Suriya ordusu cənub-qərb istiqamətində irəliləyir

Suriyada prezident Bəşər Əsədin nəzarətində olan hərbi qüvvələr ölkənin İsraillə sərhədinə doğru irəliləməkdədir. Aviasiyanın endirdiyi hava zərbələri nəticəsində Əl-Kuneytra əyalətində, azı, 10 nəfər dinc sakin həlak olub. Məlumatı “Anadolu” agentliyi verib. 
 
Məlumata görə, Ayntin kəndində bomba partlaması nəticəsində həlak olanlar əsasən uşaqlardır. Hökumət qüvvələri İordaniya ilə sərhəddəki Əl-Kuneytra əyalətinin böyük hissəsini ələ keçirdikdən sonra İsrail sərhədi istiqamətində irəliləyir. Deraa və Əl-Kuneytra əyalətlərinin kəsişməsindəki yaşayış məntəqələrində şiddətli döyüşlər iyulun 16-dan başlayıb və hazırda da davam edir.  
Xatırladaq ki, əl-Kuneytra ərazisinin xeyli hissəsinə silahlı müxalifət nəzarət edir. Çox da böyük olmayan Tasil rayonu isə İŞİD terrorçularının əlindədir. 
TASS-ın “Əl-Nəsra” portalına istinadən verdiyi məlumatda isə bildirilir ki, dünən hərbi əməliyyatların aparıldığı ərazidən Suriya-İsrail sərhədinin Colan yüksəkliyindəki təmas xəttinə 200-dən artıq suriyalı qaçqın pənah gətirib, lakin onlar İsrailin nəzarətində olan təhlükəsiz əraziyə buraxılmayıblar. İsrail hərbçiləri onların ərazidən çıxıb getmələrini tələb ediblər.     
Suriya ordusunun ölkənin cənub-qərbində “Cəbhət ən-Nüsrə” terror qruplaşmasına qarşı əməliyyatları davam edir. Dünənki döyüşlər nəticəsində Əl-Xara şəhərinin və onun yaxınlığındakı strateji əhəmiyyətli yüksəkliklərin azad olunduğu bildirilib. Bir qədər əvvəl isə Suriya-İsrail sərhədinin 11 kilometrliyindəki Məsxərə yaşayış məntəqəsi hökumət qüvvələrinin nəzarəti altına keçib.    
Qeyd edək ki, 1944-cü ildən Suriyaya məxsus olan Colan yüksəkliyi 1967-ci ildə altıgünlük müharibənin gedişində İsrail tərəfindən işğal edilib.  Suriyada vətəndaş müharibəsi isə 2011-ci ildən dinc nümayişlərin silahlı münaqişəyə çevrilməsi ilə başlanıb. Hərbçilərin nümayişçilərə atəş açmasından sonra vəziyyət daha da gərginləşib. BMT-nin məlumatına əsasən, münaqişə 400 mindən artıq insanın həyatına son qoyub, 10 milyondan artıq insan evini tərk edib, 4,8 milyon nəfər ölkənin xaricində sığınacaq tapıb. 
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında