Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.
1-ci FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;
1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər;
1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı;
1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsi;
1.1.5. plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlama;
1.1.6. plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlama;
1.1.7. risk - sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına zərərin vurulması ehtimalı;
1.1.8. risk qiymətləndirilməsi sistemi - yoxlayıcı orqan tərəfindən yoxlamaların planlaşdırılması və təşkili məqsədi ilə həyata keçirilən məlumatların toplanması və təhlil edilməsinin tətbiqi sistemi;
1.1.9. risk qruplarının müəyyənləşdirilməsi meyarları - sahibkarın fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olan və sahibkarların müxtəlif risk qruplarına aid olunması üçün istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;
1.1.10. yoxlama suallarının siyahısı - yoxlama zamanı yerinə yetirilməsi yoxlayıcı orqan tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin müfəssəl siyahısını əks etdirən yoxlama aktının tərkib hissəsi;
1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri;
1.1.12. insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təhlükə və ya zərər.
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi istisna olmaqla, digər qanunlarda verilmiş anlayışlar bu Qanunda fərqli mənada nəzərdə tutulduqda, bu Qanunda verilmiş mənada tətbiq edilir.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir.
2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
Maddə 3. Yoxlamaların qanuniliyi
3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Maddə 4. Yoxlamaların məqsəd və prinsipləri
4.1. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
4.2. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır:
4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq;
4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası;
4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı;
4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi;
4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu;
4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması;
4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı;
4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti;
4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü;
4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi;
4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı;
4.2.12. yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi;
4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi;
4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi;
4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi.
2-ci FƏSİL
YOXLAMALARIN DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Maddə 5. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər
5.1. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir.
5.2. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir.
5.3. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulmasına görə məsuliyyət tədbirləri yalnız qanunla müəyyən edilir.
Maddə 6. Yoxlayıcı orqanların səlahiyyətləri
6.1. Yoxlayıcı orqanın səlahiyyətləri Azərbaycan Respublikasının qanunları və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir.
6.2. Yoxlamaların təşkili və aparılması ilə bağlı yoxlayıcı orqan tərəfindən normativ hüquqi aktların qəbul edilməsinə yol verilmir.
6.3. Yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Yoxlayıcının səlahiyyətləri və yoxlayıcıya dair tələblər
7.1. Yoxlayıcının səlahiyyətləri yoxlayıcı orqanın səlahiyyətləri ilə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz.
7.2. Yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.
7.3. Yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir.
7.4. Yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarına uyğun olaraq həyata keçirilir.
7.5. Yoxlayıcılar təmsil etdiyi yoxlayıcı orqanda tətbiq edilən etik davranış qaydalarına əməl etməlidirlər.
7.6. Yoxlayıcı orqanın səlahiyyətlərini müəyyən edən normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadıqda, yoxlayıcıların fəaliyyətinə birbaşa nəzarəti yoxlayıcı orqanın rəhbərliyi və daxili nəzarət qurumu həyata keçirir.
7.7. Yoxlayıcılar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əldə olunması məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etməlidirlər.
7.8. Yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:
7.8.1. yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;
7.8.2. yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda. Bu maddədə və bu Qanunun 18.2.4-cü maddəsində yaxın qohum dedikdə valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr nəzərdə tutulur.
7.9. Bu Qanunun 7.8-ci maddəsində göstərilən hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilməli və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməlidir.
7.10. Yoxlamalar zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanın, yoxlayıcının və digər əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün meyar ola bilməz.
Maddə 8. Sahibkarlara məsləhətlərin verilməsi
8.1. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunmalıdır.
8.2. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), habelə yoxlamanın hər bir mərhələsini, o cümlədən yoxlayıcı orqan tərəfindən qəbul edilmiş qərarlardan şikayət verilməsini tənzimləyən qaydalar, yoxlayıcı orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, yoxlama suallarının siyahısı, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin tətbiqi barədə verilən izahatlar, tez-tez verilən suallara cavablar, həmçinin sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar yoxlayıcı orqanların rəsmi internet saytlarında yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikcə onlar yenilənir.
8.3. Sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir.
8.4. Yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.
8.5. Yoxlayıcı orqan bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə sahibkarların daha operativ məlumatlandırılması məqsədi ilə ödənişsiz telefon məlumat xidməti yaratmalıdır. Telefon məlumat xidməti vasitəsilə alınan izahata və göstərilən metodiki köməkliyə uyğun hərəkət edən sahibkarın ona istinad etməsinə şərait yaradılması üçün yoxlayıcı orqan verdiyi məlumatları texniki vasitələrin köməyi ilə qeydə almalıdır. Sahibkar qeydə alınmış izahatın səs yazısının elektron daşıyıcıda olan surətini yazıldığı gündən üç ay ərzində almaq hüququna malikdir.
8.6. Bu Qanunun 8.4-cü və 8.5-ci maddələrinə əsasən verilən izahatlara və göstərilən metodiki köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyət zamanı yol verilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.
8.7. Yoxlayıcı orqan tərəfindən izahatlar verildikdən və ya metodiki köməklik göstərildikdən sonra həmin izahatın və ya metodiki köməkliyin əsaslandığı hüquqi aktlarda dəyişikliklər olduqda, bu Qanunun 8.6-cı maddəsi tətbiq edilmir.
3-cü FƏSİL
RİSK QİYMƏTLƏNDİRİLMƏSİ
SİSTEMİ
Maddə 9. Sahibkarların risk qrupları üzrə bölgüsü
9.1. Plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünür.
9.2. Sahibkarların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun aparılır və yoxladığı bütün sahibkarlara şamil edilir.
9.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları sahibkarların fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır:
9.3.1. sahibkarın fəaliyyətinin miqyası;
9.3.2. sahibkarın müvafiq sahədə fəaliyyət göstərdiyi müddət;
9.3.3. sahibkar tərəfindən istehsal edilən məhsulun (görülən işin, göstərilən xidmətin) xüsusiyyətləri və (və ya) onun fəaliyyət sahəsi;
9.3.4. müxtəlif statistik məlumatlar (sahibkarın fəaliyyət sahəsində mənfi fəsadların baş verməsi, sahibkarın fəaliyyət göstərdiyi sahədə məcburi tələblərin pozulması vəziyyəti və s.);
9.3.5. sahibkarda əvvəllər aparılmış yoxlamaların nəticələri;
9.3.6. sahibkarın icbari hesabatlılığında uyğunsuzluqların və ziddiyyətlərin olması.
9.4. Sahibkarın iki və ya daha artıq risk qrupuna aid edilməsi mümkün olduqda, o, daha yüksək risk qrupuna aid edilir.
9.5. Hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları həmin yoxlayıcı orqan tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.6. Yoxlayıcı orqan sahibkarları risk qrupları üzrə bölüşdürərkən aşağıdakı şərtlərə əməl etməlidir:
9.6.1. yoxlanılan sahibkarların ümumilikdə 10 faizindən çox olmayan hissəsi yüksək risk qrupuna aid edilməlidir;
9.6.2. yoxlanılan sahibkarların ümumilikdə 30 faizindən çox olmayan hissəsi orta risk qrupuna aid edilməlidir;
9.6.3. yüksək və orta risk qruplarına aid edilməyən sahibkarlar aşağı risk qrupuna aid edilməlidir.
9.7. Risk qruplarının müəyyənləşdirilməsi meyarlarına (onların məzmunu və seçilməsi) üç ildə bir dəfədən az olmayaraq təhlil edilərək yenidən baxılır.
9.8. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz.
Maddə 10. Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi
10.1. Sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz.
10.2. Bu Qanunun 10.3-cü maddəsində göstərilən sahələr istisna olmaqla, plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:
10.2.1. yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.2.2. orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;
10.2.3. aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.
10.3. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:
10.3.1. yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;
10.3.2. orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.3.3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq.
10.4. Son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması aşkar edilmədikdə və ya aşkar edilmiş pozuntular insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmırsa və ya mühüm zərər vurmursa, həmin sahibkarda plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrilik 1,5 dəfə artırılmaqla təyin edilir.
10.5. Bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində göstərilən müddətlər sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatması tarixindən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkarla münasibətdə onun dövlət qeydiyyatına alındığı tarixdən, sahibkarın risk qrupu dəyişildikdə isə risk qrupunun dəyişməsi tarixindən başlayaraq hesablanır.
10.6. Sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumat yoxlayıcı orqan tərəfindən yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir və həmin məlumat yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün açıq olmalıdır.
4-cü FƏSİL
YOXLAMALARIN QEYDİYYATI
Maddə 11. Yoxlamaların elektron uçotu
11.1. Yoxlayıcı orqan apardığı yoxlamalara dair (aparılmış yoxlamaların sayı, xüsusiyyəti, yoxlamaların nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər və görülmüş məsuliyyət tədbirləri) və sahibkarların öz nəzarət sahəsi üzrə risk qrupuna aid edilməsi barədə məlumatların elektron uçotunu aparır.
11.2. Yoxlamaların elektron uçotuna daxil edilən məlumatlardan risk qiymətləndirilməsi sisteminin yaradılması, təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti və sahibkarlara məsləhətlərin verilməsi üçün istifadə edilir.
Maddə 12. Yoxlamalar barədə illik hesabatlar
12.1. Təqvim ilinin sonunda yoxlayıcı orqan aşağıdakı məlumatları əks etdirən illik hesabat hazırlayır:
12.1.1. hesabat dövründə sahibkarlar üçün daha aktual suallar önə çəkilməklə, izah olunması tələb olunan normativ hüquqi aktların müddəaları ilə bağlı məsləhətlərin verilməsi fəaliyyəti haqqında;
12.1.2. aparılmış yoxlamaların sayı (ümumi və risk qrupları üzrə), növü, xüsusiyyəti, müddəti və nəticələri haqqında;
12.1.3. sahibkarların yol verdiyi pozuntuların səbəbləri göstərilməklə hüquq pozuntularının miqyası, normativ hüquqi aktların tez-tez pozulan müddəaları və qəbul olunmuş qərarlar haqqında;
12.1.4. sahibkarların şikayəti əsasında ləğv olunmuş və dəyişiklik edilmiş qərarların sayı haqqında;
12.1.5. bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş halların, qanunvericilikdə olan boşluqların aradan qaldırılması, sahibkarların fəaliyyətinə nəzarətin səmərəli təşkili və onlara münasibətdə nəzarət yükünün azaldılması məqsədi ilə dəyişikliklər edilməsi və ya yeni qəbul edilməsi təklif olunan normativ hüquqi aktlar haqqında.
12.2. Bu Qanunun 12.1.1-12.1.4-cü maddələrində göstərilən məlumatlar dövlət orqanlarının fəaliyyəti barədə illik hesabatlarla birlikdə rəsmi internet saytında, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər mənbələrdə açıqlanır.
Maddə 13. Yoxlamaların vahid məlumat reyestri
13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
5-ci FƏSİL
YOXLAMALARIN TƏŞKİLİ VƏ
APARILMASI
Maddə 14. Yoxlamaların növü və dövrü
14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır.
14.2. Plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir.
Maddə 15. Plan üzrə (növbəti) yoxlama
15.1. Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır.
15.2. İllik yoxlama planında aşağıdakı məlumatlar göstərilir:
15.2.1. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
15.2.2. yoxlanılması nəzərdə tutulan sahibkarın adı;
15.2.3. yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
15.2.4. yoxlanılması nəzərdə tutulan sahibkarın təsərrüfat obyektinin ünvanı;
15.2.5. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);
15.2.6. sahibkarda aparılmış sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması).
15.3. Növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir.
15.4. Sahibkarda bir neçə yoxlayıcı orqan tərəfindən birgə yoxlama aparıla bilər.
Maddə 16. Plandankənar (növbədənkənar) yoxlama
16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır:
16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.
16.2. Bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır.
16.3. Bu Qanunun 16.1.2-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına (təkrar məhdudlaşdırılmasına) səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması vəziyyəti yoxlanılır.
16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır.
16.5. Bu Qanunun 16.1.4-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkar tərəfindən müəyyən edilən məsələlər yoxlanılır.
16.6. Bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:
16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu;
16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;
16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi;
16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti.
16.8. Bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir.
16.9. Anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
16.10. Bu Qanunun 16.1.4-cü maddəsində nəzərdə tutulan halda plandankənar (növbədənkənar) yoxlama əvvəlki yoxlamanı aparmış yoxlayıcılar tərəfindən aparıla bilməz.
16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
Maddə 17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi
17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
17.2. Yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir:
17.2.1. qərarın nömrəsi və tarixi;
17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı;
17.2.5. yoxlamanın növü;
17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi;
17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;
17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri.
17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.
17.4. Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.
Maddə 18. Yoxlamanın müddəti
18.1. Plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta və kiçik sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş günündən, orta və kiçik sahibkarlarda üç iş günündən artıq olmamalıdır. İri, orta və kiçik sahibkarların meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18.2. Yoxlamanın aparılması aşağıdakı hallarda və müddətlərdə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən bir dəfə dayandırılır:
18.2.1. yoxlamanı həyata keçirmək üçün tələb olunan sənədlər yoxlanılan sahibkar tərəfindən bərpa olunduqda - otuz gündən artıq olmayan müddətə;
18.2.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə sənədlərin və məlumatların alınması üçün müraciətlər göndərildikdə - otuz gündən artıq olmayan müddətə (həmin orqanlar və ya şəxslər xarici dövlətlərdə olduqları halda - əlli gündən artıq olmayan müddətə);
18.2.3. məhsulun tədqiqi (sınağı) barədə qərar qəbul olunduqda - bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulan müddətdən artıq olmayan müddətə;
18.2.4. yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməsi, özünün və ya yaxın qohumunun xəstəliyi, yaxud ölümü ilə bağlı və ya digər üzrlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadıqda - iyirmi gündən artıq olmayan müddətə.
18.3. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir.
18.4. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir.
18.5. Yoxlanılan sahibkar yoxlamanın dayandırılması haqqında qərarla tanış edilməli və bu barədə yoxlama aktında qeydlər aparılmalıdır.
Maddə 19. Yoxlama suallarının siyahısı
19.1. Yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır.
19.2. Yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir.
19.3. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirir.
19.4. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun.
19.5. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.
19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
19.7. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır, onun rəhbəri tərəfindən təsdiq edilir və yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur. Yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələlər həmin yoxlayıcı orqan tərəfindən hazırlanan və tətbiq edilən yoxlama suallarının siyahısına daxil edilə bilməz.
19.8. Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19.9. Yoxlama suallarının siyahısı yoxlayıcı orqanın rəsmi internet saytında yerləşdirilir.
Maddə 20. Yoxlamanın aparılması
20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.
20.3. Sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır.
20.4. Yoxlama predmetinə aid olan məsələlərin aydınlaşdırılması məqsədi ilə yoxlayıcı orqan yoxlamaya aid sənədlərin və məlumatların alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə müraciətlər göndərə bilər. Müraciətə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayan müddətə cavab verilməlidir.
20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.
20.6. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
20.7. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir.
20.8. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır.
20.9. Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır.
20.10. Foto, audio və video materiallar, kompyuter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.
20.11. Yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər.
20.12. Yoxlanılan sahibkar istədiyi halda yoxlamada köməklik göstərilməsi üçün müxtəlif təşkilatların nümayəndələrini və ya istənilən üçüncü şəxsləri dəvət edə bilər.
6-cı FƏSİL
MƏHSULUN TƏDQİQİ (SINAĞI) VƏ MƏHSUL NÜMUNƏLƏRİNİN
GÖTÜRÜLMƏSİ
Maddə 21. Məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edilməsi
21.1. İstehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı məhsulun və ya xammalın (bundan sonra - məhsul) müəyyən edilmiş tələblərə uyğun olması barədə yoxlama zamanı əsaslandırılmış şübhələr yaranarsa, həmin məhsulun tədqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi həyata keçirilir.
21.2. Məhsulun tədqiqi (sınağı) barədə qərar yoxlayıcı orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.
21.3. Məhsulun tədqiqi (sınağı) barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:
21.3.1. qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
21.3.2. məhsulun tədqiqi (sınağı) üçün məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
21.3.3. məhsulunun tədqiqi (sınağı) aparılacaq sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
21.3.4. tədqiqi (sınağı) aparılacaq məhsulun adı;
21.3.5. tədqiqi (sınağı) aparılacaq məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
21.3.6. məhsulun götürülməli nümunələrinin sayı;
21.3.7. götürülmüş məhsul nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər;
21.3.8. məhsulun tədqiqini (sınağını) aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;
21.3.9. yoxlayıcı orqanının möhürü, yoxlayıcı orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.
21.4. Məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 22. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin seçilməsi qaydası
22.1. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi məhsulun tədqiqi (sınağı) barədə qərarın qəbul edildiyi vaxtdan qırx səkkiz saatdan çox olmayan müddətdə həyata keçirilir.
22.2. Yoxlama zamanı məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsinə başlamazdan əvvəl məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcı:
22.2.1. məhsulun tədqiqi (sınağı) barədə qərarın nüsxəsini sahibkara təqdim etməlidir;
22.2.2. məhsulun tədqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi qaydası və bununla bağlı sahibkarın hüquq və vəzifələrini ona izah etməlidir;
22.2.3. götürülən məhsul nümunələrinin dəyərini ödəməlidir.
22.3. Məhsul nümunələri yoxlanılan sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür və məhsul nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.
22.4. Məhsul nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:
22.4.1. aktın tərtib edilmə tarixi və məhsul nümunələrinin dəqiq götürülmə vaxtı;
22.4.2. məhsul nümunələrinin götürülməsinin əsaslandığı və bu Qanunun 21.3-cü maddəsində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
22.4.3. məhsul nümunələri götürülmüş sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
22.4.4. məhsul nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
22.4.5. məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı;
22.4.6. nümunəsi götürülmüş məhsulun adı;
22.4.7. nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
22.4.8. götürülmüş məhsul nümunələrinin sayı;
22.4.9. götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri;
22.4.10. götürülmüş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;
22.4.11. əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı;
22.4.12. məhsul nümunələrini götürmüş yoxlayıcının imzası;
22.4.13. məhsul nümunələrinin götürülməsində iştirak etmiş sahibkarın, yaxud səlahiyyətli nümayəndəsinin imzası.
22.5. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
22.6. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasında sahibkarın ifadə etdiyi izahlar, iradlar və etirazların əks etdirilməsi üçün müvafiq bölmə olmalıdır.
22.7. Tədqiq (sınaq) üçün götürülən məhsul nümunələrinin sayı müvafiq tədqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan artıq olmamalıdır. Əgər müvafiq tədqiq (sınaq) aparılması metodikasında məhsul nümunələrinin tələb olunan sayı göstərilməyibsə, yoxlayıcı buna oxşar digər tədqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan çox olmayan sayda məhsul nümunələrini götürmək hüququna malikdir.
22.8. Tədqiq (sınaq) üçün götürülmüş məhsul nümunələrini qablaşdırarkən yoxlayıcı onların bütövlüyünü və tədqiq (sınaq) zamanı uyğunluğu yoxlanacaq parametrlərin tədqiq (sınaq) aparılacaq yerə çatdırılması üçün kifayət edən vaxt ərzində dəyişməz qalmasını təmin etməlidir.
22.9. Tədqiq (sınaq) üçün götürülən məhsul nümunələri yoxlayıcı tərəfindən elə möhürlənməlidir ki, qablaşdırmanın bütövlüyünü pozmadan onu açmaq mümkün olmasın.
22.10. Məhsul nümunələrinin götürülməsini başa çatdırdıqdan sonra yoxlayıcı sahibkara məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi barədə aktın müvafiq şəkildə rəsmiləşdirilmiş surətini təqdim etməlidir.
22.11. Əgər məhsulun spesifik xüsusiyyətləri və (və ya) xarakteristikası səbəbindən məhsul nümunələrinin götürülməsi və bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata çatdırılması mümkün deyilsə, yoxlayıcı həmin məhsulun yerləşdiyi yerə onun tədqiqi (sınağı) üçün tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilatın mütəxəssislərinin gəlməsini təşkil edir. Bu zaman məhsulun bu növ tədqiqi (sınağı) sahibkarın normal fəaliyyət aparmasına mane olmamalı və (və ya) onun fəaliyyətini məhdudlaşdırmamalıdır, həmçinin insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükə yaratmamalıdır.
22.12. Sahibkarın məhsul nümunələrinin götürülməsində iştirak etmək, bu Qanunda və müvafiq məhsul nümunələrinin götürülməsi metodikasında nəzərdə tutulan qaydalara əməl edilməsini tələb etmək, habelə öz izah, irad və etirazlarını bildirmək hüququ vardır.
Maddə 23. Məhsul nümunələrinin götürülməsi metodları
23.1. Məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi üçün Azərbaycan Respublikasının müvafiq texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş metodlardan istifadə edilir.
23.2. Bu Qanunun 23.1-ci maddəsində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə edilir.
Maddə 24. Götürülmüş məhsul nümunələrinin laboratoriyaya və ya onların tədqiqini (sınağını) aparmaq hüququ olan digər təşkilata çatdırılması qaydası və müddəti
24.1. Yoxlayıcı götürülmüş məhsul nümunələrini bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata mümkün qədər tez, lakin aşağıdakı müddətdən gec olmayaraq çatdırmalıdır:
24.1.1. tez xarab olan məhsulun (normativ saxlama müddəti yetmiş iki saatdan az olan) nümunəsi - götürülməsi vaxtından üç saat ərzində;
24.1.2. yeyinti məhsulu və ya yemin (tez xarab olan məhsullar istisna edilməklə) nümunəsi - götürülməsi vaxtından on iki saat ərzində;
24.1.3. digər hallarda - nümunələrin götürülməsi vaxtından sonra qırx səkkiz saat ərzində.
24.2. Yoxlayıcı tərəfindən götürülmüş məhsul nümunələrinin təhvil verilməsi və bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat tərəfindən təhvil alınması məhsul nümunələrinin təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
24.3. Bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat aşağıdakı hallarda götürülmüş məhsul nümunələrini qəbul etməkdən və təhvil-təslim aktını rəsmiləşdirməkdən imtina etməlidir:
24.3.1. məhsul nümunələri bu Qanunun 24.1-ci maddəsində göstərilən müddətlər bitdikdən sonra çatdırıldıqda;
24.3.2. məhsul nümunələri bu Qanunun 22.8-ci və 22.9-cu maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmayan üsullarla qablaşdırıldıqda və ya vəziyyətdə çatdırıldıqda.
Maddə 25. Götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması müddətləri və qaydası
25.1. Götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq tədqiq (sınaq) metodikasında nəzərdə tutulan müddətdə aparılır. Müvafiq tədqiq (sınaq) metodikasında tədqiq (sınaq) müddəti nəzərdə tutulmadıqda götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) bu Qanunun 24.2-ci maddəsində göstərilən təhvil-təslim aktının rəsmiləşdirildiyi tarixdən on iş günündən çox olmayan müddətdə aparılır.
25.2. Tədqiqin (sınağın) nəticələri protokolla rəsmiləşdirilir.
25.3. Bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sınaq aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat tədqiq (sınaq) bitdikdən sonra növbəti iş günündən gec olmayaraq tədqiqin (sınağın) nəticələri barədə protokolu məhsulun tədqiqi (sınağı) barədə qərar qəbul etmiş yoxlayıcı orqana alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərir.
25.4. Tədqiqin (sınağın) nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:
25.4.1. protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;
25.4.2. məhsul nümunələrinin çatdırılma tarixi və dəqiq vaxtı;
25.4.3. tətbiq edilən tədqiq (sınaq) metodları barədə məlumat;
25.4.4. araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;
25.4.5. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;
25.4.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).
25.5. Tədqiq (sınaq) nəticələrinə dair protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
25.6. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparmış yoxlayıcı sahibkarı tədqiqin (sınağın) nəticələri ilə tanış etməlidir və tələb edildikdə, tədqiqin (sınağın) nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.
Maddə 26. Məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi
26.1. Məhsul nümunələrinin götürülməsi yoxlayıcı orqan tərəfindən götürülən məhsul nümunələrinin dəyərinin məhsul nümunələri götürülən sahibkara tam ödənilməsi şərti ilə həyata keçirilir.
26.2. Məhsul nümunələrinin dəyərinin ödənilməsi məhsul nümunələrinin götürülməsi anından gec olmayaraq və məhsul nümunələrinin götürülməsi barədə akt rəsmiləşdirilənə qədər həyata keçirilməlidir.
26.3. Götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, tədqiq (sınaq) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin bu Qanunun 21.2-ci maddəsində göstərilən qərarın nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir.
26.4. Əgər məhsul nümunələrinin tədqiq (sınaq) nəticələri məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın bu Qanunun 26.3-cü maddəsinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi sahibkar tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:
26.4.1. xərclər yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilməyib;
26.4.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə yoxdur;
26.4.3. xərclər yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən bu Qanunla müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkilib.
26.5. Bu Qanunun 26.4-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin ödənilməsi qaydaları və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 27. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparan laboratoriyalar və digər təşkilatlara dair tələblər
27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.
27.2. Götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak etmiş və ya bu məhsulun istehsalçısının və ya paylayıcısının (distribüterinin) mülkiyyətində, yaxud nəzarətində (idarəçiliyində) olan laboratoriyalar və digər təşkilatlarda aparıla bilməz.
27.3. Aşağıdakı hallarda yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması üçün Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiya keçmiş laboratoriyaya və ya digər təşkilata müraciət edə bilər:
27.3.1. Azərbaycan Respublikasında müvafiq məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması hüququna malik akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar mövcud deyil;
27.3.2. Azərbaycan Respublikasında mövcud olan müvafiq məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması üçün akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak edib və ya bu məhsulun istehsalçısı və ya paylayıcısının (distribüterinin) mülkiyyətində, yaxud nəzarətindədir (idarəçiliyindədir).
27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:
27.4.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;
27.4.2. Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiya keçmiş.
7-ci FƏSİL
YOXLAMA ZAMANI
MƏHDUDLAŞDIRICI TƏDBİRLƏR
Maddə 28. Yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın qəbul edilməsi
28.1. Yoxlayıcı orqan yoxlama zamanı aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edir:
28.1.1. yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradır və ya mühüm zərər vurur;
28.1.2. həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil;
28.1.3. məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur.
28.2. Sahibkarın fəaliyyətinə aşağıdakı məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər:
28.2.1. istehsalın ayrı-ayrı proseslərinin dayandırılması;
28.2.2. istehsalın dayandırılması;
28.2.3. malın (mal partiyasının) satışının dayandırılması;
28.2.4. malın (mal partiyasının) istehsalının qadağan edilməsi;
28.2.5. malın (mal partiyasının) satışının qadağan edilməsi;
28.2.6. malın (mal partiyasının) dövriyyədən çıxarılması;
28.2.7. malın (mal partiyasının) geri çağırılması;
28.2.8. malın emalı, təkrar emalı, təyinatının dəyişdirilməsi;
28.2.9. iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması;
28.2.10. işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması.
28.3. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi sahibkara qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
28.4. Sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına yaranan birbaşa və mühüm təhlükənin və ya vurulan mühüm zərərin dərəcəsinə uyğun olmalıdır.
28.5. Sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir sahibkarın fəaliyyətinin yalnız o hissəsində (sahəsində) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) tətbiq edilir ki, həmin hissədə (sahədə):
28.5.1. sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulması faktı aşkar olunsun və;
28.5.2. fəaliyyətin məhdudlaşdırılması üzrə tədbirin tətbiq edilməməsi insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun.
28.6. Sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir barədə qərarın qəbul edilməsi zamanı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs sahibkarın fəaliyyətinə minimum müdaxilə prinsipini rəhbər tutmalıdır.
28.7. Aşağıdakı hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbir tətbiq edilə bilməz:
28.7.1. aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratmır və ya mühüm zərər vurmur (qanun pozuntusu yaranan təhlükənin və ya vurulan zərərin dərəcəsinə uyğun deyil);
28.7.2. aşkar edilmiş qanun pozuntusu faktının dərhal aradan qaldırılması mümkündür;
28.7.3. məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulmadıqda;
28.7.4. məhdudlaşdırıcı tədbir sahibkarın fəaliyyətinin qanun pozuntusu faktı aşkar olunmayan hissəsinə (sahəsinə) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) tətbiq edilir.
28.8. Sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir barədə qərar yoxlayıcı tərəfindən tərtib edilən aralıq aktı əsasında yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qanun pozuntusu faktı aşkar edildiyi tarixdən bir iş günü ərzində qəbul edilir.
28.9. Sahibkarın fəaliyyətinə tətbiq olunan məhdudlaşdırıcı tədbir barədə qərar əsaslandırılmış olmalı, yazılı formada tərtib edilməli və aşağıdakı məlumatı əks etməlidir:
28.9.1. qərarın nömrəsi və tarixi;
28.9.2. fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi qərarı verilmiş sahibkarın (onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
28.9.3. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
28.9.4. sahibkarın fəaliyyətinin məhdudlaşdırıcı tədbir tətbiq edilən hissəsinin (sahəsinin) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) təsviri;
28.9.5. bu Qanunun 28.2-ci maddəsinə əsasən tətbiq edilən konkret məhdudlaşdırıcı tədbir (tədbirlər);
28.9.6. sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün sahibkar tərəfindən yerinə yetirilməli olan konkret tədbirlər;
28.9.7. sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərardan şikayət etmə müddətləri və qaydası barədə məlumat;
28.9.8. yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin soyadı, adı, atasının adı və imzası.
28.10. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq sahibkara təqdim edilir.
28.11. Sahibkarın fəaliyyətinə tətbiq edilən məhdudlaşdırıcı tədbirin tətbiqi barədə yoxlayıcı orqanın qərarı ilə bağlı məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir.
Maddə 29. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın ləğv edilməsi
29.1. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər:
29.1.1. sahibkar tam və əhatəli şəkildə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir;
29.1.2. sahibkar məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
29.2. Yoxlayıcı orqan məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən üç iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. Plandankənar (növbədənkənar) yoxlama bu Qanunla plandankənar (növbədənkənar) yoxlamalar üçün nəzərdə tutulmuş müddət və qaydaya uyğun aparılır.
Maddə 30. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərarın qəbul edilməsi və həmin qərarın ləğv edilməsi
30.1. Yoxlayıcı orqan tərəfindən bu Qanunun 29.2-ci maddəsində göstərilən əsaslarla və müddətlərdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərar qəbul edir.
30.2. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərara və onun ləğv edilməsinə müvafiq olaraq bu Qanunun 28-ci və 29-cu maddələrinin müddəaları tətbiq edilir.
8-ci FƏSİL
YOXLAMALARIN NƏTİCƏLƏRİNİN RƏSMİLƏŞDİRİLMƏSİ VƏ YOXLAMA NƏTİCƏLƏRİ ÜZRƏ QƏRARIN
QƏBUL EDİLMƏSİ
Maddə 31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir.
31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:
31.2.1. yoxlayıcı orqanın adı;
31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix;
31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;
31.2.4. yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
31.2.5. yoxlanılan sahibkarın bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı;
31.2.6. yoxlamada iştirak edən yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;
31.2.7. yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi;
31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat;
31.2.9. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
31.2.10. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
31.2.11. əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı;
31.2.12. yoxlama aktına əlavə edilən sənədlərin siyahısı;
31.2.13. yoxlamada iştirak etmiş bütün yoxlayıcıların və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları.
31.3. Yoxlama aktının tərtib edilməsi zamanı aşkar edilmiş faktlar yoxlama aktında aydın və dəqiq göstərilməlidir. Yoxlama aktına yoxlama suallarının siyahısının yoxlanılmamış suallarının nömrələrini, habelə yoxlanılan sahibkarın fəaliyyəti ilə bağlı təsdiqini tapmamış müxtəlif faktların və məlumatların daxil edilməsinə yol verilmir.
31.4. Yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilir.
31.5. Yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.
31.6. Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir.
31.7. Yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) razılığını bildirmir.
31.8. Sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər.
31.9. Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır.
31.10. Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir.
Maddə 32. Yoxlama materiallarına baxılması
32.1. Yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz.
32.2. Yoxlayıcı orqan sahibkarı və aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borcludur.
32.3. Sahibkar yoxlama materiallarına baxılmasında birbaşa, yaxud nümayəndə və ya vəkil vasitəsilə iştirak edə bilər.
Maddə 33. Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər
33.1. Yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır.
33.2. Yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən aşağıdakılar barəsində qərar çıxarılır:
33.2.1. sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunmadıqda qanun pozuntusunun aşkar olunmaması haqqında;
33.2.2. inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
33.2.3. cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
33.2.4. məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında.
33.3. Yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır.
33.4. Yoxlamanın nəticələri üzrə qərarda aşağıdakılar göstərilir:
33.4.1. qərarın tarixi və nömrəsi;
33.4.2. yoxlayıcı orqanın adı, yoxlanılan sahibkarın adı və ünvanı (o cümlədən, sahibkarlıq subyektinin bilavasitə yoxlanılan təsərrüfat obyektin ünvanı);
33.4.3. pozuntu aşkar olunduqda onların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
33.4.4. aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər;
33.4.5. pozuntuların aradan qaldırılması müddəti;
33.4.6. bu Qanunun 33.2-ci maddəsinə istinad edilməklə qəbul edilmiş qərar;
33.4.7. qərardan şikayət vermə müddəti və qaydası.
33.5. Sahibkarın müraciəti olduqda aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yoxlayıcı orqanın metodiki köməkliyi ilə yerinə yetirilir. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra sahibkar tərəfindən üç iş günü müddətində yoxlayıcı orqana məlumat verilir.
33.6. Yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində aşağıdakı məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir:
33.6.1. yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi;
33.6.2. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementlərinə istinadla aşkar edilmiş qanun pozuntuları;
33.6.3. yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar (pozuntu aşkar olunduqda, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri).
9-cu FƏSİL
ŞİKAYƏT VƏ MƏSULİYYƏT
Maddə 34. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası
34.1. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
34.2. Yoxlayıcı orqanın qərarından verilən şikayətə yuxarı dövlət orqanı tərəfindən 15 iş günü müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:
34.2.1. yoxlayıcı orqanın qərarının qüvvədə saxlanılması haqqında;
34.2.2. yoxlayıcı orqanın qərarının ləğv edilməsi haqqında;
34.2.3. yoxlayıcı orqanın qərarında dəyişiklik edilməsi haqqında.
34.3. Yoxlayıcıların hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılması üzrə yuxarı dövlət orqanı şikayətin təmin edilməsi və ya təmin edilməməsi haqqında qərar qəbul edir.
34.4. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılmasına dair yuxarı dövlət orqanının qərarı qəbul olunduğu tarixdən üç iş günü müddətində sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir.
Maddə 35. Yoxlayıcı orqanların və yoxlayıcıların məsuliyyəti
35.1. Yoxlayıcılar bu Qanunun tələblərinin pozulmasına, habelə yoxlamalar aparılarkən, vəzifə borclarını yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və sahibkara vurulan zərərə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
35.2. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Maddə 36. Sahibkarların məsuliyyəti
Bu Qanunun tələblərinin pozulmasına görə sahibkarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
10-cu FƏSİL
YEKUN MÜDDƏALAR
Maddə 37. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.
Maddə 38. Keçid müddəa
Bu Qanunun qüvvəyə mindiyi günədək aparılmış sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatma tarixi bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində göstərilən müddətlər hesablanarkən nəzərə alınır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2013-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.