Təkdırnaqlı heyvanlarda manqo xəstəliyi aşkarlanmayıb

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bu ilin 6 ayı ərzində manqoya görə diaqnostik müayinəyə (malleinizasiyaya) 38704 baş təkdırnaqlı heyvan cəlb edib. Aparılan müayinələrin nəticəsinə əsasən təkdırnaqlı heyvanlar arasında (atlar və ulaqlar) manqo xəstəliyinə görə yoluxma aşkar edilməyib.

Qeyd edək ki, manqo təkdırnaqlı heyvanların xroniki gedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyə əsasən, təkdırnaqlı heyvanlar həssasdır. Nadir hallarda dəvələr və pişik ailəsinə daxil olan yırtıcı heyvanlar xəstəliyə tutulur. Manqo xəstəliyinə insanlar da həssasdır.

İti forma zamanı temperaturun yüksəlməsi (41dərəcəyədək), burun və gözün selikli qişasının hiperemiyası, heyvanın ümumi zəifliyi nəzərə çarpır. Xəstəliyin 2-3-cü günündə burnun selikli qişasında xırda sarı rəngli düyünlər əmələ gəlir. Bu düyünlər böyüyərək biri digəri ilə birləşir və nekrotik iltihab baş verir.

Xəstəlik iti formada 2-4 həftə davam edir və çox vaxt ölümlə nəticələnir.

Xəstəliyin xroniki forması zamanı periodik olaraq temperaturun yüksəlməsi, ağciyərin emfizeması, burun axıntısı, öskürək və çənəaltı limfa düyünlərinin böyüməsi görünür. Xəstəliyin xroniki forması bir neçə aydan bir neçə ilə qədər davam edir. Latent (gizli) forma atın bütün ömrü boyu davam edə bilər və spesifik diaqnostika üsulları ilə aşkar edilir.

Atçılıq komplekslərinə və təsərrüfatlarına toplanmış atlar mütləq kliniki müayinədən keçirilməli və göz malleinizasiyası (allergik diaqnostik sınaq) ilə yoxlanmalıdırlar. Manqo baş verən zaman təsərrüfat qeyri-sağlam hesab edilir və karantin qoyulur. Karantin dövründə atların başqa təsərrüfatlara və sahibkarlara verilməsi, onların qruplaşdırılması qadağan edilir. Xəstə heyvan müalicə olunmur, zərərsizləşdirilir.

Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən manqo xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında