Radikal ekstremizm “küləyi”nin Gəncə fiaskosu

Son günlər Azərbaycanda baş verən hadisələr bir sıra məsələlərdə “zəif bənd”lərimizdən istifadə etməyə çalışan pərdəarxası qüvvələrin məkrli niyyətlərini üzə çıxardı. İyulun 2-dən 3-nə keçən gecə ölkədə elektrik enerjisinin kəsilməsi, Mingəçevir İES-də qəzanın baş verməsi əhalinin narahatlığına səbəb oldu.
 
Dövlət başçısı dərhal vəziyyəti şəxsi nəzarətinə götürdü. Bundan əlavə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisinə silahlı hücumun baş verməsi gündəmi zəbt etdi. Sosial şəbəkələrdə cinayət törətmiş şəxsin fotoları üzərindən təhrikedici, çağırışçı “caps”lar paylaşılaraq, əhalinin dini-mənəvi hisslərindən istifadə edilərək, nümayişlərə, hökumət nümayəndələrinə qarşı silahlı hücumlara çağırışlar səsləndi. İyulun 10-da Gəncədə bir qrup radikal şəxsin təşkil etdiyi mitinqdə isə şəhərin iki nüfuzlu polis zabiti – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirildi. Bütün bunlar, “Azərbaycanda kimlər hansı hadisələrin törədilməsində maraqlıdır?” sualını gündəmə gətirir. 
Bu günlərdə sosial şəbəkələrdə apardığımız araşdırmalar göstərdi ki, Azərbaycanda hadisələrin bu məcrada inkişaf etməsində maraqlı olan “5-ci kolon” qüvvələri mövcuddur. Tarixən “5-ci kolon” bütün ölkələrdə əhalinin arasında bölücülük toxumları səpmək, cəmiyyəti bir neçə hissəyə ayırmaq, dövlətə sadiq, dövlətçiliyə bağlı insanları düşmən elan etmək, düşmənlə hərbi və ya ideoloji müharibədə arxa cəbhədə dağıdıcılıq missiyasını üzərinə götürmək, düşmənin uğurlarına sevinmək və s. məsələlərdə rol oynayıb. Azərbaycanda son iki mühüm neqativ olayın baş verməsini xüsusi mənfi çalarlarla bəzəyib təqdim etmək, cəmiyyətdə yaymaq, düşmən dəyirmanına su tökmək bu dəfə onların əsas fəaliyyət prinsipinə çevrildi. Sosial şəbəkələrdə bir sıra səhifələrdə onların fəaliyyətini izlədikdə buna tam əmin olduq. Məsələn “nur-az.com”, “abna.com”, “arannews”, “qafqaz.ir”, “tolişistan tv” və digər səhifələr ölkəmizdə qarışıqlığın yaranmasında maraqlıdır. Məsələn Müttəqi Bərməki adlı separatçı, radikal ünsür, Mətləb Pero, Zabil Mədoş və digər antiazərbaycan profillər gün ərzində yalnız ölkənin tarixi və mədəni irsi ilə bağlı yanlış informasiyalar verir, etnik separatizmi və dini ekstremizmi yayır və səhifələrinə bilməyərəkdən üzv olan abunəçiləri öz tərəflərinə çəkmək üçün dəridən-qabıqdan çıxırlar. 
Əsasən Almaniyada, İsveçdə, Peterburqda və İrəvanda məskunlaşan bu profillərin sahibləri güclü maliyyə resurslarına və ideoloji dəstəyə malikdirlər. Bu qruplar üçün insan amili maraqlı deyil, onlara statistika maraqlıdır. Nə qədər insan Azərbaycanda baş verən neqativ hadisələrdən zərər çəkəcək, narazı qalacaq, həlak olacaq. Söhbətin məğzi budur. Söhbət vətəndən, millətdən, dövlətdən gedirsə, hər bir çatışmazlığı aradan qaldırmaq üçün səfərbər olmaq lazımdır. Yoxsa neqativ halları bəhanə gətirərək, ölkədə iğtişaş yaratmağa cəhd etmək, dövlətə, dövlət adamlarına sui-qəsd etmək, ölkəni xaos girdabına sürükləmək insan amilinin keşiyində duranların devizi ola bilməz. 
Yuxarıda bəzilərinin adlarını qeyd etdiyimiz saytların, səhifələrin əsas işi də məhz həmin qüvvələrin buradakı ruporu olmaqdır. Ağalarının əmrlərini qeyd-şərtsiz yerinə yetirmək, ölkəmizdə etnik və dini məzhəb çaxnaşmaları salmaqdır. 
Sual olunur niyə məhz Gəncə?
Gəncə Azərbaycan dövlətçilik tarixində önəmli yer tutan şəhərlərimizdəndir. Təxminən 400 minə yaxın əhalisi olan ikinci ən böyük şəhərimizdir. Bundan əlavə bir məqamı diqqətdən qaçırmayaq ki, bu il cümhuriyyətimizin 100 illiyini qeyd edirik. Gəncə və cümhuriyyət. Bu iki söz bir-birinə çox bağlıdır. Çünki 1918-ci ildə cümhuriyyət qurulanda ilk paytaxtımız Gəncə olub. Bütün milli qüvvələrin mərkəzi bu şəhər olub. Ölkəmiz aprel işğalına məruz qalanda minlərlə sakini şəhid olaraq rus Velikanovun, Pankkratovun bolşevik ordusuna dirənən, işğalla barışmayıb üsyan qoparan və qəhrəman şəhidlər verən əsas şəhərimiz məhz Gəncə olub. Bu şəhərin milli koloriti, dirəniş simvolu olaraq xatırlanması, dövlətçiliyin əsas sütunlarından olması düşmənləri də buranın əhalisi arasında xüsusi təbliğat ruporlarını işə salmaları üçün iştahlandırır. Onlara elə gəlir ki, Gəncə əhalisini, dindarlarını dövlətə qarşı qoymaqla Azərbaycanda dövlət-din münasibətlərinə zərbə vurulacaq. Onlar elə bilirlər ki, Gəncə əhalisində vəzifəsini düzgün icra etməyən hansısa məmurlara qarşı antipatiya yaratmaqla ölkə əhalisi arasında etirazlar baş qaldıracaq və iğtişaşlar yaşanacaq, ölkəmizin ikinci şəhəri bu dərəbəyliyin mərkəzinə çevriləcək. Lakin son hadisələrdə Gəncə əhalisinin mətin duruşu, dövlətçiliyə sadiqliyi ilə seçilmələri hətta əslən bu şəhərdən olan yüksək rütbəli polis zabitlərimizin kriminal ünsürlərin qarşısında öz həyatları bahasına dayanmaları antiazərbaycan mərkəzlərin planlarını fiaskoya uğratdı.
 
Anar TURAN,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında