Parisdə diplomatların tədbirində Bakının Ümumdünya sərgisinə namizədliyi ilə bağlı məlumat verilib

Parisdə Fransa Respublikasının milli bayramı və “Diplomatik məktub” (La Lettre Diplomatique) jurnalının 30 illik yubileyi münasibətilə “Diplomatic Garden Party” adlı tədbir keçirilib.
 
Bu ölkənin “Diplomatik məktub” (La Lettre Diplomatique) jurnalının rəhbəri Didye Vidal tərəfindən ənənəvi olaraq hər il keçirilən builki tədbirdə Azərbaycan fəxri qonaq qismində iştirak edib və  Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi təqdim olunub.
D.Vidal tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib və Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyinə uğurlar arzulayıb. 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov əvvəlcə fransızları Fransa Respublikasının milli bayramı münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bayram edilməsindən,  qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmiz üçün ideoloji miras qoyan nümunəvi respublika olmasından söz açıb. Xalq Cümhuriyyətinin uğurlarından, həyata keçirdiyi islahatlardan, müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olmasından danışıb. Onun daxili və xarici siyasətinin humanizm, dünyəvilik, azadlıq və qanun qarşısında hamının bərabərliyi prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.   
Son illər Azərbaycanın qazandığı uğurlardan bəhs edən A.Kərimov vurğulayıb ki, əldə olunan bu nailiyyətlərin təməlində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır. 
A.Kərimov çıxışında Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. 
2018-ci ilin noyabr ayında Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyası tərəfindən Bakı “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibi seçiləcəyi təqdirdə bunun ölkəmiz üçün ikiqat bayram olacağını vurğulayıb. Qeyd edib ki, Ümumdünya Sərgisi texnoloji və sənaye yeniliklərini nümayiş etdirən beynəlxalq tədbirdir və bəşəriyyətə böyük tarixi miraslar qoyub. 
Bildirib ki, Ümumdünya Sərgisinə ev sahibliyi edərək ölkəmiz bəşəriyyətin gələcəkdə üzləşdiyi hədəflər üzrə müzakirələrdə iştirak etmək istəyir. Diqqətə çatdırıb ki, “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusuna üstünlük verməklə Bakı müzakirələrin mərkəzinə insan amilini qoymaq və bütün ölkələri öz gələcəyi haqda düşünməyə dəvət etmək niyyətindədir. 
Sonra tədbir iştirakçıları “Beynəlxalq münasibətlər şəhərciyi” adlı sərgi zalında Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyini təqdim etmək üçün xüsusi hazırlanmış stend ilə tanış olublar. 
Azərbaycan stendində milli mətbəximizin təamları və ənənəvi rəqslərimiz təqdim olunub. Tədbirdə xüsusi təşkil olunmuş lotereya vasitəsilə Azərbaycana 2 nəfərlik səyahət bileti qazanılıb. 
Fransanın tanınmış ictimai xadimləri, dövlət qurumlarının, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri tədbirdə iştirak ediblər.  
 
Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında