Azərbaycan bu ilin ilk yarısında da öz inamlı inkişafını davam etdirib

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək hesabat dövründə respublikamızın siyasi, sosial-iqtisadi sahələrində görülən işlərə nəzər salıb, qarşıda duran əsas strateji hədəfləri müəyyənləşdirib. Dövlətimizin başçısı giriş nitqində vurğulayıb ki, ölkəmiz cari ilin ilk yarısında uğurla inkişaf edib, nəzərdə tutulan bütün vəzifələr yerinə yetirilib. Prezident İlham Əliyev bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağına əminliyini bildirib. 
 
Ölkə rəhbəri hesabat dövründə iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, iqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci bir dövlət olmadığını, hətta böhranlı illərdə belə respublikamızın  öz iqtisadi gücünü qoruya, böhrandan az itkilərlə çıxa bildiyini diqqətə çatdırıb.  
Azərbaycan Prezidenti reallaşdırılan iqtisadi islahatların müsbət nəticələr verdiyini, 6 ay ərzində qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstəyi sayəsində ümumi daxili məhsulun 1,3 faiz, qeyri–neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 7,6 faiz artdığını, 67 min yeni iş yeri yaradıldığını, onlardan 58 mininin daimi iş yeri olduğunu,  iqtisadiyyata 6 milyard dollar sərmayə qoyulduğunu, əhalinin pul gəlirlərinin 9,3 faiz səviyyəsinə yüksəldiyini vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir. Bir sözlə, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik…”.
İclasda, həmçinin vurğulanıb ki, ötən 6 ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.
İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
Hesabat dövründə əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artırılıb.
İclasda cari ilin altı ayı ərzində respublikada yeni infrastrukturun yaradılması, köhnələrinin müasirləşdirilməsi, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün məsələlərin öz həllini tapması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin və  TANAP-ın rəsmi açılışının reallaşması qeyd edilib.  Həmçinin paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında geniş həcmdə tikinti-quruculuq işlərinin görülməsi, yeni xəstəxanaların, məktəblərin, “ASAN xidmət” mərkəzlərinin inşa edilməsi xatırladılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində mühüm uğurların əldə olunması vurğulanıb. Azərbaycan ərazisində magistral yolların beynəlxalq standartlara uyğunlaşdırılmasının, dəmir yolu infrastrukturunun yeniləşdirilməsinin də diqqət mərkəzində saxlanılması qeyd edilib.
Nazirlər Kabinetinin iclasında digər sosial-iqtisadi göstəricilərə də diqqət yetirilib,  ilin birinci yarısında ölkənin maliyyə vəziyyətinin daha da yaxşılaşdığı diqqətə çatdırılıb. Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatları iyulun 1-nə 5 milyard 512,7 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 548,6 milyon dollar, iyunun 1-i ilə müqayisədə 41,3 milyon dollar çoxdur.
Hesabat dövründə respublikada qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, məhsul istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin inkişaf etdirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazara çıxış imkanlarının yaxşılaşdırılması, informasiya-məsləhət xidmətlərinin inkişafı istiqamətlərdə kompleks tədbirlər reallaşdırıldığı barədə də danışılıb.  Qeyd edilib ki,  Azərbaycanda təbii resursların səmərəli istifadəsi elmi əsaslarla gerçəkləşdirilir, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahələrinin dəyər zənciri üzrə inkişafı üçün ciddi addımlar atılır, ərzaq təhlükəsizliyinin dayanıqlığının təmini  istiqamətində aqrar islahatlar aparılır, qeyri-neft sektoru şaxələndirilir, kənd təsərrüfatının ənənəvi sahələri dirçəldilir.
İclasda sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılması, tikintidə və istehsalda 11 minə yaxın iş yerinin yaradılması da xatırladılıb. Qeyd ­edilib ki, növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.
“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun müasir ekoloji-sanitar normalara uyğun bərpası başa çatdırılıb.
Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
İqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqropark istifadəyə veriləcək, digərlərində işlər davam edir.
Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.
Nazirlər Kabinetinin iclasında özəl bölməyə dövlət qayğısı barədə də danışılıb. Bildirilib ki, hesabat dövründə sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb.
İri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi barədə verilən tapşırığa əsasən bu sahədə təşviq işləri aparılıb və şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Bu müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub.
Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.
İclasda yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qarşıda duran vəzifələrdən danışaraq, ölkənin sosial həyatı, iqtisadiyyatın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin verilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdiriləcəyinin anonsunu verib. Eyni zamanda, nəzərə çarpan nöqsanların qısa zamanda aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında