Suraxanı: görülən işlər ürəkaçandır

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr konkretləşdirilib.  
 
Şuranın geniş iclasında məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən 11 aprel Prezident seçkiləri möhtərəm Prezidentimiz İlham Əliyevin möhtəşəm və inamlı qələbəsi ilə başa çatıb və bu, dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi 15 il ərzində xalqın böyük hörmət və rəğbətinin təsdiqinə çevrilib.  
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov daha sonra bildirib ki, ölkə rəhbəri tərəfindən respublikada bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar Azərbaycanı  daha da gücləndirib, beynəlxalq miqyasda nüfuzunu daha da artırıb.
Hesabat dövründə Suraxanıda hərtərəfli sosial-iqtisadi inkişaf nəzərə çarpıb, ilkin hesablamalara görə, rayonda sənaye məhsulunun istehsalı 171,9 milyon manat, tikinti-quraşdırma işləri 46,6 milyon manat, nəqliyyat xidmətləri 6,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 432,6 milyon manat təşkil edib. Orta aylıq əmək haqqı 605 manat olub, əhaliyə 143,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1401 yeni daimi iş yeri açılıb.   
İclasda, eyni zamanda,  bu il may ayının 22-də Prezident  İlham  Əliyevin iştirakı ilə Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar zavodunun açılış mərasiminin keçirilməsi,  Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və təməli 2017-ci il dekabrın 24-də  dövlətimizin başçısı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulan Hövsan Yaşayış Kompleksində binaların tikintisinin davam etdirilməsi xatırladılıb. Qeyd edilib ki, hesabat dövründə rayonda ümumilikdə 23,8 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması həyata keçirilib. Həmin yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədilə təmir-tikinti, abadlıq işləri aparılıb, yaşıllıq zolaqları yaradılıb, yerüstü kommunikasiya xətləri yerin altına salınıb və ya nizamlanaraq rənglənib, küçələrdə müasir avtobus dayanacaqları quraşdırılıb, yararsız vəziyyətdə olan mövcud dayanacaqlar isə yenilərilə əvəzlənib.    
Hesabat iclasında digər tikinti-quruculuq və abadlıq işləri barədə də ətraflı danışılıb, mövcud “Nümunəvi məhəllə”lərin yenidən qurulması,  IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində və Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15, 15A, 15B saylı yaşayış binalarının həyətlərində abad məhəllə salınması işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. 
Başçı ekoloji vəziyyətlə bağlı danışarkən qeyd edib ki, ilin ilk yarısında ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 3,7 hektar olan müxtəlif ölçülü 56 gölməçə qurudulub, neftlə çirklənən 12,18 hektar torpaq sahəsi təmizlənib.
İclasda hesabat dövründə RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir sıra ictimai-siyasi tədbirlərin keçirilməsi, rayondakı  Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli istifadə edilməsi, Suraxanının əsas turizm obyekti olan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ziyarətçi axınının diqqət mərkəzində saxlanılması, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, görüş-qəbulların vaxtaşırı keçirilməsinə  mühüm önəm verilməsi, ölkə rəhbərinin vətəndaşların tibbi müayinəsi ilə bağlı tapşırığının yüksək səviyyədə icrası və digər məsələlər barədə ətraflı söhbət gedib.  
Müzakirələri yekunlaşdıran başçı ulu öndər Heydər Əliyevin ideyalarına, siyasi xəttinə daim sadiq qalan rayon sakinləri və əmək kollektivləri adından əminliklə bildirib ki, vətəndaşlar bundan sonra da ölkəmizin daha da qüdrətlənməsi naminə cənab Prezidentə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.  
İclasda Milli Məclisin deputatı Ağacan Əbiyev iştirak edib.
Sonda ictimai həyatda fəal iştirakına görə bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında