Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident !
Bakıda 18-ci Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində "Şərq-Qərb" enerji dəhlizi yarandı. "Azəri-Çıraq-Günəşli" neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, "Şahdəniz" qaz yatağı kimi iri enerji layihələrinə böyük həcmdə beynəlxalq sərmayələr və Cənubi Qafqaz qaz boru kəməri Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji fayda vermişdir.
Qlobal enerji tələbatının ödənilməsində faydalı olmuş Azərbaycanın dövlət və özəl sektorları arasında uğurlu tərəfdaşlıqdan beynəlxalq ictimaiyyət də yararlanmışdır. Dünyada ən nəhəng və mürəkkəb təbii qaz layihələrindən biri hesab edilən "Cənub" dəhlizinə töhfə vermək qərarınız Azərbaycanın enerji sahəsinin inkişafında və iqtisadi rifahında yeni mərhələ olacaq və təbii qaza etibarlı çıxışın təkmilləşdirilməsinə yardım edəcəkdir. Azərbaycanın enerji sektoruna qoyduğu sərmayələr ölkənizin dünya iqtisadiyyatına daha sıx inteqrasiya etməsi və dövlətinizin, eləcə də onun vətəndaşlarının yaşayış standartlarının yüksəldilməsi vədinə uyğundur. Birləşmiş Ştatlar enerji təhlükəsizliyi və çoxşaxəliliyin inkişaf etdirilməsi, eləcə də bütövlükdə Qafqazda sabitlik və rifahın möhkəmləndirilməsi sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir.

{nl}

Səmimiyyətlə, 
Barak OBAMA Amerika Birləşmiş Ştatlarının Prezidenti

{nl}

 

{nl}

XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ülyahəzrət Kraliça hökuməti adından təbrik etmək istərdim.
Son bir neçə il ərzində qlobal iqtisadi sistemdə görünməmiş çətinliklər yaşandı. Belə bir vaxtda, xarici sərmayələri cəlb etmək və saxlamaqda layihələr və dövlətlərin bacarığı həmişəkindən daha çox əhəmiyyətlidir.
Bu sərgidəki stendlərin sayını və Bakının genişlənən inkişaf üfüqlərini müşahidə edəcək bütün konfrans iştirakçıları Azərbaycanın bu işdə uğurlar əldə edən ölkələrdən biri olduğunu görəcəklər.
Azərbaycanda böyük sərmayələr qoymuş və ölkənizin dostu kimi tanınan Birləşmiş Krallıq həmin tərəfdaşlığın inkişaf etdirilməsinə və dərinləşməsinə sadiq qalır.
Builki Xəzər neft, qaz sərgisinin bütün iştirakçılarına uğurlu həftə arzulayıram.

{nl}

Hörmətlə, 
Devid KAMERON Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri

{nl}


Hörmətli Prezident, dəyərli qardaşım !
Möhtərəm iştirakçılar !
Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının başlanğıcından bəri Azərbaycanın, həmçinin Orta Asiya bölgəsinin neft və qaz sənayesi məhsulları və xidmətlərinin təqdimatı, sektor təmsilçilərinin bir araya gəlmələri baxımından nə qədər uğurlu olduğunu bilir, bugünkü sərgi və konfransın eyni səviyyədə bütün iştirakçılar üçün səmərəli olacağına inanıram.
Neft və qaz sektoru dünya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Enerji təchizatı və daşınmasının enerji qaynaqlarının növü və marşrutu baxımından nəzərdən keçirilməsi enerji təhlükəsizliyini inkişaf etdirməkdədir. Enerji nəqli bazasının inkişaf etdirilməsi isə bölgələrarası neft və qaz ticarətinin daha da artmasını şərtləndirir. Strateji karbohidrogen bölgəsi olan Xəzər regionunda Azərbaycan, Qazaxıstan və Türkmənistanda Avropa bazarına istiqamətlənə biləcək önəmli miqdarda qaz vardır. Xəzər bölgəsi qlobal enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli tədarükçü mövqeyində olacaqdır.
Türkiyə istehsalçı ölkələri Qərbdəki əsas istehlakçılara bağlamaqda mühüm coğrafi mövqeyə sahibdir və ticarət, tranzit fürsətləri təqdim edən bir enerji dəhlizi və mərkəzi olaraq müsbət potensiala malikdir. Bu mənada ikitərəfli, regional və beynəlxalq əlaqələrimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi mühüm layihələrin həyata keçirilməsini təmin etmişdir. Hazırda Xəzər qazının Avropaya nəqli istiqamətində inşası davam etdirilən boru kəməri layihələri də gələcəkdə qlobal enerji təhlükəsizliyi ilə yanaşı, regional sülh və sabitliyə mühüm töhfə verəcəkdir. Bu çərçivədə hökumətlərarası müqaviləyə əsasən 2009-cu ilin iyulunda Ankarada imzalanan "Nabukko" boru kəməri layihəsi ilə əlaqədar 2011-ci il iyunun 8-də Türkiyənin Kayseri vilayətində "Nabukko" layihəsinə dəstək anlaşmasını imzalamağı nəzərdə tuturuq.
Qardaş ölkə Azərbaycanın nüfuzlu bir tərəfdaş olaraq son illərdə bütün sahələrdə nail olduğu inkişaf istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsinə konkret təminat verməkdədir.
Builki sərgi və konfransın da uğurlu keçməsini səmimiyyətlə arzulayıram.

{nl}

Hörmətlə, 
Rəcəb Tayyib ƏRDOĞAN Türkiyə Respublikasının Baş naziri

{nl}

Hörmətli Prezident ! 
XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi səmimiyyətlə salamlamaq istərdim.
Yanvarda Bakıya səfər etməkdən məmnun oldum və təəssüf edirəm ki, bu gün şəxsən Sizinlə deyiləm.
Bu sərgidə böyük sayda beynəlxalq iştirakçıların olmasından məlumatlıyam. Bu, Azərbaycanın müstəqilliyindən sonra əldə edilmiş tərəqqinin və Azərbaycanın beynəlxalq enerji sahəsində oynadığı mühüm rolun bariz nümunəsidir.
Avropa İttifaqı üçün Azərbaycan enerji sektorunda əsas strateji tərəfdaşdır. Bu sərgidə sənayemizin iştirakı Avropa İttifaqını Azərbaycanla bağlayan sıx tarixi əlaqələrin təcəssümüdür. Keçmişə nəzər saldıqda, mən ötən il Brüsseldə məmnunluqla keçirdiyimiz "Nobel və Bakı nefti" sərgisini xatırlayıram. Bu, həmçinin sənayemizin təmin etdiyi texnoloji inkişaf və nou-haudan qarşılıqlı şəkildə davamlı olaraq necə yararlandığımızı nümayiş etdirir və gələcəkdə birgə nəyə nail ola biləcəyimizi göstərir.
XIX əsrdə qətiyyət və mübarizə ruhu əcdadlarımızı ölkənizdə neft sənayesini inkişaf etdirməyə ruhlandırdı.
Bu gün biz yenidən qətiyyət və mübarizə ruhunda olmaq və Prezident Əliyevin dediyi kimi, ölkədə görünməmiş iqtisadi tərəqqiyə səbəb olmuş əsrin yeni kontraktını imzalamaq imkanını əldə etmişik.
Qarşımızda çağırışların olduğu vaxtda "Əsrin müqaviləsi"ndən, yeni bazarlara çıxışın və imkanların əldə edilməsində uğurlardan ilhamlana bilərik. Mən xüsusən də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisini, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin inkişaf etdirilməsini nəzərdə tuturam.
Qətiyyət və mübarizə ruhu 19-cu əsrin sonlarında zəruri idi, bu gün də zəruridir!
Ölkənin gücü və potensialına əsaslanaraq, Azərbaycanın tutduğu mövqe onun gələn onilliklər ərzində neft və qazın hasil edilməsi və tranzitində əsas tərəfdaş kimi qalmasını təmin edəcəkdir.
Prezident Əliyev ilə yanvarda imzaladığım Birgə Bəyannamə bu istiqamətdə atılan konkret addım oldu. Biz Azərbaycanı "Cənub" qaz dəhlizinə böyük töhfə verən və onu mümkün edən tərəf kimi görmək barədə ümumi məqsədimizi təsdiq etmişik. Azərbaycan regiondakı mühüm rolunu təsdiqləmiş və Avropa İttifaqı ilə körpüləri qurmaq vəzifəsini nümayiş etdirmişdir. Əminəm ki, biz mümkün qədər tez bir vaxtda bu dəhlizi birgə səylərlə reallaşdıracağıq. XXI əsrdə kontraktın elan edilməsini səbirsizliklə gözləyirəm.
Yaddan çıxarmalı deyilik ki, münasibətlərimiz enerji məsələləri ilə kifayətlənmir. Lakin biz enerjini ölkələrimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması və regionda sabitliyin və təhlükəsizliyin qurulması kimi daha yüksək və strateji məqsədlərə nail olmaqda mühüm alət kimi görürük. İmkanlar, o cümlədən ticarət, nəqliyyat, iqtisadi əməkdaşlıq, sosial və insan inkişafı kimi sahələrdə olduqca böyükdür.
Yanvar ayında Bakıda qeyd etdiyim kimi, məqsədimiz Azərbaycanın Avropa İttifaqı ilə siyasi birliyini və iqtisadi inteqrasiyasını təşviq etməkdir. Bu cür tərəfdaşlığın qurulmasında Avropa İttifaqının müəyyən təcrübəsi vardır.
Bu mənada, biz beynəlxalq hüquq prinsiplərinə və fundamental dəyərlərə sadiq olaraq Şərq tərəfdaşlığı məqsədlərinə nail olmaq üçün Azərbaycandakı dostlarımızla sıx işləyirik. Bu, ikitərəfli Assosiasiya Sazişi ilə bağlı cari danışıqları nəzərdə tutur.
Şübhəsiz ki, iki tərəfin uzunmüddətli öhdəliyi həm Azərbaycan, həm Avropa İttifaqı vətəndaşları üçün qarşılıqlı fayda verəcəkdir.
Sizə uğurlu sərgi və konfransda məhsuldar müzakirələr arzulayıram.
Gələcəkdə Bakıya yenidən səfər etməyimi səmimiyyətlə arzulayıram.
Sağ olun.

{nl}

Xose Manuel BARROZU Avropa Komissiyasının sədri

{nl}


Zati-aliləri, Azərbaycanın Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, yüksək səviyyədə mövcud olan əməkdaşlıq xalqlarımıza rifah gətirəcək, qardaşlıq əlaqələrimizi gələcəkdə daha da möhkəmləndirəcəkdir. Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzu edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

{nl}

Asif Əli ZƏRDARİ Pakistan İslam Respublikasının Prezidenti

{nl}


Hörmətli İlham Heydər oğlu !
Azərbaycanın milli bayramının ildönümünün qeyd edilməsi mənə bu əlamətdar hadisə münasibətilə Sizi və dost ölkənin bütün xalqını təbrik etmək üçün xoş bir imkan verir.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad prinsiplərinə, dostluq, bərabərlik və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əməkdaşlıq daha da genişlənir və dərinləşir.
Tacikistan-Azərbaycan münasibətlərinin bundan sonra da dinamik inkişafı üçün zəruri olan hər şeyi etmək əzmində olduğumuzu bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləmək istəyirəm.

{nl}

Hörmətlə,
Emoməli RƏHMON Tacikistan Respublikasının Prezidenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında