“Nur-az.com”un qaranlıq məqamları

Bu gün müasir informasiya texnologiyalarının və internetin inkişaf etdiyi dövrdə kütləvi informasiya vasitələrinin imkanları, eləcə də insanların dünyada və ölkədə baş verən ən son yeniliklərdən xəbər tutmaq imkanları artır. Etiraf olunmalıdır ki, internet jurnalistikası, eləcə də sosial media əsas informasiya mənbələrindən hesab edilir, operativlikdə hətta çap mediasını da üstələyir. İnternet azadlığı, söz və fikir azadlığının mövcud olduğu dövrümüzdə bu imkanlardan ictimai və milli maraqlar çərvivəsində deyil, təxribat xarakterli məqsədlər üçün istifadə edilməsi olduqca təhlükəlidir.
 
Son günlər Gəncədə baş vermiş iğtişaşlar və bununla bağlı insanları təxribata, aksiyaya səsləyən təxribatçı çıxışların yer aldığı bəzi internet resursları və sosial media səhifələrinin bir anda daha da fəallaşıb canfəşanlıq göstərməsi bir sıra məqamları gündəmə gətirdi.
İnternetdə informasiya resurslarını araşdırarkən bəlli oldu ki, bu cür sosial media səhifələri və internet saytları bir sıra qrupların əlində vasitəyə çevrilib. Məqsəd də cəmiyyətdə çaşqınlıq, xaos yaratmaq, yalan və qərəzli məlumat və şüarlarla ictimaiyyəti çaşdırmaq, dövlətçiliyə qarşı çağırışları gücləndirməkdir. 
Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin asayişi pozmağa cəhd etməsi və asayişi bərpa edərkən yüksək vəzifəli iki polis zabitinin terrorçular tərəfindən qətlə yetirilməsi cəmiyyətdə narahatlıqla qarşılandı. Peşə vəzifəsini yerinə yetirərkən şəhid olmuş polis zabitlərinin itkisi cəmiyyətdə üzüntü yaratsa da, bir qrup təxribatçı xarakterli saytlar və sosial media səhifələri hadisələri “öz prizma”larından şərh etdilər. Onlar arasında yer alan “nur-az.com” saytı qərəz və qeyri-obyektivliklə yanaşı, təxribatçı və İslama yaraşmayan mövqeyi ilə seçilir. Özünü cəmiyyətdə islamyönümlü maarifləndirici sayt kimi tanıdan, əslində isə İslam adı altında gizlənən “nur-az.com” saytı və facebook səhifə adminləri ilk dəfə deyil ki, təxribat xarakterli, qərəzli məlumatlar paylaşmaqla, cəmiyyətdə nifaq yaratmağa cəhd edirlər. Bu dəfə isə Gəncədə baş vermiş iğtişaşlarla bağlı səhifədə xeyli material yayımlanıb. Meydan Tv-nin loqosu olan videonu “Gəncədə erməni polislər insanlara hücum edib” statusu ilə yayımlaması və daim təhlükəsizliyi və asayişi qoruyan və bu il 100 yaşı tamam olan Azərbaycan polisinin “erməni” adlandırılması heç bir vicdan və insani dəyərlərə sığışmır. Səhifələrində İslam dəyərlərindən ağızdolusu danışan və Məhəmməd peyğəmbərdən (s), imamların kəlamlarından sitatlar gətirən səhifə adminləri onların asudə yaşayışı üçün peşə vəzifəsini yerinə yetirən polisi terrorizmi siyasət etmiş erməni ilə eyniləşdirirsə, burda artıq “nur-az.com”-un əsl siması Azərbaycan oxucusuna daha aydın olur. 
Bu cür paylaşımlara münasibət bildirən sosial şəbəkə istifadəçilərinin bir çoxu təxribatçı fikirlərə uymayıb, öz fikirlərini bölüşüb və etiraz edib:
Fərid Mustafayev adlı istifadəçi “Orada təxribat yaradan və cinayət əməlinə yol verənlər konkret sifarişi yerinə yetirən casuslardır. Onlara sifariş verənlərin məqsədi ölkədə xaos yaratmaq və sabitliyi pozmaqdır” – deyə yazıb.
Bedo Bedoyev adlı istifadəçi isə yüksək rütbəli polis zabitlərini qətlə yetirmiş terrorçuların qarşısını almaq üçün məgər heç bir tədbir görülməməli idi?!” – deyə hadisələrə etirazını bildirib.
Radikal ünsürlər tərəfindən qətlə yetirilməsinə haqq qazandıran “nur-az.com” feysbuk səhifəsi səbəb kimi guya şəhərdə azan səsinin kəsilməsini göstərib. 
Bu məlumata münasibət bildirən Pərviz İbrahimov adlı istifadəçi Azərbaycanın hər bir bölgəsində məscidlərin fəaliyyət göstərdiyini vurğulayıb: “Ölkəmizin hər bir bölgəsində məscidlər var. Çox şükür, azan səsləri də gəlir. İstədiyimiz yerdə namaz qılırıq, əza məclislərimizi də keçiririk. Bir kəlmə söz deyən də yoxdur. Bunu hamı təsdiq edə bilər. Amma yaşananları dinə bağlamamalıyıq. Ölkənin polisinə, asayiş keşikçisinə zərər vermək, bax, bu, işin pis tərəfidir. Bu, yolverilməzdir”.
İncinur Poladova isə Gəncə iğtişaşlarında şəhid olmuş polis zabitinin aşura məclislərinin keçirilməsinə və azana mane olması iddialarına məntiqlə fikir bildirib: “Uydurma, admin. Deyilənlərə görə, o, ən sayılıb-seçilən hörmətli polis zabitlərindən olub. Özü də müharibə iştirakçısı olub. Əgər pis insan olsaydı, camaat deyərdi” – deyə etirazını bildirib.
İlqar Kərimov adlı istifadəçi isə bir qrup radikal ünsürün təşkil etdiyi iğtişaşın Gəncə sakinlərinə aidiyyatı olmadığını bildirib: “ Azərbaycanın fədakar polislərinə Allah rəhmət eləsin! Bu hadisələrin Gəncəyə və gəncəlilərə heç bir aidiyyəti yoxdur. Çünki yerli Gəncə camaatı öz gündəlik sabit həyatını yaşayır. Ona görə də barmaqları Gəncəyə qədər uzanan bu nankor əlləri dibindən kəsmək lazımdır. Heç kim Azərbaycanın müstəqilliyini, suverenliyini sarsıda bilməz.”
Ağamalı Tamazaov isə 
“nur.az.com” saytının “Polislərə şəhid adı düşmür” – sayıqlamasına münasibət bildirib və səhifə admininə müraciət edərək tutarlı bir rəy yazıb: “Bu polislərə şəhid adı düşmür” deyirsən. Amma icra başçısını güllə vurana “Milli Qəhrəman” adını verən, sən deyilmiydin? Bu necə olur?!”
Göründüyü kimi, bu cür təxribatçı və radikal fikirlərlə, İslam adı altında gizlənib cəmiyyətdə ajiotaj yaratmağa cəhd edən və xarici qüvvələrin diktəsi ilə hərəkət edən “nur-az.com” saytının məqsədi insanları nura, işığa deyil, qaranlığa çəkib aparmaqdır. O qaranlığa ki, orada cahillər məskunlaşıblar və antiazərbaycan təbliğatı ilə məşğuldurlar. Məqsəd isə aydındır: cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, tolerantlıq mühitini pozmaq.
 
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında