Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan  Respublikasının  Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014,    № 2, maddə 86) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci fəsil aşağıdakı redaksiyada verilsin:

“XVIII fəsil.

Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi

333. Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir:

333.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin;

333.2 ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin;

333.3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin;

333.4. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş    həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin;

333.5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin.

334. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir.

335. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır. Taqım və ondan böyük bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz matəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tərkibdə təyin edilir:

335.1. əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün - manqa, taqım, yaxud bunlara uyğun bölmə;

335.2. zabitləri dəfn etmək üçün - bölük, yaxud buna uyğun bölmə;

335.3. hərbi hissə komandiri vəzifəsində xidmət keçən, habelə ali zabit heyətindən olan və bu Nizamnamənin 333.4-cü maddəsində göstərilən şəxsləri dəfn etmək üçün - qarnizon rəisinin sərəncamına görə.

336. Fəxri mühafizə dəstəsindən başqa, bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin vəfat etdiyi (həlak olduğu) yerin qarnizon rəisinin sərəncamına əsasən aşağıdakı tərkibdə dəfn dəstəsi təyin edilir:

336.1. hərbi orkestr;

336.2. cənazəyə fəxri qarovul;

336.3. tabutu (cənazəni) məzara qoymaq üçün çavuşun rəhbərliyi altında 8-10 nəfər silahsız əsgər, yaxud matros.

337. Tabutu (cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti ayrılır.

338. Azərbaycan Respublikasının hər bir ordeni bir balışcığa sancılır, medallardan isə hər balışcığa bir neçəsi sancıla bilər. Orden və medal sancılmış balışcıqları aparmaq üçün balışcıqların sayına uyğun sayda hərbi qulluqçu qarnizon rəisinin əmri ilə təyin olunur.

339. Tabutun qapağının üstündə mərhumun baş geyimi bərkidilir.

340. Qarnizon hərbi komendantı fəxri mühafizə və dəfn dəstəsinin təyin edildiyi hərbi hissə komandirini bu dəstələrin gəlmə yeri, vaxtı və geyim forması haqqında əvvəlcədən xəbərdar edir. Dəfn mərasimində iştirak edən generalların, admiralların, zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin və matrosların sol qollarında matəm sarğısı olmalıdır.

341. Hərbi ehtiramın göstərilməsi məqsədi ilə cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma vaxtını qarnizon rəisi (hərbi hissə komandiri) təyin edir. Fəxri qarovul tabutun yanına öz heyətindən iki cüt saatdar qoyur. Saatdarlar avtomatları “döşdə” (karabinləri “ayaqda”) olmaqla “farağat” vəziyyətində dururlar. Saatdarların bir cütü tabutun hər iki tərəfində, ondan iki addım yanda baş tərəfdə, ikinci cütü ayaq tərəfdə durur. Saatdarların hər bir cütü o biri cütlə üz-üzə durur. Saatdarların sol qolunda matəm sarğısı olmalıdır. Tabutun yanında duran saatdarlar bu Nizamnamənin 332-ci maddəsinə uyğun qaydada dəyişilirlər. Dəfndə iştirak edən fəxri qarovul heyətinin hərəkəti və tabutun məzara qoyulduğu zaman saatdarlar dəyişilmir.

342. Mərhuma ehtiram göstərmək üçün tabutun yanına dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız, başıaçıq, sol qollarında matəm sarğısı olmaqla saatdarların yanında kənar tərəfdən bir-iki addımlıqda durur və hər 3-5 dəqiqədən bir dəyişilirlər.

343.  Fəxri mühafizə dəstəsi cənazənin götürüləcəyi yerə gəldikdə, üzü cənazənin çıxarılacağı qapıya tərəf açıq sırada düzülür. Orkestr dəstədən üç addım sağda düzülür. Fəxri mühafizə dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri salam vermir.

344. Tabut binadan çıxarılarkən irəlidə bir-birindən üç-beş addımlıq məsafədə biri o birinin arxasınca əklil aparan hərbi qulluqçular, orden və medallar sancılmış balışcıqları aparanlar (orden və medallar böyüklük dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi qulluqçular, mərhumu müşayiət edənlər və fəxri qarovul dəstəsinin üzvləri gedirlər. Tabutun binadan çıxarıldığı məqamda fəxri mühafizə dəstəsinin komandiri sırada yerindən çıxmadan “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Sırada olmayan hər bir hərbi qulluqçu tabut çıxarılan zaman “farağat” vəziyyəti qəbul edir və əsgəri salam verir. Fəxri qarovul mərhumu müşayiət edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə fəxri mühafizə dəstəsi gedir. Piyada gedərkən orkestr hərdən tənəffüs etməklə matəm marşı çalır.

345. Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi ilə avtomatlar “döşdə”, karabinlər “çiyində” vəziyyətində gedirlər, tabut avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq karabini dizləri arasında, ayaq üstündə isə “ayaqda” vəziyyətində saxlayırlar.

346. Qarnizon rəisi göstəriş verdikdə, tabutun çıxarıldığı və dəfn yerinə yaxınlaşdığı yerlərdə mərasimin keçəcəyi yolun hər iki tərəfində qoşun bölmələri piyada bir cərgə, yaxud iki cərgə düzülə bilərlər.

347. Dəfn yerinə çatanda orkestr çalğını dayandırır. Fəxri mühafizə dəstəsi və fəxri qarovulun saatdarları məzarın yanında yer tuturlar. Cənazənin üzərindəki Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovul rəisi tərəfindən götürülür, fəxri qarovulun üzvlərinin iştirakı ilə aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla düzbucaqlı üçbucaq şəklində qatlanır. Fəxri qarovulun rəisi Azərbaycan Respublikasının qatlanmış Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir. Sonra fəxri mühafizə dəstəsinin komandiri “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Fəxri mühafizə dəstəsinin tərkibindən təyin edilmiş bölmə boş patronlarla üç yaylım atəşi açır, bununla belə əgər sıra tabordursa bir bölük, bölükdürsə bir taqım, taqım və ya manqadırsa, bütün bölmə yaylım atəşi açır. Ayrı-ayrı hallarda xüsusi göstərişlə toplardan yaylım atəşi açıla bilər. Birinci yaylım atəşindən sonra orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa etməyə başlayır. Əgər yerin şəraiti buna imkan verirsə, Dövlət himni ifa edildikdən sonra fəxri mühafizə dəstəsi məzarın yanından orkestrin sədaları altında sıra addımları ilə keçir. Saatdarlar, yaxud mühafizə dəstəsinin üzvləri məzar yanından keçdikdən sonra dəfn mərasimini tərk edir.

348. Bu Nizamnamənin XVIII fəslində göstərilənlərdən əlavə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhid adını almış və ya müvafiq hərbi hissənin arayışı ilə şəhid olması təsdiq edilmiş hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissə komandiri şəhidin yas mərasimində hərbi hissə nümayəndələrinin iştirakını təmin edir, habelə hərbi hissələrdə xüsusi guşə yaradılır, burada şəhid olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış vəzifəlilərin şəkli və onlar haqqında müvafiq məlumat əks etdirilir.

349. Aşağıdakı şəxslərin tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür:

349.1. vəfat etmiş (həlak olmuş) ali hərbi rütbələrə malik olan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış şəxslərin;

349.2. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı və ya Azərbaycan Respublikasının “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif olunmuş ehtiyata və ya istefaya buraxılmış şəxslərin;

349.3. bu Nizamnamənin 333.1-ci maddəsində göstərilən hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin.

350. Bu Nizamnamənin 333-cü maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Nizamnaməyə uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir.".

2. Aşağıdakı məzmunda 16 saylı əlavə daxil edilsin:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə

16 saylı əlavə

Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları

Maddə 1. Ümumi müddəalar

1.1 Bu Qaydalar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) seçdikləri qəbiristanlıqda dəfn edilirlər.

1.3. Bu Qaydaların 1.4-cü və 1.5-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı şəhidin “Şəhidlər xiyabanı”nda dəfn edilməsi üçün məzar yerinin ayrılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

1.4. Aşağıdakı hallarda vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında “Şəhidlər xiyabanı”nda dəfn edilirlər:

1.4.1. hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Şəhid” adı verildikdən sonra;

1.4.2. həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

1.5. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında cənazənin “Şəhidlər xiyabanı”na aparılması və yenidən dəfn edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

1.6. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir.

1.7. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir.

Maddə 2. Ölümün qeydə alınması

2.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Bu sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı ölüm haqqında qeydlər aparır.

2.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etməsi (həlak olması) hərbi xidmət dövründə baş verdikdə, hərbi hissə komandiri ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 1 (bir) gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ölüm haqqında yazılı formada məlumatı verir. Müvafiq icra hakimiyyəti orqanı yazılı formada məlumatı aldığı andan 1 (bir) gün ərzində ölüm haqqında məlumatı qeydə alır.

Maddə 3. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma

3.1. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etməsi (həlak olması) haqqında məlumatı əldə etdikdən dərhal sonra hadisənin tarixi və ilkin səbəbləri barədə komanda üzrə yuxarı qərargaha və qarnizon rəisinə məruzə etmək, ərazi hərbi prokuroruna və müvafiq icra hakimiyyəti orqanına məlumat vermək  hərbi hissə komandirinin vəzifəsidir.

3.2. Müvafiq icra hakimiyyəti orqanı hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin vəfat etməsi (həlak olması) haqqında hərbi hissə komandiri tərəfindən verilmiş məlumatı dərhal hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) çatdırır, hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müraciəti əsasında onların hərbi hissəyə gediş-gəlişi üçün xərclərin ödənilməsini Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına təmin edir.

3.3. Hərbi hissə komandiri vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müraciəti əsasında onların, habelə cinayət təqibini həyata keçirən orqanın əməkdaşlarının meyitə baxışda iştirakı üçün şərait yaradır. Meyitlərin tanınması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 240-cı və 241-ci maddələri ilə müəyyən edilmiş qaydada aparılır.

3.4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin meyitini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 240-cı və 241-ci maddələri ilə müəyyən edilmiş qaydada tanımaq mümkün olmadıqda, cinayət təqibini həyata keçirən orqanın qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılır. 

Maddə 4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi əşyaları

4.1. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyaları, sənədləri və təltifləri yığılaraq qablaşdırılır, hərbi hissənin möhürü ilə möhürlənir və bu barədə iki nüsxədən ibarət akt tərtib edilir.

4.2. Aktın ikinci nüsxəsi hərbi hissədə saxlanılmaqla, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarının, sənədlərinin və təltiflərinin göndərilmə üsulu və vaxtı haqqında müvafiq qeydlər aparılır, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin valideynləri (yaxın qohumları və qanuni nümayəndələri) dəfn mərasimində iştirak etdikdə, şəxsi əşyalar bilavasitə onlara təhvil verilir.

4.3. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) dəfn mərasimində iştirak etmədikdə, yaxud onların yaşayış ünvanları məlum olmadıqda, şəxsi, o cümlədən qiymətli əşyalar, sənədlər və təltiflər aktın birinci nüsxəsi ilə birlikdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir, valideynlərin (yaxın qohumların və ya qanuni nümayəndələrin) yaşayış ünvanları məlum olduqda isə, onlara poçt vasitəsilə göndərilir.

4.4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarının, sənədlərinin və təltiflərinin ölüm hadisəsi ilə bağlı aparılan ibtidai araşdırma üzrə sübut əhəmiyyətinə malik ola biləcəyinə güman etməyə kifayət qədər əsas olduqda, onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 242-ci-247-ci maddələrinə əsasən götürülür.

Maddə 5. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazəsinin dəfn yerinə gətirilməsi

5.1. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazəsinin dəfn yerinə gətirilməsi onların xidmət etdikləri (toplanışa çağırıldıqları) hərbi hissənin nümayəndə heyətinin müşayiəti ilə 24 (iyirmi dörd) saat ərzində həyata keçirilir. Bu müddət zəruri istintaq hərəkətlərinin keçirilməsi, məhkəmə-tibbi ekspertizasının aparılması, hava şəraitinin mürəkkəb olması və digər hallar ilə əlaqədar uzadıla bilər.

5.2. Hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin cənazəsini göndərməzdən əvvəl hərbi hissə komandiri cənazəni müşayiət edən nümayəndə heyətinin başçısına aşağıdakıları verir:

5.2.1. bu Qaydaların 4.1-ci maddəsinə uyğun tərtib edilən aktın birinci nüsxəsi ilə birlikdə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarını, sənədlərini və təltiflərini;

5.2.2. ölüm haqqında həkim arayışını və ya ölüm haqqında feldşer arayışını;

5.2.3. zabitlərin, gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şəxsi vəsiqəsini, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və toplanışa çağırılmış hərbi vəzifəlilərin isə hərbi biletini;

5.2.4. hərbi hissə komandirinin hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) ünvanlanmış ölüm hadisəsinin başvermə tarixini, ilkin səbəblərini, mərhumun hərbi anda sadiq qalmasını, göstərdiyi igidlik və mətinlik nümunələrini əks etdirən, baş vermiş ağır itki və faciə ilə əlaqədar dərin hüzn və başsağlığı ifadə edən məktubunu.

5.3. Cənazənin dəfn yerinə çatdırılması müvafiq icra hakimiyyəti orqanının sərəncamında olan nəqliyyat vasitəsilə həyata keçirilir.

5.4. Hərbi Dəniz Qüvvələrinin gəmilərində dənizdə səfərdə olarkən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri yalnız sahilə çatdıqdan sonra bu Qaydalara uyğun olaraq dəfn edilir. Gəminin sahilə qayıtması mümkün olmadığı hallarda hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri gəmiyə ən yaxın adalardan birində əlverişli vaxtadək müvəqqəti məzarlarda dəfn edilir.

5.5. Hərbi qulluqçu və toplanışa çağırılmış hərbi vəzifəli hərbi tibb müəssisələrində və ya yürüş zamanı yolda vəfat etdikdə (həlak olduqda), həmin müalicə müəssisəsinin rəisi və ya yürüşə rəhbərlik edən vəzifəli şəxs dərhal bu haqda hərbi hissəyə məlumat verir və vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfnolunma yerinə çatdırılmasını təmin edir.

5.6. Hərbi hissə komandiri cənazənin dəfn yerinə vaxtında gətirilməsini və dəfn mərasimində nümayəndə heyətinin iştirakını təmin etməlidir.

5.7. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri dəfn olunacağı yerə çatdırılması üçün tabuta yerləşdirilir. Tabutun üst qapağında vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin soyadı, adı, atasının adı, doğum tarixi və çatdırılacaq ünvan göstərilir.

5.8. Həlak olmuş (vəfat etmiş) naməlum hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn edildikləri məzarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən abadlaşdırılır və hər bir məzarın üstünə səkkizguşəli ulduzu və ayparası olan sadə məzar daşı (abidə) qoyulur. Məzar daşının (abidənin) üz tərəfində “Burada Vətən uğrunda gedən döyüşlərdə həlak olmuş naməlum Azərbaycan əsgəri (əsgərləri) dəfn edilib (gün, ay və il)” və ya “Burada Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş naməlum Azərbaycan əsgəri (əsgərləri) dəfn edilib (gün, ay və il)” yazıları həkk olunur.

Maddə 6. Dəfn mərasiminin keçirilməsi

6.1. Müvafiq icra hakimiyyəti orqanı dəfn mərasiminin keçirilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

6.1.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yeri və vaxtı müəyyənləşdirir;

6.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək tədbirləri razılaşdırır və həyata keçirir, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərini (yaxın qohumlarını və ya qanuni nümayəndələrini) ətraflı məlumatlandırır;

6.1.3. dəfn və yas mərasimləri ilə əlaqədar zəruri tədbirləri görür, həmin mərasimlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məruzə edir.

6.2. Müvafiq icra hakimiyyəti orqanı Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və imtiyazları haqqında dolğun məlumat verir.

Maddə 7. Müharibə dövründə və döyüş əməliyyatları zamanı vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi xüsusiyyətləri

7.1. Müharibə dövründə vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi hərbi hissə komandirinin müraciəti əsasında müvafiq icra hakimiyyət orqanı tərəfindən təmin edilir.

7.2. Döyüş əməliyyatları zamanı mövcud şəraitə görə bu Qaydaları yerinə yetirmək və ya hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfninin müvəqqəti yeri, o cümlədən dəfn vaxtı hərbi ehtiramın göstərilməsi hərbi hissə komandirinin (təşkilat və müəssisə rəisinin) əmri ilə müəyyən edilir. Əmrdə dəfnin həyata keçirilməsi üçün rəhbər və sayı elan edilməklə hərbi hissənin (təşkilat və müəssisənin) hərbi qulluqçularından ibarət dəfn qrupu (komandası) təyin olunur.

7.3. Döyüş meydanında həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılması və dəfn yerinə çatdırılması ən qısa müddət ərzində təşkil olunmalı, qoşunlar həmin ərazidən uzaqlaşdıqdan və ya döyüş əməliyyatlarında müəyyən fasilə yarandıqdan sonra həyata keçirilməlidir.".

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında