Gəncə hadisələrinin dinlə heç bir əlaqəsi yoxdur

2018-ci il iyulun 10-da Gəncədə ekstremist qüvvələrin din pərdəsi altında həyata keçirdiyi cinayətkar əməllərin İslama heç bir aiddiyatı yoxdur. Hər şeydən əvvəl, ona görə ki, İslam dini insanlığa fitnə-fəsad və qarışıqlıq üçün deyil, barış və sabitlik gətirmək üçün yaranıb.
 
Xaos şəraitində dini etiqad azadlığı da basqıya məruz qalır. Dini tolerantlıq yüksək əmin-amanlıq və sabitlik şəraitində təmin edilə bilər. Təsadüfi deyil ki, sabitlik adası olan Azərbaycan öz tolerant dəyərləri ilə dünya ölkələri üçün bir nümunə rolunu oynayır. Öz mövcudluğu dövründə ölkəmizin ərazisində bir dəfə də olsun dini qarşıdurmanın baş verməməsi buna əyani sübutdur. Əksinə, İslam ölkəmizdə təkcə əqidənin deyil, əsrlərdən bəri yaşayan müxtəlif xalqların ümumi adət-ənənə, mənəviyyat və həyat tərzi əsasında vahid azərbaycanlı adı altında birləşməsində mühüm rol oynayıb. Dinin mənviyyatda rolunun artırılmasını ölkəmizin inkişaf strategiyasının vacib istiqamətlərindən biri hesab edən ulu öndər Heydər Əliyev deyirdi: “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”. 
Mütləq olan Allaha sevgi nisbi sevgilərdən keçir. Ailəsini sevməyən insan (təsadüfi deyil ki, qatillərdən biri öz doğma anasını öldürüb) elini-obasını (sevsəydi öz elinə asi çıxmazdı), elini sevməyən biri Vətənini (sevsəydi xarici qüvvələrin dəstəyi ilə dövlətinə xəyanət etməzdi), Vətəninin sevməyən nakəs Allahını sevə bilməz. (sevsəydi “Allahu Əkbər” deyib, Yaradanın buyurduqlarına zidd olaraq insan canına qəsd etməzdi). Quranın Əl-Maidə surəsində deyilir: “Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. Yəni, bir müsəlman “Allahu Əkbər” deyərək, soyuq silahla onunla eyni əqidəni paylaşan və eyni vətəndaşlığı daşıyan əliyalın, günahsız bir insanın üzərinə getməz. 
Biz tarixən İslam dininin ölkəmizdə yaşayan xalqların mənəviyyatına təsirinin deyil, həm də bu prosesdəki əks-əlaqənin də şahidi olmuşuq. Yəni İslam dininin formalaşmasında və inkişafında universal dəyərlərlə yanaşı, lokal mədəni-mənəvi mühitlərin və milli dəyərlərin də rolu az olmayıb. Xalqımızın malik olduğu məxsusi milli-mənəvi dəyərlər isə əliyalın və günahsız adama əl qaldırmağı kişilik və mərdlik hesab etmir. Xalqımızın iç simasını və milli-mənəvi dəyərlərini təsəvvür etmək üçün ən mühüm mənbə olan Kitabi–Dədə Qorqudda aldadıb əliyalın insana əl qaldırmağın namərd işi olması aydın şəkildə təsvir olunur. Beyrək Qazandan və elindən dönmədiyi kimi, Azərbaycan polisi də öz dövlətçiliyindən dönmədi... Beyrək kimi öz canını müqəddəs amallar uğrunda fəda etdi...
Sonda onu demək istəyirəm ki, öz ocağını xarici qüvvələrin körüyü ilə qalayanlar unutmasınlar ki, öz kökündən od almayanlar özgəsinə ocaq da ola bilməzlər. Bu ocağın odunu bitən kimi, onu körükləyənlər külünü süpürüb atacaqlar.
Сeyhun Hüseynov, 
siyasi elmlər üzrə fəlsəfə doktoru
Gəncə şəhəri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında