Gəncə hadisələri: ölkənin media məkanının güclü və zəif təzahürləri

Artıq hadisələrin böhranlı mərhələsi arxada qalıb. Ölkə rəhbərliyinin qətiyyətli addımları, xalqın tələbi ilə gerçəkləşdirilən ciddi tədbirlər nəticəsində açıq təxibatlara və iğtişaşlara son qoyulub, cinayətkarlar zərərsizləşdirilib. Dövlətçiliyimizə qarşı qəsdin açıq və gizlinləri isə geniş müzakirə və təhlilər mövzusu olaraq qalır. Xüsusən, medianın hadisələr zamanı əsasən peşəkar və qismən ziyanlı çıxışları daha tələbkarlıqla incələnir.
 
Hadisələrin davam etdiyi və sonrakı günlərdə ölkənin aparıcı media vasitələrinin geniş cəhbə təşkil edən, səfərbəredici çıxışlarında Gəncədə yaşananların dini libas geymiş siyasi terror olduğu birmənalı olaraq ucadan səsləndirildi. Cəmiyyətin səlahiyyətli və nüfuzlu şəxslərinin teleradiodakı, qəzetlərdə və elektron mediadakı çıxışlarında da hadisələrin mahiyyəti açılıb-göstərildi. Xalq başa düşüb-anladı ki, məkrli plan Azərbaycanın mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilməsinə hesablanıb.
 Medianın inandırıcı çıxışlarından xalqa məlum oldu ki, düşmən planının tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Xaricdə Azərbaycan hakimiyyətinin, guya, dinə qarşı barışmaz mövqedə olduğunu iddia edənlər İslam pərdəsinə bürünmüş siyasi qrupları meydana atmağa cəhd göstərirlər. Xalqın inanıb etibar etdiyi ziyalılar, ictimai xadimlər, siyasətçilər kütləvi informasiya vasitələrindəki izahat-təbliğat çıxışlarında göstərdilər ki, törədilən cinayətlərlə zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında pozuculuğa cəlb edilməsinə meydan hazırlanır. 
Ölkənin informasiya məkanı xalqa mötəbərliklə çatdırdı ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyundur. Buna görə də ölkənin aparıcı KİV-i həmişəki kimi, bu dəfə də mütəşəkkillik ortaya qoydu, həssaslıq və peşəkarlıq nümayiş etdirdi. Media dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiya rolunu döğrultdu. 
Tanınmış jurnalist və publisistlərin də səsi ucadan eşidildi. Onlar açıq, çəsarətli mətnlərlə çıxışlar edərək bildirdilər: “Qarşıdurmaya çağıranlar, Vətənimizi qana çalxalamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları “qəhrəmana” çevirənlər, qisas hissi ilə alışıb yananlar, sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardır! Onlar çoxdurlar. İctimai fikir və çoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı, Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır!”
Nəticədə, Azərbaycandakı sabitliyə, inkişafa, beynəlxalq aləmdəki reytinq və nüfuzumuza qənim kəsilən xarici qüvvələrin daxildəki səbatsız insanların əli ilə törətdiyi növbəti terror, təxribat hadisəsi hamını ciddi şəkildə narahat edib ayağa qaldırdı. Xalqın birliyi, mütəşəkkilliyi, dövlətçiliyin qəsdinə duranları lənətləməsi, xain və cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etməsi iğtişaşçılara geniş əl-qol açmağa imkan vermədi.
Lakin Avropada sığınacaq tapmış, adlarını azərbaycanlı qoyan bəzi satqın və xainlər xarici xüsusi xidmət orqanlarının təsiri altına düşərək, saxta profillər yaradaraq öz səviyyələrinə uyğun olaraq ölkəmizə qarşı təhqir, söyüş, iftira yağdırdılar. Mingəçevir İES-də baş verən qəza və Gəncədəki iğtişaşlar xarici ölkələrdən idarə olunan bir sıra saytlarda daha qabarıq şəkildə işıqlandırıldı. Artıq dönə-dönə təsdiqləndiyi kimi, sahibi bəlli olmayan “nuraz.com”, “abna.com”, “arannews” agentliyi, “qafqaz.ir”, “rasthaber.com”, “ru-clip.ru” və pozucu yayımlar Azərbaycana qarşı piar kampaniyasını daha da genişləndirdi. 
Bəzi xarici telekanalların qarşısında günlərlə boynunu bükərək 15-20 dəqiqə vaxt alıb öz ölkəsi haqqında yalan və iftiralar yağdıran “Azərbaycan saatı” adlı veriliş heç də düşmənlərin maliyyələşdirdiyi, ələ aldığı saytlardan geri qalmadı. İflas etmiş bəzi müxalifət liderləri də qisasçılıqla düşmənlərə və xəyanətkarlara siyasi dəstək verdilər. Onların iğtişaşlar barəsində həvəslə danışmaları, yönəldici izahlar, şərhlər vermələri xalqın qəzəb və nifrətinə səbəb oldu. Onlar Mingəçevir İES-də baş vermiş qəza, Gəncədəki iğtişaşlar, ŞİH-in başçısına qəsd və iki polis zabitinin qətlə yetirilməsini Azərbaycan dövləti tərəfindən təşkil olunmuş təxribat adlandırmaqdan da çəkinmədilər.
Nəhayət, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mediaya açıqlamasında bu xəyanətkar çıxışların müəliflərini milli əxlaq və qanunlara əməl etməyə, vətənpərvər qüvvələri onlara qarşı mübarizəyə çağırdı: “Təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq, bu əməlin iştirakçısına çevrilmiş hər kəsi belə yanlış addımlardan çəkinməyə dəvət edirəm. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”.
Artıq təhlükə arxada qalıb. Media yayımlarında silinməz-pozulmaz izlər qoymuş hadisələr, həmin günlərdə kimin-kim olması ictimai müzakirələrin süzgəcindən keçirilir. Bu baxımdan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş iclasında Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılmasının ətraflı müzakirəsi diqqətçəkən oldu. 
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, Mingəçevirdəki qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror ilə başlamış iğtişaş ölkənin gündəmində olan başlıca mövzulardandır. Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media, ümumən, hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. 
Məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profillərinin də olduğunu böyük təəssüflə qeyd edən AMŞ sədri dedi: “Onlar özlərinə sərfəli fikir və düşüncələri, bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda, biz aşkar təfriqəçilik meyillərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür”. 
Əflatun Amaşov daha sonra qeyd etdi ki, Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən antimilli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir. Ölkəmizin adı ilə bağlı olan və dünyanın enerji xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi antiazərbaycan qüvvələri hərəkətə gətirib. Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən informasiya müstəvisindəki təxribatlar artır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz belə arzuolunmaz halların şahidi olmuşuq. 
Hər hansı hadisənin timsalında ölkə rəhbərliyinin, ayrı-ayrı məmurların təhqir olunması, onların ünvanlarına aşağılayıcı ifadələr səslənməsi iclasda kəskin pisləndi. Bildirildi ki, əxlaqa və qanuna zidd hallarda məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusiya quruluşunu sarsıtmaqdır. Media ictimaiyyəti belə təhlükəli təmayüllərə münasibətdə daim ayıq-sayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməlidir. 
Geniş, prinsipial müzakirələrdə AMŞ İdarə Heyətinin üzvləri, aparıcı media qurumlarının rəhbərləri və nüfuzlu qələm sahibləri bildirdilər ki, düşmən dairələrin ölkəmizin informasiya məkanında təxribatlar yaratmağa çalışdığı vaxtlarda ciddi media vasitələri ehtiyatı əldən vermir. Ümumilikdə, ölkə mediası son hadisələrin doğurduğu sınaqdan da üzüağ çıxmağı bacardı. Ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlar daha da fəallaşıblar. Sosial şəbəkələrdə yayılmış fikirlərə, bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır. 
Çıxış edən natiqlər Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyini və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdiyini də diqqətdən qaçırmadılar. Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilənədək yayılmış yanlış məlumat axınının nisbi çaşğınlıq yaratdığı təəssüfləndirici hal kimi nəzərdən keçirildi. Qeyd edildi ki, bundan sonra belə məqamlara diqqət yetirilməli və oxşar halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır. 
Cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müvafiq dövlət qurumları da iştirak etdiyindən rəsmi orqanların iş operativliyinin güclənməsinə ehtiyac duyulur. Buna görə də iclasda ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyi vurğulandı. 
Müzakirələrdə Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdikləri qeyd olunmaqla yanaşı, dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığını bundan sonra daha da gücləndirməyin zəruriliyinə də toxunuldu. Göstərildi ki, bu baxımdan müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında vaxtaşırı, yeri gələndə isə operativ görüşlərin keçirilməsinə ehtiyac var. Bu həm də ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməməli, konkret hadisə və prosesin təhlilinə əlavə imkan da qazanmalıdır ki, cəmiyyət geniş məlumatlandıra bilsin və düzgün yönləndirilsin.
Media təmsilçiləri qeyd etdilər ki, vacib hadisə və proseslər zamanı informasiya boşluğunun yaranması ilə ayrı-ayrı sosial şəbəkə profillərinin        fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir. Dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə yaranmış informasiya boşluğunun qarşısının alınması üçün KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir. Bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı alına bilər.
Söylənən təkliflər arasında ideoloji təxribat hallarına qarşı media müstəvisində mübarizə konsepsiyasının hazırlanması, fövqəladə hallar zamanı operativ qərargahın yaradılması və bu işə media orqanlarının da cəlb edilməsi, ekstremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrinə çıxarılması, ölkənin informasiya məkanında yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə edildiyindən onlara qarşı mübarizədə diplomatik vasitələrdən də geniş istifadənin vacibliyi kimi mülahizələr də diqqətiçəkən oldu və təqdir edildi.
Bütövlükdə, toplantıda ölkənin media orqanlarının son hadisələr zamanı kifayət qədər peşəkar mövqe ortaya qoyması vurğulanmaqla yanaşı, səhvlərə, boşluqlara yol verilməsi də qınağa çəkildi. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbləri bir daha yada salındı. Hamılıqla qeyd edildi ki, dövlət əleyhinə çağırışlar edən elektron media vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ölkə qanunvericiliyindəki konkret müddəalar daha işlək hala gətirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfransda da ölkənin milli təhlükəsizliyinin təmin edilməsində, dini radikalizmlə mübarizədə dövlət orqanları ilə kütləvi informasiya vasitələrinin əlbir, məqsədyönlü fəaliyyətinin məzmu və yönləri diqqət mərkəzində oldu.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunaraq bildirdi ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələri də təsirli rol oynayır. Mediada milli maraqlar məsələsində həmrəyliyin zəruriliyi getdikcə daha aydın təzahür edir. O, söylədi ki, din cəmiyyətdə həssas məsələlərdən olduğundan bu mövzuda yazan jurnalistlərin ətraflı dini bilikləri olmalıdır. Media bu mövzuları işıqlandıran zaman diqqətli olmalı, məsələyə həssaslıqla yanaşmalıdır.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd etdi ki, Azərbaycan mətbuatı həmişə milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycanda 
3 milyona qədər sosial şəbəkə istifadəçisinin olduğunu diqqətə çatdıran Mətbuat Şurasının sədri dövlətə qarşı olan bəzi qüvvələrin sosial şəbəkələrdən öz məkrli məqsədlərini yaymaq üçün istifadə etdiyini də təəssüflə vurğuladı. O, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etməyin mümkün olmadığını bildirdi.
Bu konfransdakı müzakirələrdə də son günlər baş verən hadisələrin İslam dini ilə əlaqəsinin olmadığı bildirildi, ayrı-ayrı qrupların din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq, ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmağı hədəfə alan cəhdləri kəskin pisləndi. Çıxışlarda hansısa cinayət əməllərində İslam dininin adından sui-istifadə olunmasının qətiyyən yolverilməz olduğu qətiyyətlə söyləndi. 
Diskussiyalarda Gəncə hadisələri zamanı kütləvi informasiya vasitələrində çalışanların əksəriyyətinin peşəkarlıq nümayiş etdirərək öz işini düzgün qurması, dövlətimizə və xalqımıza qarşı yönəlmiş terror və təhdidlərlə mübarizədə KİV-in dövlətin və xalqın yanında olması qeyd edilməklə yanaşı, düşmən qüvvələrin əlində alətə çevrilən bəzi internet saytları və sosial şəbəkə istifadəçiləri də kəskin ittiham edildi. Konfransda dini radikalizmlə mübarizədə kütləvi informasiya vasitələrinin davamlı və təsirli maarifləndirici rolundan da söz açıldı.
Beləliklə, Gəncədə yaşanan olaylar Azərbaycanın mütərəqqi media cameəsinin elektron media və sosial şəbəkələr müstəvisində əsaslı tənzimləmələrin aparılmasına dair zaman-zaman səsləndirdiyi baxışların əməli iş müstəvisinə daşınmasının vaxtının çatdığını bir daha sübuta yetirdi. AMŞ sədri Əflatun Amaşovun açıqladığı kimi: “Heç bir halda mövcud sahədə hansısa mürtəce addımlar atıla bilməz. Sadəcə, hazırlanmış qanuni mexanizmlər konkretləşdirilməli, təkmilləşdirilərək kompleks əhəmiyyət daşımalıdır. Söz azadlığının dövlətə qarşı qəsd azadlığı anlamı daşıması əsla yolverilməzdir”.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”,
Əməkdar jurnalist

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında