Terroru “qəhrəmanlıq” kimi qələmə vermək özü də cinayətdir

Bəzi xarici ölkələrdən idarə edilən və mütəmadi olaraq, antiazərbaycan təbliğatı ilə məşğul olan bir sıra saytlar və onların sosial şəbəkələrdəki səhifələri bu dəfə də öz “ənənə”sinə sadiq qaldı. Gəncədə baş vermiş iğtişaşlara xüsusi diqqət yetirən bu saytlar sosial şəbəkə və internet azadlığından öz təxribatçı məqsədləri üçün istifadə edərək Azərbaycan cəmiyyətində çaşqınlıq və qarşıdurma yaratmağa çalışdılar. Onlar arasında ABNA agentliyinin saytı da var. ABNA Gəncədə bir qrup radikal ünsürün törətdiyi terror hadisəsinə “biganə” qalmayıb. İndiyə kimi, öz səhifələrində İslam adı altında gizlənən və öz çıxışları ilə xalqı iğtişaşlara səsləyən və hazırda həbsdə olan Taleh Bağırzadənin şəkillərini paylaşan ABNA səhifəsi bu dəfə bir qrup ekstremist ünsürün əməllərinə geniş yer ayırıb.
 
Özlərini ABNA – yəni “Ahlu Bayt News Agency” – “Əhli Beyt Xəbər Agentliyi” adlandıran sayt “Gəncədə gözlənilən mitinqdə polis qarşıdurması oldu, iki polis xəncər yarası aldı” – sərlövhəsi altında material dərc edib. Müəllif baş vermiş hadisənin əsas mahiyyətini gizlədərək müxtəlif kəsici və deşici alətlərlə silahlanmış radikal ünsürlərin törətdiyi iğtişaşı “polis qarşıdurması” kimi ictimaiyyətə təqdim edir. Hadisələrdən məlumatı olmayan oxucu elə bu sərlövhəni oxuyaraq, belə qənaətə gəlir ki, qarşıdurma polislər arasında olub. Əslində isə reallıq tamam başqadır. 
Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binasının qarşısında toplaşmış 150-200 nəfərə yaxın bir qrup radikal ünsür “Allahu Əkbər” sədaları altında təxribatçı şüarlar səsləndirmiş, hətta onlar arasında asayişi qorumağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetirməkdən çəkinməmişlər.
 Saytın yayımladığı “video”, əslində, iğtişaşların olduğu əsas ərazidən uzaq görüntüləri əks etdirir. Videonu çəkən “müxbir”in panika və emosiyalarla şərh verməsi parkda gəzən mülki vətəndaşların sakit davranışı ilə heç də uyğun gəlmir. 
“Xalq Yunis Səfərovu Milli Qəhrəman seçdi”, – deyən ABNA dövlət rəsmisinin həyatına sui-qəsd edərək terror və cinayət aktı törətmiş şəxsin əməllərinə haqq qazandırması nə jurnalistikaya, nə vicdana, nə azərbaycançılığa, nə də ki, İslam dəyərlərinə sığır. Dinyönümlü sayt cinayət törətmiş Yunis Səfərovu “milli qəhrəman” səviyyəsinə yüksəltməklə, hansı İslam qaydalarına əsaslanır?! Axı İslam fəlsəfəsində insan öldürmək, can almaq, kiməsə xəsarət yetirmək qəbul edilən deyil. İslam sülh və mərhəmət kimi ali dəyərləri özündə cəmləşdirir və bu dinin əsasında terrorçuluq, zorakılıq yoxdur. İslam adının kölgəsində gizlənən bu cür saytların mahiyyəti göstərir ki, əslində, onların məqsədi cəmiyyətə obyektiv informasiya vermək, maarifləndirmək yox, bəzi qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədə stabilliyi və sakitliyi pozmaq, insanlar arasında çaşqınlıq və qarşıdurma yaratmaq, vətəndaşları xaosa sürükləməkdir. Bu cür informasiya resursları Azərbaycan cəmiyyətində özünə auditoriya toplamağa çalışsa da, onların təxribat və qərəzə əsaslanan bu informasiya siyasəti uğursuzluğa məhkumdur. Söz, mətbuat və internet azadlığının mövcud olduğu bir dövrdə Azərbaycan cəmiyyəti “qara”nı “ağ”dan ayırmağı yaxşı bacarır. Bir də ki, ataların bu deyimi də unudulmamalıdır: “Yalan ayaq tutar, ancaq yeriməz”
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında