Şriftin ölçüsü:
21.07.2010 08:00 | Oxunma sayı: 1143
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 349) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır.".
2. 3-cü maddədə "qəbul edilməsi," sözləri, 13-cü maddənin adında "və ya qəbul" sözləri və 25-ci maddənin birinci hissəsində ", qəbul edilmiş" sözləri çıxarılsın.
3. 4-cü, 9-cu və 21-ci maddələr çıxarılsın.
4. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir.".
5. 6-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.".
6. 7-ci maddə üzrə:
6.1. birinci hissədə "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının xarici işlər naziri isə bu qanunun 8-ci maddəsinin ikinci hissəsində" sözləri "Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə bu qanunun 8-ci maddəsində" sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissə çıxarılsın və üçüncü hissə ikinci hissə hesab edilsin.
7. 8-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir.".
8. 10-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir.".
9. 11-ci maddə üzrə:
9.1. adında "qərarların" sözü "qanunların" sözü ilə əvəz edilsin;
9.2. birinci hissədə "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Prezidenti" sözləri "Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "qərar" sözü isə "qanun" sözü ilə əvəz edilsin;
9.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır.".
10. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Təsdiqnamələrin mübadiləsi və onların saxlanmağa verilməsi
Müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə edir və onları saxlanmaq üçün depozitariyə verir.".
11. 13-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.".
12. 14-cü maddə üzrə:
12.1. 1-ci bənddə "Ali Soveti" sözləri "Milli Məclisi" sözləri ilə əvəz edilsin;
12.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2) ratifikasiyası tələb olunmayan müqavilələr barəsində - müvafiq icra hakimiyyəti orqanı.";
12.3. 3-cü bənd çıxarılsın.
13. 16-cı maddədə "Azərbaycan Respublikasının Prezidenti" sözləri "Müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin.
14. 17-ci maddə üzrə:
14.1. birinci hissədə "Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri, idarələri və başqa dövlət orqanları" sözləri "Müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;
14.2. ikinci hissədə "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi" sözləri "Müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "Azərbaycan Respublikası Prezidentinə" sözləri isə "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin.
15. 18-ci maddədə, 26-cı maddənin ikinci hissəsində "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, 26-cı maddənin birinci hissəsində isə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində" sözləri "müvafiq icra hakimiyyəti orqanında" sözləri ilə əvəz edilsin.
16. 19-cu maddə üzrə:
16.1. birinci hissədə "Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və başqa nazirlikləri, dövlət komitələri və idarələri Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə" sözləri "müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilsin;
16.2. ikinci hissədə "21" rəqəmi "22" rəqəmi ilə əvəz edilsin.
17. 20-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər.".
18. 22-ci maddə üzrə:
18.1. adında "Ali Soveti" sözləri "Milli Məclisi" sözləri ilə əvəz edilsin;
18.2. mətni aşağıdakı redaksiyada verilsin:
"Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.".
19. 23-cü maddədə "Ali Sovetinin müvafiq daimi komissiyaları" sözləri "Milli Məclisinin müvafiq komitələri" sözləri ilə əvəz edilsin.
20. 24-cü maddə üzrə:
20.1. adında "Azərbaycan Respublikasının Prezidenti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;
20.2. mətni aşağıdakı redaksiyada verilsin:
"Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı ləğv edir.".
21. 25-ci maddədə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı ilə "Azərbaycan Respublikası Ali Sovetinin Məlumatlarında" sözləri "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda" sözləri ilə əvəz edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.