Heydər Əliyev Mərkəzi ilə tanışlıq suraxanılılarda zəngin təəssürat yaradıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri ulu öndərin zəngin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində olublar.
 
Bildirilib ki, mərkəz ulu öndərimizin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, dahi şəxsiyyətin irsinin tədqiqi və təbliği, Azərbaycan tarixi və mədəniyyətinin, dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, habelə təbliği, eləcə də yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Mərkəz, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr reallaşdırır. 
İlk olaraq ictimaiyyət nümayəndələri mərkəzdə fəaliyyət göstərən muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. 
Sonra diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli liderin həyat yolu tarixi faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə təqdim edilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. 
Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Bildirilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də ümummilli liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndərin dövlət başçıları ilə görüşlərinin və ona təqdim olunan hədiyyələrin fotoları əksini tapır. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən, onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar da ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Burada qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri diqqət çəkir, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Ölkəmizin milli geyimlərinin, qədim sikkələrinin yerləşdiyi ekspozisiyada isə müxtəlif dillərdə müqəddəs kitablar nümayiş olunur. 
“Mini Azərbaycan” sərgisi də ictimaiyyət nümayəndələrində böyük maraq doğurub. Burada qonaqlar Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə ediblər.
Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrılıblar.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında