Tərtərlilər nailiyyətləri artırmaq əzmindədirlər

Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr və cari ilin əvvəlindən rayonda görülmüş işlər geniş müzakirə olunmuş, qarşıda duran hədəflər dəqiqləşdirilmişdir.
 
Dövlət başçısının sədrliyi ilə keçirilən iclas barədə ətraflı məlumat verən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, son 15 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi göstəricilərinin davamlı yüksəlişi bu il də davam edir. Bütün ölkəmizdə olduğu kimi, cəbhəyanı Tərtər rayonunda da ilin ötən 6 ayında həyatın ayrı-ayrı sahələrində müəyyənləşdirilmiş işlər, quruculuq tədbirləri, önəmli layihələr uğurla gerçəkləşdirilmişdir. Ölkə rəhbərinin qarşıya qoyduğu növbəti vəzifələri ətraflı şərh edən icra başçısı birinci yarımildə rayonda qazanılmış nailiyyətlərdən, onları artırmaq yollarından da söz açmışdır. 
Yığıncaq iştirakçılarının müzakirəsinə təqdim olunan hesabatda göstərilmişdir ki, sistemli şəkildə həyata keçirilən məqsədyönlü islahatlar ölkəmizin digər regionları kimi, Tərtərin də hərtərəfli sosial-iqtisadi inkişafını təmin etmişdir. Rayon zəhmətkeşlərinin gərgin əməyi sayəsində ümumi məhsul buraxılışının həcmi 95,6 milyon manata çatdırılmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 milyon 911,9 min manat təşkil etmişdir. Bunun 15 milyon 966,6 min manatlığı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İlin əvvəlindən 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Birinci yarımildə ötən ilin müvafiq dövrünə nisbətən ümumi istehsal və xidmətlərin həcmi 1,2 faiz yüksəlmişdir. Bu dövrdə kənd təsərrüfatı məhsulları 4,9, nəqliyyat xidmətləri 1,2, informasiya və rabitə xidmətləri 5,7, pərakəndə ticarət dövriyyəsi 0,9, iaşə xidmətləri 0,7, ödənişli xidmətlər 1,1 faiz artmışdır. İlin əvvəlindən 2108 yeni iş yeri açılmışdır ki, bunun da 211-i daimidir. Orta aylıq əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 259 manat təşkil etmişdir. 
İqtisadiyyatın əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmişdir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi 34,2 milyon manat təşkil etmişdir. Bunun 62 faizi bitkiçilik, 38 faizi heyvandarlıq sahəsinin hesabına formalaşmışdır. Cari ilin məhsulu üçün bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Bunun 11 min 725,9 hektarı dənli və dənli-paxlalı, 5 min 603,9 hektarı texniki, 1 min 514,6 hektarı kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarı yem bitkiləri olmuşdur. Bu mövsümdə dənli və dənli-paxlalı bitkilərin əkini 19 faiz artmışdır. 859 hektarda şəkər çuğunduru, 1445 hektarda günəbaxan əkilmişdir. 
Bildirilmişdir ki, dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə ənənəvi gəlirli fəaliyyət sahəsi olan pambıqçılığın inkişaf etdirilməsinə uyğun olaraq, Tərtər rayonunda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Keçən ilə nisbətən pambıq əkini 5,7 faiz artırılaraq bu il 3,3 min hektara çatdırılmışdır. Hazırda pambıq sahələrində becərmə işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu ilin məhsulu üçün 11 min 556 hektar sahədə taxıl əkilmiş, zəmilərdən 37 min 273,3 ton məhsul yığılmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,5 sentner, arpa üzrə 33,5 sentner təşkil etmişdir. İndiyədək 72,1 ton dən üçün qarğıdalı, 4 min 840,7 ton kartof, 6 min 790,8 ton tərəvəz, 1660 ton meyvə istehsal edilmişdir. Bakı şəhərində keçirilən yarmarkalara fermerlər 28 ton meyvə-tərəvəz, 2,4 ton ət, 2,4 ton süd məhsulları, 6,5 min ədəd meyvə tingləri çıxarmışlar.
Builki mövsümdə rayonda 10 min 228,3 kiloqram barama tədarük edilmişdir. Bu, barama istehsalının ötən ilə nisbətən 2,2 dəfə artması deməkdir.
Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə iri malın sayı 27,5 min başa, xırdaheyvanlar 60,4 min başa çatdırılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə inək-camışların sayı 625 baş artmışdır. 1916 ton ət, 12 min 684 ton süd, 7 milyon 520 min ədəd yumurta və 111 ton yun istehsal edilmişdir. Ət istehsalı 1,5 faiz, süd 2 faiz, yumurta 8.2 faiz artmışdır.
Fermərlərin toxum, mineral gübrə, texnika, əkin suyu və digər zərururi vasitələrlə təmin edilməsi üçün bütün tədbirlər yüksək səviyyədə həyata keçirilir. İlin birinci yarısında süni mayalanma ilə doğulan 436 baş buzova görə maldarlara 33,6 min manat vəsait ödənilmişdir. 842 pambıqçıya 839 min manat, 514 şəkər çuğunduru istehsalçısına 256,4 min manat subsidiya verilmişdir. Mövcud 495 subartezian quyularından 486-sı işlək vəziyyətdədir, 13 yeni quyunun 9-da qazma işləri başa çatdırılmışdır.
6 ay ərzində 183 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığa Kömək Milli Fondu 13 sahibkara 242 min manat güzəştli kredit vermişdir. Həmin sahibkarlar 85 yeni iş yerləri açmışlar. 17 yeni sahibkarlıq obyektinin tikintisinə icazə verilmişdir.
Hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət obyektlərinin normal fəaliyyəti təmin edilmişdir. Xidmət təşkilatları əhalinin su, elektrik enerjisi, qaz və digər zəruri ehtiyaclarının ödənilməsi üçün lazımi tədbirləri həyata keçirmişdir. 
Tərtər RİH vətəndaşların müraciətinə baxılması işini diqqət mərkəzində saxlamışdır. Bu müddət ərzində rayon icra hakimiyyətində 646 müraciətə baxılmış, 20 səyyar qəbul keçirilmişdir. 
Müzakirələrdə çıxış edənlər ayrı-ayrı sahələrin uğurlarını və həllivacib məsələləri gündəmə gətirmiş, mülahizə və təkliflərini söyləmişlər.
Qəbul edilmiş qərarda bildirilmişdir ki, ilin birinci yarısında bütün sahələr üzrə əldə edilmiş yüksək göstəriciləri qoruyub artırmaq üçün bundan sonra da nəzərdə tutulmuş tədbirlərin icrası bütünlüklə təmin edilməlidir.
Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”nin
 bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında