Milli Məclisdə bəzi qanunlara dəyişikliklər edilmiş, “Gömrük tarifi haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur

 

 

Aprelin 30-da Milli Məclisin növbəti iclası keçirilmişdir.

   Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etmişdir. Həmin müraciətə Milli Məclisin mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasında baxılacaqdır. 

Sonra cari məsələlərə baxılmışdır.

O.Əsədov Avropa Parlamentinin bir qrup deputatının, o cümlədən Fransadan, Kiprdən və digər ölkələrdən olan deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərini qətiyyətlə pisləmişdir. O demişdir ki, bu cür səfərlər BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının və digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarına ziddir. Bəzi Avropa ölkələrindən olan deputatlar beynəlxalq təşkilatların qərarlarını pozurlar.

Bununla bağlı Avropa Parlamentinin sədri Martin Şultsa məktub göndərəcəyini vurğulayan O.Əsədov bu məsələyə hər kəsin, bütün vətənpərvər qüvvələrin, deputatların münasibətini bildirməsini, Avropa Parlamentinə, üzv ölkələrin parlamentlərinə müraciətlər ünvanlamalarının vacibliyini qeyd etmişdir.

Müzakirələr zamanı çıxış edən Milli Məclis sədrinin müavinləri  Valeh Ələsgərov, Bahar Muradova, eləcə də digər deputatlar O.Əsədovun təklifini dəstəkləyərək siyasi partiyaları, gəncləri, kütləvi informasiya vasitələrinin təmsilçilərini bu məsələyə öz kəskin etirazlarını bildirməkdə fəal olmağa çağırmışlar.

Qeyd edilmişdir ki, yüz minlərlə azərbaycanlı qaçqının, məcburi köçkünün səsini eşitməyən, haqqını tanımayan həmin deputatlar beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmişlər. Avropa Parlamentində erməni diasporu tərəfindən ələ alınmış bəzi deputatların belə addımlarına qarşı sərt reaksiya verilməlidir. Beynəlxalq qurumlara Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi sənədlərin yerinə yetirilməsi üçün edilən çağırışlar gücləndirilməlidir.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır.

Əvvəlcə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edilmiş, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Çexiya parlamenti ilə əlaqələr üzrə işçi qrupun rəhbəri təyin olunmuşdur.

Deputatlar “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” yubiley medalının təsis olunmasına razılıq vermişlər. Yeni medalla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda lazımi dəyişiklik edilmişdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, prezident, parlament və ya bələdiyyə seçkiləri və ya referendum zamanı səsverməni günü bayram gününə təsadüf etdikdə, Mərkəzi Seçki Komissiyası səsvermə həmin ayın başqa gününə təyin edəcəkdir. Digər dəyişiklikdə isə deyilir ki, qanuna uyğun olaraq seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatacaqdır. Bələdiyyələr üzrə təkrar seçkilər səsvermə baş tutmadıqda və ya etibarsız sayıldıqda, eləcə də bələdiyyə ərazilərində aparılmış dəyişikliklər nəticəsində səsvermə hüququna malik şəxslərin sayı 25 faizdən çox azaldıqda təkrar seçkilər keçiriləcəkdir.

Komitə sədri bildirmişdir ki, bütün dəyişikliklər Seçki Məcəlləsi ilə tənzimlənən münasibətlərin daha mükəmməl həyata keçirilməsi məqsədi daşıyır.

Layihə səs çoxluğu ilə təsdiqlənmişdir.

Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər olunmuşdur. Bu dəyişikliklərlə saxta kredit və ya hesab kartlarını, həmçinin başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satmaya görə cəzalar daha da sərtləşdirilmişdir.

Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliyə əsasən  qanunsuz abort etmə, böhtan və təhqir, şəxsi həyatın, mənzilin, eləcə də hüquqi şəxslərin binalarının toxunulmazlığını pozma, insan alverindən zərər çəkmiş şəxs haqqında gizli məlumatları yayma, oğurluq, dələduzluq, özbaşınalıq halları, vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, əxlaqsızlıq yuvaları saxlama və s. bu kimi qanunsuzluqlara görə də cəza tədbirləri sərtləşdirilmiş, cərimələrin miqdarı artırılmışdır.

Parlamentdə İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, bu dəyişikliklər əsasən nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanıb istifadə olunması və satışı, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlıdır.

Geniş müzakirələrdən sonra hər iki məcəlləyə təklif olunan dəyişikliklər təsdiqlənmişdir.

İclasda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Nəşriyyat işi haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əmək pensiyaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət sirri haqqında” qanunlara da dəyişikliklər olunmuşdur.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik toplantısı ilə bağlı” Anlaşma Memorandumunun təsdiq edilməsinə də razılıq vermişlər. 

İş gününün yekununda “Gömrük tarifi haqqında” Qanunun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunmuşdur.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, 5 fəsil, 23 maddədən ibarət bu qanun ölkəmizdə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyənləşdirəcəkdir.

Gömrük tarifinin əsas məqsədi idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdır.

Məlumat dinlənildikdən sonra müzakirələr olmuş, deputatlar qanun layihəsinin normativ hüquqi aktlara uyğun yüksək səviyyədə hazırlandığını vurğulamış, bəzi təkliflər səsləndirmişlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında