisadiyyatının əsas sahələrində və xidmət sferasında 64 milyon 413 min manatlıq məhsul istehsal edilmiş, işlər görülmüşdür. Ümumi məhsulun 34 milyon 950 min manatı ( 54,3 faiz) kənd təsərrüfatının, 2 milyon 359 min manatı sənayenin (3,7 faiz), quruculuq işlərinin 12 milyon 923 min manatı tikintinin (20,1 faiz), xidmətlərin 13 milyon 277 min manatı ticarət sahəsinin (20,6 faiz), 670 min manatı nəqliyyatın (1 faiz), 231 min 400 manatı poçt və rabitənin (0,3 faiz) payına düşür. 
Bildirildi ki, rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində xeyli iş görülmüşdür. İlin məhsulu üçün 18 min 653 hektarda taxıl əkilmiş, 60 min 150 ton buğda və arpa istehsal olunmuşdur. Bu, rayonun tarixində ən yüksək göstərici olmaqla keçən ildəkindən 1328 ton çoxdur. Ümumi məhsuldarlıq 32,2 sentner, adambaşına düşən taxıl 1 ton 29 kiloqram olmuşdur. 3 toxumçuluq təsərrüfatı 206 hektar sahədə arpa və buğda əkmiş, 799 ton yüksək keyfiyyətli toxum istehsal etmiş, məhsuldarlıq 38,7 sentner olmuşdur.
Hesabatda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı uğurlar da əksini tapdı. Qeyd edildi ki, bu il üçün nəzərdə tutulmuş 3 min 232 hektarda pambıq əkini aparmaq məqsədilə “MKT İK” MMC-nin Zərdab filialı və “Zərdab-Pambıq” MMC 702 torpaq mülkiyyətçisi ilə müqavilə bağlamışdır. Hazırda sahələrdə intensiv becərmə və suvarma işləri davam etdirilir.
İpəkçiliyin inkişaf etdirilməsi ilə bağlı aparılan izahat-təşviqetmə işləri də təsirli olmuşdur. Bu mövsümdə 1300 qutu barama qurdu bəslənmiş, nəticədə 53 ton 880 kiloqram barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunmuşdur. Rayon üzrə proqnoz tapşırığa 103,6 faiz əməl edilmişdir. 2 min nəfərdən çox rayon sakini bu yüksəkgəlirli sahədə mövsümi işlə təmin olunmuşdur.
Cari mövsümdə 201 hektarda kartof, 182,6 hektarda tərəvəz, 503,1 hektarda qarğıdalı, 106 hektarda şəkər çuğunduru, 200 hektarda yemiş-qarpız, 204 hektarda çəltik, 15 hektarda sorqo, 1,2 hektarda noxud, 3,5 hektarda zəfəran, günəbaxan, lobya və soya əkilmişdir. 
Rayonda iri malın sayı 54 min 697 başa, qoyun-keçilər isə 113 min 580 başa çatmışdır. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 85 və 289 baş çoxdur. 6 ayda rayonda 20 min 655 sentner ət, 122 min 309 sentner süd, 4 milyon 901 min ədəd yumurta istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur. 
Mal-qaranın yemə tələbatının ödənilməsi məqsədilə yonca sahələri 19 min 498 hektara çatdırılmışdır ki, bunun 2 min 851 hektarı təzə biçənəkləridir. İndiyədək yoncalıqlardan 81 min 582 ton ot tədarük olunmuşdur. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilən yem emalı müəssisəsi istifadəyə verilmişdir.
Əhalinin quş ətinə və yumurtaya tələbatını təmin etmək məqsədilə “Turac-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti və fiziki şəxslər 97 min baş cücə inkubasiya edərək əhaliyə satmışlar. Hazırda 99 təsərrüfatda 660 arı ailəsi saxlanılır. Zərdab şəhərinin “4 yol” adlanan ərazisində mallar bazar qiymətindən 15-20 faiz aşağı olmaqla kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. 
Fermerlərin əkin suyu, gübrə, texnika və digər zəruri vasitələrlə təchiz edilməsi üçün işlər davam etdirilmişdir. “Aqrobaz” MMC aqroparkının yaradılması istiqamətində işləri davam etdirir. İndiyədək 86 adda müxtəlif təyinatlı texnika alınmış, 250 hektar arpa, 1500 hektar yonca, 30 hektar tut tingi, 60 hektar pambıq, 155 hektar qarğıdalı əkilmişdir. “Aqrolizinq” ASC-nin Zərdab filialı fermerlərə güzəştli şərtlərlə gübrə və pestisidlərin satışını təmin etmiş, 21 traktor, 7 kotan, 14 çiyidsəpən, 13 kultivator, 5 qollu çiləyici, 5 çöpdoğrayan, 19 mala, 30 yedək lafeti, 3 pambıqyığan kombayn, 4 su və 1 yanacaq çəni almışdır. 
Regional Meşəsalma Müəssisəsi 
10 min zeytun, 20 min qovaq əkmiş, 
10 hektar nar bağı salmış, 160 min nar tingi əkmiş, 0,2 hektar tut toxumu səpmişdir. Magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə iməcilik yolu ilə 30 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilmişdir. 
İclasda bildirildi ki, hesabat dövründə xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin normal fəaliyyəti təmin edilmişdir. Əhalinin müraciətləri daim Zərdab RİH-in diqqət mərkəzində olmuş, qəbullarda və səyyar görüşlərdə qaldırılan məsələlər operativ yoluna qoyulmuşdur.
Fəal, işgüzar müzakirələrdən sonra qəbul edilən qərarda ilin ikinci yarısında ­qarşıda duran vəzifələr və onları gerçəkləşdirmək yolları əksini tapdı.
 
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında