Azərbaycan dövlətinin müstəqil siyasət marafonu uğurla davam edir

Azərbaycan dövlətinin müstəqil siyasəti, ölkəmizin hərtərəfli inkişafı və dünya düzənində mövqelərini möhkəmləndirməsi dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Dostların xoş məramı yeni uğurlarımız üçün əlavə stimula çevrilir, bədxahlarımızın məyusluqları isə açıq-gizli maneələrə, təhdid və təxribatlara çevrilərək problemlər yaradır.
 
Bu ayın əvvəlindən ölkəmizdə və onun ətrafında baş verənlər iyulun qızmar günləri kimi, siyasi barometrdə də yüksək hərarətlə müşayiət olundu. Gizli hazırlanmış və məqamında ortaya atılmış Gəncə oyununun açıq və gizlin təfərrüatlarını araşdırarkən, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri ilə bağlı məqamlara da diqqət yetirmək lazım gəlir. Hər şeydən öncə ona görə ki, Azərbaycanın  iqamətgahı bu şəhərdə yerləşən Avropa İttifaqı və NATO ilə əlaqələrinin yüksələn xətlə inkişafı və perspektivləri dostlarımız üçün maraqlı olduğu qədər də düşmənlərimiz üçün həssas, önəmli bir məsələdir. Dostlarımız bu əlaqələrin yaxşılaşmasında nə qədər məmnundursa, həmin qurumlarla ciddi problemləri olan ölkələr isə bunu o qədər arzulamır.
Səfər ərəfəsində Gəncə şəhərində dövlətçiliyə qarşı qəsdin təşkilatçıları arasında müstəqil Azərbaycanın Qərbin önəmli iqtisadi və hərbi blokları ilə yaxınlaşmasını istəməyən dairələrin ola bilməsini düşünmək ağlabatandır. Ölkəmizə belə bir başağrısı yaratmaq Brüssel görüşləri ərəfəsində ona nəyisə anladıb qəbul etdirmək cəhdi kimi qəbul edilə bilər. 
Brüssel anlaşmaları ərəfəsində qonşu Rusiyanın parlament nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olması, burada keçirilən konfransa qatılması düşmən dairələrdə Ermənistanın hərbi-strateji müttəfiqi olan bir ölkənin öz xarici siyasətində dolayısı ilə Azərbaycana üstünlük verməsi təzahürü kimi ciddi qıcıq yaratdı. Bu məsələdə ciddi qınağa məruz qalan Rusiya Liberal Demokrat Partiyasının kəmhövsələ sədri Vladimir Jirinovski isə qəribə bir təmkinlə öz ölkəsinin Azərbaycana və Ermənistana münasibətdə hansınasa üstünlük verməsinin yolverilməz olduğunu söyləməyə məcbur oldu, üstəlik, açıq eyham da vurdu ki, SSRİ-nin dağılmasından indiyədək davam edən problemin həlli münaqişə tərəflərinin əvvəlki ittifaq məkanının bərpasına razılaşması ilə mümkün ola bilər.
Son illərdə Ermənistanda artan antirusiya əhvalı, nəticədə, oyuncaq Sarkisyan--Koçaryan rejiminin yıxılması, sosial-iqtisadi böhran məngənəsindən çıxa bilməyən Ermənistanda, perspektivi məlum olmayan siyasi böhranın da dərinləşməsi bu iki ölkəyə münasibətdə tarazlığın qorunub saxlanmasını zəruri sayan dairələrin Azərbaycanı hərtərəfli inkişafdan saxlamaq arzusu və cəhdləri ilə də müşayiət olunur. 
Günün gerçəkliyi belədir: Azərbaycan müstəqil siyasətini davam etdirir, ən çətin problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün dünyanın güc mərkəzləri ilə inamlı dialoqlar aparır, beynəlxalq strateji qurumlar üçün önəmini getdikcə artırır. Digər dairələr isə bunu istəmir, Azərbaycanı müstəqil siyasətdən çəkindirmək üçün çeşidli maneələr, təzyiqlər yaradır. Brüssel səfəri qarşısında Gəncədə yaradılan təxribat və qəsdləri, məlum enerji böhranını da bu təhdidlər sırasına daxil etmək olar. Ermənistanın və himayədarlarının işğal faktını legitimləşdirmək yolunda onilliklər boyu atdıqları addımlar açıq-aşkar uğursuzluğa düçar olub. Lakin heç bir halda zəifləmiş Ermənistanı daim güclənən Azərabaycanın qarşısında müdafiəsiz qoymaq istəmirlər. Bunun üçün, hansı yollarlasa  Azərbaycandakı inkişafı dayandırmağa, onun uğurlu diplomatiyasının qarşısını almağa çalışırlar.
Lakin illərdən bəri olduğu kimi, bu dəfə də Azərbaycanın müstəqil siyasət marafonunu dayandırmaq, onu azacıq da olsa marşrutundan sapdırmaq mümkün olmadı. Prezident İlham Əliyev meteroloji istiliklə bir vaxta düşən siyasi hərarətin belə yüksəlişi atmosferində Brüssel səfərini böyük uğurla gerçəkləşdirdi.
Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi yüksək səviyyədə qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında fikir mübadiləsi aparıldı. 
Görüşdə, gözlənildiyi kimi, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə  olundu. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verdi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd etdi. 
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanma üçün hazırlanmış “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirdilər, bu sənədin Azərbaycan--Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd etdilər.  Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin təntənəli paraflanması mərasimi oldu. 
Bu önəmli sənədin birinci bəndində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetlərinin razılaşdırıldığı bildirilir. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.
Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini də qeyd edir.  Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfəni də Avropa İttifaqı vurğulayır. “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu da inamla bildirilir. 
“Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Yeni sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüssel səfəri zamanı NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda da iştirak etdi. 
NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edən dövlətimizin başçısı İlham Əliyev müzakirələrdə çıxış edərək dedi ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. 
Prezident İlham Əliyev görüş iştirakçılarının nəzərinə çatdırdı ki, Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edilir. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur.  Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib. Ötən il Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib. 
Görüşdə ölkəmizin ən ağrılı məsələsini gündəmə gətirən Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır. Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verilən davamlı dəstəyi yüksək qiymətləndirir. 
Ölkəmizin rəhbəri sonda qeyd etdi ki, Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırılması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək. 
Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovun, Stefan Viskontinin və Endrü Sxoferin vasitəçiliyi ilə keçirilən görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak etdi. Dörd saata yaxın davam edən görüşdə Ermənistan--Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olundu və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd edildi, prosesin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparıldı. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə də görüşdü. Tərəflər Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdilər. Söhbət zamanı Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi də müzakirə edildi. 
Prezident İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə keçirdiyi görüş və müzakirələrdə  Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edildi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin təxirəsalınmazlığı qətiyyətlə irəli sürüldü. 
Azərbaycan rəhbərinin Belçikaya səfərinin xronikasından da məlum olduğu kimi, Avropa İttifaqı Şurasının rəhbərliyi ilə keçirilən görüşlər və imzalanan yeni tərəfdaşlıq sənədi əlaqələrin daha da dərinləşməsinə yol naçdı. Dövlət başçısı İlham Əliyevin qurumun prezidenti Donald Tuskla keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı.
NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü çərçivəsində aparılan danışıqlarda isə beynəlxalq hərbi-siyasi qurum rolu oynayan olan bu təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı üçün yeni hüdudlar açıldı. Keçirilən bütün görüşlər Azərbaycan dövlətinin mövqelərinə yeni dividentlər gətirdi. Onsuz da mat vəziyyətinə düşmüş  Ermənistanın isə heç bir gedişi baş tutmadı və onun  yeni  rəhbəri Brüsseldən  əliboş  və məyusluqla geri döndü.
Əlbəttə bütün bunlar bir daha dostlarımızı sevindirdi, düşmənləri isə kədərləndirdi.
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında