Xarici informasiya agentliklərinə “fakt” ötürən “sapı özümüzdən olan baltalar”

Söz azadlığı, müstəqil mətbuatın sərbəst fəaliyyəti artıq bir sıra araqarışdıran və işbazlar üçün əsl alətə çevrilib. Demokratiya pərdəsi ilə maskalanmış antiazərbaycan qüvvələr son vaxtlar bu vasitədən istifadə edərək ölkəmizə qarşı piyar kampaniyasını genişləndiriblər. Belə üzdəniraq mətbu orqanlarda dərc olunan məlumatları oxuyanda adamda ikrah hissi oyanır və sanki dünyanın bütün ölkələrində demokratik proseslər sürətlə inkişaf edir, heç bir qarşıdurma baş vermir, enerji resurslarında qəza olmur və sairə.
 
Bu gün dünyanın tanınmış siyasi xadimləri də etiraf edirlər ki, hazırda Azərbaycan ictimai-siyasi sabitliyin davamlılığına görə beynəlxalq aləmdə sayılıb-seçilən ölkələrdəndir. Belə olmasaydı, dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini keçirmək üçün Azərbaycanı seçməzdilər. Bütün bunlara baxmayaraq, xarici ölkələrdən idarə olunan bir sıra kütləvi informasiya vasitələri Azərbaycanda daim nöqsan axtarır, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün yalan məlumatlar dərc etməkdən sanki yorulmurlar. Belə yalanlarla Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək tolerantlıq mühitini pozmağa çalışırlar. Bu işdə olanlara şərəf və ləyaqətini çirkli pullara satan, adlarını demokrat qoyan “sapı özümüzdən olan baltalar” vasitəçilik edirlər.
 Bu günlərdə “Arannews” agetliyində dərc olunan bir məqalə diqqətimi cəlb etdi. Əvvəlcə bu agentlik haqqında qısa məlumat vermək istərdim. İranın radikal dindarları tərəfindən maliyyələşdirilən agentlik qeyri-dövlət orqanıdır. Guya müstəqil mətbu orqandır. Ünvanı və fəaliyyəti bəlli olmayan “Aran Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi”nə tabedir. Agentliyin əsas məqsədi neçə min illik ortaq dini, mədəni, tarixi, incəsənət və ədəbiyyatı olan bu ölkələri yenidən əsl İran mədəniyyəti ilə qovuşdurmaq və xalqların arasındakı əlaqələri genişləndirməkdir. Bu istiqamətdə, guya bütün alimləri, jurnalistləri, müəllimləri, tədqiqatçıları və tələbələri əməkdaşlığa dəvət edir. Bu “fəaliyyətini” qabardan agentlik Azərbaycandan alim, müəllim, tədqiqatçı əvəzinə əməkdaşlığa Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Oqtay Güləliyevi tapıb. Bu həmin Oqtay Güləliyevdir ki, bir neçə il əvvəl ölkəmizdə Kür çayında daşqın baş verən zaman, guya “Daşqından əziyyət çəkənlərin hüquqlarının müdafiə komitəsi” yaratmışdı və bu adla daşqından əziyyət çəkənlərin hər birindən 2500-3000 manat pul alaraq, onlara yeni evlər tikdirəcəyini vəd etmişdi. Sonra isə onun bu dələduzluğunun üstü açıldı. İndi həmin Oqtay Güləliyev İranda fəaliyyət göstərən radikal dini qruplaşmalar tərəfindən maliyyələşdirilən “Arannews” agentliyinin “siyasi şərhçisi” olub. Hətta O.Güləliyev nə zaman və harada mətbuat konfransı keçirsə, (bu tədbir də agentlik tərəfindən təşkil olunur, necə deyərlər, adı Oqtayın, dadı isə “Arannews” agentliyinindir) agentliyin əməkdaşları, daha doğrusu, agentləri orada peyda olur.
Agentliyin yaydığı məlumata görə, guya O.Güləliyev bu il iyulun 11-də Müsavat Partiyasının qərargahında (demək, partiyanın başqanı Arif Hacılıya da pay düşür) mətbuat konfransı keçirib. Tədbirdə agentliyə yaxın hüquq müdafiəçiləri və məhbus ailələri iştirak ediblər. O.Güləliyev radikal dini qruplaşmalara sərf edən “hadisələr” barədə geniş məlumat verib. Mətbuat konfransında əsas mövzu Mingəçevirdə baş verən qəza və Gəncə hadisələri olub. “Sapı özümüzdən olan balta” əldəqayırma hüquq müdafiəçisi radikal dini qruplaşmalara sərf edən tərzdə çıxış edərək, “Arannews” agetliyini, demək olar ki, istədikləri informasiya ilə təmin edib. Kim bilir bu məlumata görə, agentlikdən nə qədər “qonorar” alıb.
“Arannews” agentliyi Oqtay Güləliyevə istinadən yazır ki, son günlər ictimai-siyasi vəziyyətin gərginləşməsi fonunda çoxsaylı həbslər həyata keçirilib. Guya rəsmi məlumatlara görə, Gəncədə baş verən hadisələrlə bağlı azı 52 nəfər həbs edilib. Amma qeyri-rəsmi mənbələrin məlumatına görə, həbs edilənlərin sayı 100 nəfər civarındadır və hazırda həbslər davam etdirilir”. Hüquq müdafiəçisinin fikrincə, Elmar Vəliyevə qarşı sui-qəsddən sonra onu tənqid edənlərin və sui-qəsddə günahlandırılan Yunis Səfərovu müdafiə edənlərin, həmçinin hökuməti tənqid edənlərin həbsi həyata keçirilib. Bununla yanaşı, bir neçə internet saytının rəhbərlərinə qarşı cinayət işi qaldırılıb, azı 4 sayta giriş bloklanıb. Güləliyev bildirib ki, hüquq-müdafiə təşkilatları qarşıdurmanın, qan tökülməsinin əleyhinədir.
Təbii ki, qeyri-qanuni aksiya keçirilibsə, demək, bu aksiyanı təşkil edənlər, asayişi pozanlar qanunla cəzalandırılmalıdır. Ancaq “Arannews” agentliyi bunu həddindən artıq şişirdərək, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, qanunsuz həbslərin davam etdirilməsi barədə rəy formalaşdırmaq istəyir. Halbuki, agentlik əsas fəaliyyətinin, guya bölgələrdə də sülh və əminamanlığın təmin olunması, reallıqların, həqiqətlərin ictimaiyyətə olduğu kimi çatdırılması üzərində qurduğunu bəyan edib. Həqiqət isə deyilənlərin əksinədir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında