Kürdəmir: aqrar sektorun innovativ inkişafı təmin olunur

 “Rayon iqtisadiyyatının aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14 min 650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək, əkin dövriyyəsinə cəlb edilib və həmin torpaqlarda 5 aqropark yaradılıb. Həmin torpaqlar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, öz vəsaitləri hesabına aqropark yaratmaqla, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qurmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən 5 sahibkara icarəyə verilib”.
 
Bu fikirləri Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ­2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında səsləndirdi. Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində, eyni zamanda, Dövlət Proqramına əsasən rayonda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata ­keçirilir.
Məsələn, 2018-ci ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul buraxılışı 6,6 faiz artaraq 174043,3 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 66,5 faizi istehsal sahələrində, o cümlədən 18,9 faizi sənayedə, 43,4 faizi kənd təsərrüfatında, 4,2 faizi tikintidə, 33,5 faizi xidmət sahələrində, o cümlədən 1,3 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 32 faizi ticarətdə olub. İlin birinci yarısında 499 nəfər işlə təmin olunub ki, bunun da 474 nəfəri daimi işdədir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ötən 6 ayda 4 sahibkara 42 min manat məbləğində kredit verilib və nəticədə 5 yeni iş yeri yaradılıb. Eyni zamanda, 325 nəfər müvəqqəti işlə təmin olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonda aqrar sektorun inkişafına diqqət artırılıb. Bu il 14 min hektarda yazlıq bitkilər əkilib, sahələrin becərilməsinə 20 mindən çox işçi cəlb edilib. Ötən illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılıb. Pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülüb. Pambığın ixracyönümlü məhsul olması nəzərə alınaraq, əkin sahələri genişləndirilib. Bu il 5030 hektar sahədə, yəni ötən ildəkindən 1000 hektar artıq sahədə pambıq əkilib, sahələrdə əsasən normal bitki alınıb, kompleks becərmə işləri vaxtında aparılır. 
Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 1240 hektaradək dənlik qarğıdalı əkilib və həmin sahələrin yüksək məhsuldarlığı təmin edən, müasir texnologiya ilə becərilməsi təşkil olunub. Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox qarğıdalı dəni götürüləcəkdir və bu da 12 min tondan çox məhsul deməkdir. 
 Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonda 199 kümçüyə 520 qutu barama qurdu verilib. Nəticədə rayon üzrə 20380 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilib. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur. 
Həmçinin rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilib, 8 hektaradək sahədə istixana təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilib ki, bunun da 210 tondan çoxu ixraca yönəldilib. İnvestisiya qoyuluşu məqsədi ilə rayona cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd ərazisində 2,5 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılır.
Natiq qeyd etdi ki, rayon iqtisadiyyatının bütün sahələrində qazanılan uğurlarla yanaşı, xidmət sektorunda da qarşıya qoyulan vəzifələr yüksək səviyyədə yerinə yetirilir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu fikirlər konkret faktlarla ifadə edildi. Məsələn, bildirildi ki, rayonun Atakişili kəndinin yeni salınmış massivində yaşayan 2200 abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 5500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişi işləri davam etdirilir. Qazlaşdırma işləri aparılan Mollakənd və Muradxan kəndlərində tikinti-quraşdırma və tamamlama işləri başa çatmaq üzrədir. Qarasu kəndində və Qarabucaq qəsəbəsində qaz xətlərinin çəkilişi hazırda davam edir. 
2018-ci ilin 6 ayı ərzində rayonda aparılan tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri barədə danışan natiq qeyd etdi ki, Prezidentin müvafiq sərəncamlarına əsasən Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çərtəyəz kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin tikilməsi işi başa çatdırılıb. Bağman, Öyləqulu və Təklə kəndlərində hər biri 80 şagird yerlik modul tipli məktəblərin tikilməsi nəzərdə tutulub.
 Prezidentin bu il verilmiş sərəncamları əsasında Kürdəmirdə “ASAN xidmət” mərkəzinin və xalça istehsalı emalatxanasının tikintisi planlaşdırılıb. Bu məqsədlə torpaq­ayırma sənədləri hazırlanaraq təsdiq edilib, hər iki layihə üzrə tikinti işlərinə başlanılıb. 
 Prezidentin yerli əhəmiyyətli kənd yollarının əsaslı təmiri və yenidən qurulmasına dair sərəncamı ilə əlaqədar rayonun Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarında yol yatağının torpaq işləri tamamilə başa çatdırılıb. 
Natiq qeyd etdi ki, kürdəmirlilər həmişə olduğu kimi, bundan sonra da dövlətin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər. 
 
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında