İslam mərhəmət, xeyirxahlıq, səmimiyyət dinidir

Neçə gündür ki, Gəncədə baş verən hadisələrlə bağlı fikirlər söylənir, mülahizələr irəli sürülür. Həmin fikirlərin ortaq nöqtəsi budur ki, Azərbaycanda din pərdəsi altında gizlənən ekstremist-radikal qruplar zaman-zaman məqam tapan kimi, başlarını qaldırırlar. Onlar Azərbaycan dövlətinin, xalqımızın düşmənləridir, sabitliyi pozmağa cəhd edirlər. Amma unudurlar ki, ölkədə sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bizdə isə  xalq-- iqtidar birliyi sarsılmazdır. Bu birliyi pozmağa heç bir daxili və xarici qüvvənin gücü yetməz.

Sosial şəbəkələrdə fikir bildirənlərin də əksəriyyəti törədilən təxribatlarda radikal dini qrupların əlinin olduğunu inkar etmirlər. Bəs kim zamin durar ki, istifadəçisi olduğumuz sosial şəbəkələrdə paylaşım edənlərin bir hissəsi başqa dövlətin tapşırıqlarını yerinə yetirmir?

Bu tapşırıqları yerinə yetirib qardaş qanı axıdanlara dəstək vermək özü də cinayətdir. Azərbaycanda heç kim asayişin pozulmasını, güllə atılmasını, insanların öldürülməsini istəmir. Çünki, ölən də, öldürən də  bizdəndi, damarlarında eyni millətin qanı axır. İslam dininin əsasını, mahiyyətini bilən kəs “Allahu Əkbər” deyib xəncər çıxarmaz, qan tökməz. Bir gün o nadanlara Allah öz böyüklüyünü göstərəcək. Nahaq axıdılan qanları yerdə qoymayacaq. İmam Hüseyn  adına bu cür qan tökmək nə dinə yaraşır, nə də məntiqə. İmam Hüseyn haqq yolunda, haqq uğrunda döyüşüb, haqqı müdafiə edib, haqsızlığa qarşı qan töküb. Onun adını çağırıb baş kəsmək əxlaqsızlıqdı, dinə hörmətsizlikdi, alçaqlıqdı.

Bunlar ölkəmizin sabitliyinə xaincəsinə uzanan düşmən əlləridir. Bu əllər yerində və anında kəsilib atılmalıdır ki, nə zamansa, yenidən elə fikrə düşmək istəyənlərə də dərs olsun. Bu xalqın erməni adlı düşməni var və yetər.

Sosial şəbəkədə oxudum ki, Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib: “Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”.

Bəllidir ki, bu terrorçular--yunislər, rəşadlar, mahirlər, fərruxlar harada hazırlanıb tapşırıq almasından asılı olmayaraq, onlar cinayət törətməyə istiqamətləndirilmişlər. Asayişi qoruyana  bıçaq çəkilib, həyatına qəsd edilib. Bizimkilər--Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həmin an təkcə peşə fəaliyyətlərini yerinə yetirmirdilər, onlar dövlətin üstünə gələn cinayətkar ünsürlərin, radikal millətçilərin və terrorçuların qarşısında sipər oldular. Yüksək rütbəli iki polis zabiti "Allahu əkbər" deyən qaragüruhun, cahil zehniyyətin qurbanı oldu. Bu qədərmi insanın beyni yuyular, zombiləşər ki, ağına- bozuna baxmadan “vur”, “öldür”lə hərəkət edə?! Hamıya məlumdur ki, polisin onları anındaca zərərsizləşdirmək imkanı vardı. Onlar heç düşünmədilər ki, asayiş vaxtı, həyat öz axarı ilə getdiyi bir anda qəflətən Allahı çağırıb onların ürəyinə xəncər saplayarlar.

Din pərdəsi altında cinayət edən hər kəs qatildir, canidir. Özgə qabını yalayıb millətinin övladına bıçaq çəkənin yeri cəhənnəmdir. Azacıq dini bilgisi olan, bunu anlayar.  Caninin özü yaşadımı?  Amma onu yallandıranlar yaşayır, öz cinayət törətmək missiyalarını davamlı olaraq həyata keçirmək üçün yeni qurbanlar axtarırlar.

Ayıq olun, gənclər! Unutmayın ki, İslam dini mərhəmət dinidir, xeyirxahlıq və səmimiyyət dinidir. Haqlını müdafiə etməyi, haqsızdan haqqını tələb etməyi, Allaha və valideynə asi olmamağı, böyüyə hörmətlə yanaşmağı, imanlı olmağı öyrədir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında