NATO-nun Brüssel Zirvə toplantısında Azərbaycan diqqət mərkəzində oldu

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında  1993-cü ildə əsası qoyulan diplomatik münasibətlər ötən dövrdə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. 1996-cı ildə “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılmasında önəmli rol oynayıb. Xatırladaq ki, həmin saziş çərçivəsində Avropa Birliyi  Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardım dəstəyi göstərib.  
 
Azərbaycan Respublikasının Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Avropa İttifaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarı da ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Respublikamızla adıçəkilən qurum arasında əməkdaşlığın əsas istiqamətlərindən birini də enerji dialoqu təşkil edib. Belə ki, 2006-cı il noyabrın 7-də Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı imzalanan “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı, müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət, habelə  bərpa olunan enerji mənbələrinin istifadəsi  sözügedən memorandumun əsas məqsədi olub.
Yeri gəlmişkən, 2006-cı il noyabrın 14-də Avropanın “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” təsdiq olunub, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənib. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.   
Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub. Ölkəmiz “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edib. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri, həmçinin miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları açıb. 
Avropa İttifaqının Azərbaycanla əlaqələrininin TRASEKA çərçivəsində, eləcə də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönələn digər proqramlar çərçivəsində reallaşdırması nəzərdə tutulub. 
Prezident İlham Əliyevin iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə də bu və digər məsələlər ətrafında ətraflı danışılıb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bir müddət əvvəl rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.
Görüşdə ən mühüm məqamlardan biri Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması olub.  
Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.
Brüsseldə imzalanan yeni sənəd Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın reallaşdırılmasına zəmin yaratmaqla, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafını sürətləndirəcək.
Prezident İlham Əliyev  NATO-nun Zirvə toplantısında iştirakı çərçivəsində  keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirəsi də diqqət mərkəzində olub. Bu isə təsadüfi deyil. Çünki Ermənistan illərdir ki, sülh danışıqlarında konstruktiv mövqe tutmaq əvəzinə, münaqişənin ədalətli həllinə yönələn bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan düşmən dövlət öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilən yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri dönməsinin qarşısını alır və işğaldakı ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır. İşğalçı dövlət gah Azərbaycanın ərazilərində şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirir, gah hücum xarakterli hərbi doktrinalar qəbul edir, gah da qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutur. ­Düzdür, bu zaman Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verir, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edir. Məsələn, Aprel hadisələri və bu il may ayının son günlərində uğurlu Günnüt əməliyyatı bunun bariz ifadəsidir. 
Bütün bunlardan sonra beynəlxalq ictimaiyyət də bir daha şahid olur ki, Ermənistan status-kvonun saxlanmasında və qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunda maraqlıdır. Bu isə münaqişə zonasında gərginliyin əsas səbəbidir və problemin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan isə hazırkı status-kvonun dəyişməsində maraqlı tərəf olduğunu daim diqqətə çatdırıb. Bu baxımdan, NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunması mühüm önəm daşıyır. 
Sənəddə qeyd edilir ki, 2006-cı ildən başlayaraq, NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər.
Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommunikesində də növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.
Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü, habelə sərhədlərinin toxunulmazlığına hörmət edilməsi, dəstək göstərilməsi beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amil kimi diqqət çəkir.  
Yuxarıda qeyd edildiyi kimi, NATO-nun Zirvə toplantılarının yekun kommunikelərində Azərbaycanın ədalətli mövqeyi əvvəllər də müdafiə olunub, dövlət və hökumət başçılarının ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməyə sadiq olduqları vurğulanıb. Eyni zamanda, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədikləri ifadə edilib.  
Son olaraq  deyə bilərik ki, Ermənistanın işğalçılıq siyasəti heç zaman uğurla nəticələnə bilməz. İşğalçı dövlət silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxararsa, münaqişə də bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.
Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında