Sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici saytlar Azərbaycandakı birliyi sarsıtmağa çalışırlar

İyirmi yeddi illik müstəqillik tarixində həm xarici siyasətdə, həm də iqtisadi, mədəni sahələrdə böyük uğurlar qazanmış, dünyada söz sahibinə çevrilmiş, nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi edən ölkəmiz beynəlxalq aləmdə mövqelərini getdikcə möhkəmləndirir. Postsovet dövlətləri ilə müqayisədə ölkəmizin sürətli inkişafını, dünya birliyində yüksək tribuna qazanmasını həzm edə bilməyən qüvvələr sistemli ideoloji təxribatlara əl atırlar. Son vaxtlar Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə ideoloji təxribatla məşğul olan bəzi xarici saytlar bu günlərdə xüsusi canfəşanlıq göstərirlər.
 
Dünyanın elə bir ölkəsi yoxdur ki, orada hər hansı bir hadisə, qəza, qarşıdurma və digər hadisə baş verməsin. Ancaq bunlarla müqayisədə Azərbaycan bu gün sabitlik, əmin-amanlıq məkanına çevrilib. Bunu beynəlxalq ictimaiyyətin tanınmış simaları da etiraf edirlər. Buna baxmayaraq, ölkəmizdə baş verən hər hansı bir hadisə milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edən, antiazərbaycan qüvvələrin ruporuna çevrilmiş, tolerantlıq mühitini pozmağa çalışan bəzi saytlarda, facebook səhifələrində qərəzli şəkildə şişirdilir, necə deyərlər, milçəkdən fil düzəltməyə cəhd olunur.
Avropada sığınacaq tapmış, adlarını azərbaycanlı qoyan bəzi satqın və xainlər xarici xüsusi xidmət orqanlarının təsiri altına düşərək, saxta profillər yaradaraq öz səviyyələrinə uyğun olaraq ölkəmizə qarşı təhqir, söyüş, iftira yağdırır, Vətəninə, millətinə qarşı “mübarizədə” erməniləri də arxada qoyurlar. Son vaxtlar ölkəmizdə baş verən bir sıra hadisələrin – Mingəçevir İES-də baş verən qəza və Gəncədəki iğtişaşların xarici ölkələrdən idarə olunan bir sıra saytlarda daha qabarıq şəkildə işıqlandırılması ölkəmizin inkişafını gözü götürməyənlərin, sanki, əl-qolunu açıb. Sahibi bəlli olmayan “nuraz.com”, “abna.com”, “arannews” agentliyi, “qafqaz.ir”, “rasthaber.com”, “ru-clip.ru” və digərləri Azərbaycana qarşı piar kampaniyasını daha da genişləndiriblər. 
Müxtəlif xarici telekanalların qarşısında dayanıb günlərlə boynunu bükərək 15-20 dəqiqə vaxt alıb öz ölkəsi, Vətəni haqqında olmazın yalan və iftiralar yağdıran “Azərbaycan saatı” adlı veriliş heç də erməni lobbisi tərəfindən maliyyələşdirilən saytlardan geri qalmır. Milli Şura adlı qondarma qurumun sədri Cəmil Həsənlinin, AXCP sədri Əli Kərimlinin Mingəçevir İES-də baş verən qəza, Gəncədəki iğtişaşlar barəsində sevinə-sevinə danışmalarını, özlərinə məxsus izahlar, şərhlər vermələrini eşidəndə düşünürsən ki, bunlar, sanki, azərbaycanlı yox, millətin maskalanmış düşmənləridir. Məgər Gəncədə qəddarlıqla qətlə yetirilmiş polis zabitləri azərbaycanlı deyillərmi? Bu qətl bütün müsəlmanları məyus etmədimi? Lap elə Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı törədilmiş terror aktı. Bundan siyasi məqsədlər uçun istifadə edən “Azərbaycan saatı” verilişi dini ayrı-seçkiliyi təbliğ edərək Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa cəhd edən saytlardan hansı xüsusiyyətlərinə görə fərqlənir? Avropada sığınacaq alaraq antiazərbaycan qüvvələrin süfrələrinin qır-qırıntısı hesabına ölkəmiz əleyhinə hər cür iftira yağdırmağa hazır olan satqın və xəyanətkar “şəxslər” sanki “Azərbaycan saatı” nda və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üzərində köklənmiş saytlarda çıxış etməyə növbəyə dayanıblar. Onlar Mingəçevir İES-də baş vermiş qəza, Gəncədəki iğtişaşlar və iki polis zabitinin qətlə yetirilməsini Azərbaycan dövləti tərəfindən təşkil olunmuş təxribat adlandırır, düşmənlərimizə (onsuz da belə üzüdönüklər düşmənlərimizdən heç nə ilə fərqlənmirlər) təbliğatlarını daha da genişləndirmək üçün verirlər. Halbuki, belə məqamlarda dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar birləşməli, bu iğtişaların arxasında dayanan xarici qüvvələrə qarşı birgə mübarizə aparmalıdır.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Facebook səhifəsində yazır ki, Gəncədə yaranmış həssas dönəm cəmiyyətin. dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir. Onun fikrincə, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərir. Ə.Həsənov yazır ki, kimə məxsusluğu bəlli olmayan “Ru-clip.ru” saytının Youtube kanalı “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı. Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.
Prezidentin köməkçisi bildirir ki, belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən, ictimai rəyə təsir imkanı olan insanlar – Milli Məclisin deputatları, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər. 
Ə.Həsənov daha sonra yazır ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar.
Mingəçevir İES-də baş verən qəza, ardınca iyulun 3-də sui-qəsd nəticəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yaralanması, bir həftə sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında bir qrup radikal şəxsin iğtişaş törətməsi, bunun da nəticəsində yüksək rütbəli iki polis əməkdaşının qətlə yetirilməsi xarici ölkələrdən idarə olunan və Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, “Facebook” sosial şəbəkəsindəki müəyyən qrupların aktivliyi nəticəsində geniş ək-səda yaratdı. Təəssüf edirik ki, bu məlumatların əksəriyyəti özlərini din qardaşı hesab etdiyimiz İrandakı radikal dini qruplaşmalar tərəfindən maliyyələşdirilən saytlarda yayıldı.
Son hadisələrlə bağlı “arannews.com”, “hedef14.org”, “nuraz.com”, “abna.com”, “qafqaz.ir”, “rasthaber.com” və digər bu kimi saytlarda dərc olunan qərəzli və bəzən də yalan, iftira, böhtanla, dolu olan materiallar bu baxımdan diqqət çəkir. Bu məlumatlarda daha çox Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına atəş açan Yunis Səfərovun hərəkətinin sanki qəhrəmanıq kimi təqdim edilməsi diqqətdən kənarda qalmır. Bununla yanaşı, hansısa vəkilin, hüquq müdafiəçisinin onu müdafiə etməyə hazır olduğu barədə xəbərlər yer alır. Ancaq izahat vermirlər ki, hansı şəriət qanununa əsasən insanlara qarşı amansız, qəddar olan, terror aktı törədən nə vaxtdan qəhrəman olub? Radikal dini qruplaşmaları tərəfindən maliyyələşdirilən saytlar dini-imanı tamamilə unudub.
Eyni məqsəd və missiya “hedef14.org” saytında da aydın görünür. Bu saytın xanım əməkdaşı Gəncədə iğtişaş və polis əməkdaşlarının qətlə yetirilməsi zamanı hazırladığı və sosial şəbəkələrdə sürətlə yayılan videomaterialı ilə yadda qalıb. Xarici görünüşündə mömin, dindar obrazını xatırladan bu xanımın efirlərə yaydığı süjetlərə baxanda dərhal hiss olunur ki, əslində, din pərdəsi altında öz çirkin niyyətini yeridir, kimlərinsə sifarişi ilə Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandıran “epizodlar “ axtarır. Hadisənin baş verdiyi gündən bu vaxta qədər bu saytda elə indi də Gəncəyə “xüsusi diqqət” nəzərdən qaçmır. Din xadiminə yad olan xüsusiyyətlərdən biri də yalan, böhtan və iftiradır. Təəssüf ki, həmin saytın əməkdaşları olan dindarlar bu məqamı da unudurlar. Çünki bugünlərdə başqa bir motivlə əlaqədar Gəncə əsilli şəxsin həbsi “inanclı şəxsin həbsi” kimi təqdim edilir.
Bu saytın əməkdaşlarının əksəriyyəti İranın Qum şəhərində təhsil alan azərbaycanlılardır. Onlar Avropada sığınacaq tapan azərbaycanlılarla, demək olar ki, eyni əqidədirlər: Vətəni, milləti, xalqı haqqında yalan və iftira yağdırmaqla kimlərinsə rəğbətini qazanmaq. Bunu son hadisələr də təsdiqlədi. Azərbaycanda söz və mətbuat azadlığından istfadə edən belələri radikal dini qruplaşmalar tərəfindən maliyyələşdirilən saytlar və saxta profillər vasitəsi ilə ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyirlər. Xüsusən Gəncə hadisələrində və Azərbaycanda son günlər baş verən proseslərdə xarici faktorların rolu daxili faktorların rolundan qat-qat çox olduğu özünü açıq şəkildə büruzə verdi.
Ölkəmizdə internetdən istifadə tam azaddır. Burada heç bir məhdudiyyət yoxdur. Sosial şəbəkələr təxribat yaymaq, ara qızışdırmaq məqsədi daşımır. Sosial şəbəkələrdən istifadənin də özünəməxsus qaydaları var. Bu şəbəkələrdən istifadə edənlər unutmamlıdırlar ki, qanun qarşısında cavab verməlidirlər. Bütün bunlara baxmayaraq, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Vətənini, xalqını, millətini qorumalıdır.
Prezidentin köməkçisi Əli Həsənov da bu barədə öz Facebook səhifəsində yazmışdır: “Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq, bu əməlin iştirakçısına çevrilmiş hər kəsi belə yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. 
Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında