Azad sözə verilən qiymət cəmiyyətin demokratikləşməsinə xidmət edir

22 İyul Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətində ölkənin media qurumlarının rəhbərləri və aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə keçirilən görüşdə 143 il əvvəl ilk milli qəzetimiz “Əkinçi”nin nəşri ilə başlayan anadilli mətbuatımızın keçib gəldiyi yol, müstəqil Azərbaycanın demokratik dövlət quruculuğunda kütləvi yayım vasitələrinin rolu, ölkənin informasiya məkanında azad media prinsiplərinin üstün mövqeyi diqqət mərkəzində oldu.
 
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkənin media qurumlarının nümayəndələrini əsası milli azadlıq hərəkatı dalğalarında qoyulan və müstəqillik illərindən jurnalistlərin peşə bayramı kimi qeyd edilən milli mətbuatımızın yaranmasının növbəti idönümü münasibətilə səmimi təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətlərində yeni uğurlar arzuladı. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlətin KİV siyasətinin ölkəmizdə azad, demokratik jurnalistikanın əsaslarının möhkəmləndirilməsinə verdiyi töhfədən, Prezident İlham Əliyevin jurnalistlərin peşə fəaliyyətlərini yüksək səviyyədə həyata keçirmək üçün gerçəkləşdirdiyi kompleks və davamlı tədbirlərdən ətraflı söz açdı. 
Başçı ölkənin kütləvi informasiya vasitələri ilə qurulmuş açıq, geniş əlaqələrin rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək prosesinə səmərəli köməyini də məmnunluqla qeyd etdi. O, jurnalistlərin rayonla bağlı hər bir çıxışının həssaslıqla qarşılandığını, təqdiredici və tənqidi çıxışların eyni səmimiliklə qəbul edildiyini dəyərləndirilərək ümumi işə fayda verdiyini söylədi. Asif Əsgərov çıxışının sonunda həqiqəti əks etdirən ictimai rəyin formalaşmasında ciddi jurnalistikanın rolunu və çəkisini artırmaq üçün icra qurumları ilə medianın əməkdaşlığını daha da dərinləşdirməyin zəruriliyini vurğuladı. 
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun KİV-in problemlərinin həlli, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirdiyi layihələr barədə məlumat verərək bildirdi ki, KİVDF dövlətin media siyasətinin çevik və təsirli olmasında önəmli rol oynayır. Nəsimi rayonu rəhbərliyinin jurnalistlərlə səmərəli əməkdaşlığının hər iki tərəf üçün uğurlara zəmin yaratdığını söyləyən fond rəhbəri qeyd etdi ki, azad sözə verilən qiymət nəticə etibarilə cəmiyyətin demokratikləşməsinə xidmət edir. 
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkənin informasiya təminatının daşıyıcısı olan jurnalist əməyinin stimullaşdırılmasının medianın peşəkarlığının yüksəldilməsinə köməyini xatırladaraq, bu işə verdiyi fəal dəstəyə görə Nəsimi RİH-in rəhbərliyinə təşəkkürünü bildirdi. O qeyd etdi ki, xalqımızın milli oyanışı, istiqlalına qovuşması və dövlətçiliyinin bərpası uğrunda mübarizənin önündə getmiş Azərbaycan jurnalistikası müstəqillik dövründə köklü maraqlarımızın mənəvi-ideoloji keşikçisidir. Milli jurnalistikamız bu gün ölkəmizin tərəqqisini, xalqımızın xoşbəxtliyini fəaliyyətinin baş hədəfi kimi uğurla gerçəkləşdirir.
Çay süfrəsi arxasında davam edən görüşün sonunda yaranmış ənənəyə uyğun olaraq, rayon həyatının KİV-də işıqlandırılmasında seçilən bir qrup jurnalist Nəsimi RİH-in hədiyyələri ilə mükafatlandırıldı. Nəsimi RİH-in başçısı Asif Əsgərov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hədiyyələri qələm sahiblərinə təqdim etdilər.
Jurnalistlər əlamətdar günlə bağlı əməklərinin qiymətləndirilməsinə görə ­razılıqlarını bildirdilər.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında