Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan infrastruktur layihələri uğurla həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövrünün ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Bu dövrdə ÜDM-in 1,3 faiz, qeyri-neft sektorunun 2 faiz, qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 7,6 faiz, bitkiçiliyin 14 faizdən çox, yükdaşımaların 1 faiz, informasiya və rabitə xidmətlərinin 4,9 faiz, pərakəndə ticarət dövriyyəsinin isə 2,5 faiz artdığını diqqətə çatdırıb. 
 
Hesabat dövründə iqtisadiyyatın digər sahələrində də mühüm uğurlar əldə edilib. Belə ki, Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, iqtisadiyyata 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47 faiz icra olunub, dövlət büdcəsinin gəlirləri 27 faiz, xərcləri isə 16 faiz artıb.
Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, investisiya qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirib. Prezident İlham Əliyev, həmçinin sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib.
İclasda iqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışılarkən, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində reallaşdırılan tədbirlərə də diqqət yetirilib. Bildirilib ki, indiyədək sənaye parklarına 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək.
Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq.
Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac şəraiti də yaradacaq.
Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.
Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək.
Hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. Bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. 
Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin vaxtadək emalatxanaların sayı 30-a çatdırılacaqdır.
Bu gün yerli istehsalın genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin yaradılmasına, mövcud istehsal sahələrinin potensialının artırılmasına dövlət başçısı xüsusi diqqət yetirir. Bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.
2018-ci ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək.
Hazırda aqrar sektorun inkişafı məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan artıq olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək 14 aqropark istifadəyə veriləcəkdir. 
Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilən orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.
İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında