2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 01 oktyabr 2013-cü il tarixli 12 saylı müraciətinə baxılması barədə

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənli 2013-cü il oktyabrın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 28 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin təşviqat aparmaları üçün ödənişsiz əsaslarla təşkil edilmiş “Xalq seçir” adlı proqramında “Dəyirmi masa”da müzakirələr aparılarkən prezidentliyə qeydə alınmış digər namizəd Hafiz Hacıyev tərəfindən növbəti dəfə onun və “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin təhqir edildiyini, öldürməklə hədələdiyini, geniş tamaşaçı auditoriyasına hörmətsizlik göstərildiyini, lakin verilişin aparıcısı tərəfindən onun çıxışının dayandırılmadığını göstərərək, qeydə alınmış namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğv edilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsini, həmçinin Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Xalq seçir” adlı verilişinin aparıcısı barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciətin araşdırılması zamanı Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin təşviqat aparmaları üçün 28 sentyabr 2013-cü ildə ödənişsiz əsaslarla təşkil edilmiş “Xalq seçir” adlı verilişin videoyazısına baxış keçirilmiş, orada ərizəçiyə qarşı hər hansı namizəd, o cümlədən Hafiz Hacıyev tərəfindən ölümlə hədələmək xüsusatına rast gəlinməmişdir. Ölümlə hədələmə halının olmaması araşdırma zamanı həm ərizəçinin səlahiyyətli nümayəndəsi, həm qeydə alınmış prezidentliyə namizəd Hafiz Hacıyev, həm də aparıcı-jurnalist Füzuli İsmayılov tərəfindən təsdiq edilmişdir. Ona görə də müraciət bu hissədə əsassızdır.

Məlum teledebat zamanı prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin və “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin digər namizəd Hafiz Hacıyev tərəfindən təhqir edilməsi tələbinə gəldikdə isə qeyd edilməlidir ki, Hafiz Hacıyevin, həmçinin ondan heç də az olmayan həddə, ərizəçi tərəfindən müxtəlif şəxslərin və qrupların ünvanına şərəf və ləyaqətin alçaldılması və yalnız “Dəyirmi masa” iştirakçılarının hüquqlarının deyil, eyni zamanda seçicilərin qanunla qorunan məlumat əldə etmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilən  ifadələr söylənilmişdir.

Ona görə də, Mərkəzi Seçki Komissiyası hesab edir ki, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinin Azərbaycan Respublikası mülki və cinayət - prosessual qanunvericiliklərində nəzərdə tutulmuş qaydada həyata keçirilməsi tələbi ərizəçinin diqqətinə çatdırılmalıdır.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.

Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir.

Həmçinin, qeyd olunmalıdır ki, Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, namizədin qeydiyyatının ləğv edilməsi üçün əsaslar yaranır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2.1-13-cü maddəsində göstərilən hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.

Göründüyü kimi, bu hala dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya inzibati xəta üzrə qərarı mövcud deyildir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirak edən təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də “Dəyirmi masa” iştirakçıları onlara yaradılmış imkanlardan və ayrılmış ödənişsiz efir vaxtından istifadə edərkən qanunvericiliyin tələblərinə ciddi əməl etməli, ayrılan efir vaxtından yalnız təşviqat məqsədləri üçün istifadə etməli, qanunla qorunan dəyərlərə toxunmamalı, Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə qorunan hüquq və mənafelərinə hörmətlə yanaşmalı, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə etməməli, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməməli və bu cür materiallar yaymamalı, mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamalı, namizədlərin, siyasi partiyaların seçki kampaniyalarına müdaxilə etməməli və onu pozmamalı, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələrə yol verməməli və s. bu kimi qanuni tələblərə ciddi riayət etməlidirlər.

Ərizəçi tərəfindən “Dəyirmi masa” aparıcısının qanunsuz fəaliyyətsizlikdə ittiham edilməsinə gəldikdə isə qeyd edilməlidir ki, qeydə alınmış namizədlər təşviqat aparmaları üçün onlara ayrılmış efir vaxtının tam hüquqlu sahibləridirlər və onlar həmin vaxtdan seçkiqabağı məqsədlər üçün öz mülahizələrinə uyğun istifadə etməlidirlər. Təcrübədə aparıcının çıxış edən namizədin, o cümlədən ərizəçinin iştirakı ilə göstərilən tələblərin pozulmasının qarşısının alınması məqsədilə müdaxilə cəhdi İTV-nin 6 dəqiqə 12 saniyə efir vaxtının lüzumsuz itkisinə səbəb olduğundan, həmçinin seçki qanunvericiliyində təşkil edilmiş “Dəyirmi masa”larda müzakirələr aparılarkən həmin müzakirələrdə aparıcı funksiyasını yerinə yetirən şəxsin üzərinə prezidentliyə namizədlərin seçkiqabağı təşviqatını dayandırmaq öhdəliyi birmənalı olaraq qoyulmadığından həmin şəxsin barəsində hər hansı tədbirin görülməsi mümkünsüzdür.

Yuxarıda göstərilənlərə əsasən müraciət təmin edilməməli, vətəndaşların şərəf və ləyaqətlərinin məhkəmə qaydasında müdafiəsi ilə bağlı qanunvericiliyin tələbi ərizəçinin diqqətinə çatdırılmalı, təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də “Dəyirmi masa” iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi bir daha qeyd edilməlidir.

Seçki Məcəlləsinin 189.2-ci maddəsinə əsasən, teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı maddəsinə əsasən seçkilərdə iştirak edən subyektlər mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamalı, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməməli və onu pozmamalı, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləməli və onlarla əməkdaşlıq etməli, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməməli, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməməli və bu cür materiallar yaymamalı, təzyiq göstərməməli və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək kimi şərtlərə riayət etməlidirlər.

Bundan əlavə, Seçki Məcəlləsinin 88.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramında (referendumqabağı çağırışlarında), yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir.

Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.

Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 88.1-ci, 88.2-ci, 112-ci, 112-1-ci, 189.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 01 oktyabr 2013-cü il tarixli 12 saylı müraciəti təmin edilməsin.

2. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin məhkəmə qaydasında həyata keçirilməsinin mümkünlüyü ərizəçinin diqqətinə çatdırılsın.

3. Təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də “Dəyirmi masa” iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi bir daha qeyd edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında