Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Ə S A S N A M Ə

 

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2013-cü il  tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

1.2. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanklara malikdir.

1.3. Fond öz fəaliyyətini dövlət və  yerli özünüidarəetmə orqanları, İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslər,  kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin əmr və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur.

1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

2. Fondun məqsədi və

əsas vəzifələri

2.1. Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə  İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr  verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.2.2. İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək;

2.2.3. İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;

2.2.4. İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək;

2.2.5. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədi ilə vençur maliyyələşməsini (kiçik innovativ hüquqi şəxslərin fəaliyyətinə qoyulan uzunmüddətli və riskli investisiyaları) həyata keçirmək;

2.2.6. İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan  kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;

2.2.7. yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən  hüquqi şəxslərin nizamnamə kapitalında payçı (iştirakçı) qismində iştirak etmək;

2.2.8. İKT sahəsində fəaliyyət göstərən yerli və xarici hüquqi şəxslər arasında istehsal və texnoloji əməkdaşlığın təmin edilməsi üçün investisiyalar cəlb etmək və texnoloji transferin reallaşmasına təkan vermək;

2.2.9. ölkə iqtisadiyyatının İKT sahəsinə investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin təhlil edilməsinə və onun təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.2.10. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada danışıqlar aparmaq və təkliflər vermək;

2.2.11. İKT sahəsində yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri investisiya ilə təmin etmək;

2.2.12. İKT sahəsində sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədi ilə tədbirlər həyata keçirmək;

2.2.13. İKT-nin gələcək inkişafını təmin etmək məqsədi ilə müvafiq sahə üzrə texnoparkların, biznes-inkubatorların və digər innovativ infrastruktur vahidlərinin yaradılmasını və inkişafını maliyyələşdirmək;

2.2.14. müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələri (startap layihələri) seçmək;

2.2.15. müsabiqə əsasında seçilmiş layihələrin qrant şəklində maliyyələşdirilməsini həyata keçirmək və bu layihələrin İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin etmək:

1. mütərəqqi proqram təminatının hazırlanması layihələri;

2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri;

3. innovativ infrastrukturun inkişafı layihələri, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri;

4. müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri;

5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri;

2.2.16. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;

2.2.17. İKT-nin inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;

2.2.18. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;

2.2.19. İKT sahəsində sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində, bazar infrastrukturunun formalaşmasında iştirak etmək;

2.2.20. Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirmək;

2.2.21. Fondun fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, seminar, sərgi və digər bu kimi beynəlxalq və yerli tədbirləri təşkil etmək və onlarda iştirak etmək;

2.2.22. İKT sahəsində yeni ideya və innovasiya subyektləri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək;

2.2.23. İKT sahəsi üzrə kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin, gənc İKT mütəxəssislərinin və alimlərin məlumat bankını yaratmaq;

2.2.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

2.2.25. İKT sahəsində sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olmaq;

2.2.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş  digər vəzifələri həyata keçirmək.

3. Fondun hüquqları

3.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Fonda maliyyə vəsaitləri cəlb etmək və bu məqsədlə əqdlər bağlamaq;

3.1.2. Fondun məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki  şəxslərlə işgüzar münasibətlər yaratmaq;

3.1.3. birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat vermək;

3.1.4. xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq maliyyə təşkilatları, investisiya fondları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;

3.1.5. sərəncamında olan dövlət əmlakından qanuna uyğun olaraq istifadə etmək;

3.1.6. qanuna uyğun olaraq İKT sahəsində qiymətli kağızlar əldə etmək və onları idarə etmək;

3.1.7. Fondun məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;

3.1.8. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədi ilə monitorinqlər aparmaq, pozuntu halları aşkar edildikdə, vəsaitin qaytarılması üçün zəruri tədbirlər görmək;

3.1.9. Fondun fəaliyyətini və qrant layihələrinin mühüm nəticələrini və əhəmiyyətini ölkə daxilində və xaricdə təbliğ etmək;

3.1.10. Fondun maliyyə dəstəyi ilə aparılan elmi tədqiqatların müsbət nəticələrinin daxili və beynəlxalq bazarlarda reallaşdırılmasına yardım etmək;

3.1.11. daxili və xarici investisiyaların İKT sahəsinə cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək, bu məqsədlə  sərgilər və yarmarkalar təşkil etmək;

3.1.12. Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək layihələrin ekspertizası üçün müstəqil mütəxəssisləri (ekspertləri) cəlb etmək.

4. Fondun vəsaitinin formalaşdırılması və istifadəsi

4.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;

4.1.2. Fondun fəaliyyətindən əldə olunan gəlirlər;

4.1.3. Fondun əldə etdiyi qiymətli kağızlardan daxil olan dividendlər;

4.1.4.  yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən  ianələr;

4.1.5.  xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;

4.1.6. qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.

4.2. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.

4.3. Fond sərəncamındakı vəsaitdən bu Əsasnamə ilə müəyyən edilmiş məqsədlərin  və vəzifələrin həyata keçirilməsi üçün istifadə edir.

 4.4. Xarici və yerli investisiyalarla birgə həyata keçirilən layihələr Fondun vəsaitinin həmin investisiyalardan çox olmaması şərtilə Fond tərəfindən maliyyələşdirilir.

4.5. Fond sərəncamında olan vəsaitdən aşağıda qeyd edilən maliyyə mexanizmləri vasitəsilə istifadə edir:

4.5.1. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı (o cümlədən, bu məqsədlə maddi və qeyri-maddi əmlak hüquqlarının təqdim edilməsi) iştirak payının (səhmlərinin), qiymətli kağızlarının əldə edilməsi məqsədi ilə müddətli investisiya qoyuluşu;

4.5.2. müvəkkil kredit təşkilatları vasitəsilə aşağı faizli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi;

4.5.3. müsabiqə yolu ilə innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin qrant maliyyələşdirilməsi;

4.5.4. birgə layihələr üzrə cəlb olunan investisiyaların qorunmasına təminatın verilməsi.

4.6. Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

4.7. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

4.8. Fondun vəsaitlərindən istifadədə şəffaflığın təmin edilməsi məqsədi ilə hər il kənar audit keçirilir, bu auditin nəticələri elan edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir.

5. Fondun idarə edilməsi

5.1. Fondun işçilərinin say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fondun idarə edilməsi ilə bağlı aşağıdakıları həyata keçirir:

5.2.1. Fondun strukturunu, struktur bölmələrinin əsasnamələrini, müəyyən edilmiş ştat sayına uyğun ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

5.2.2. Fondun illik hesabatlarını təsdiq edir;

5.2.3. Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktları təsdiq edir.

5.3. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Fondun icraçı direktorunu, direktorun 2 (iki) müavinini və baş mühasibini vəzifəyə təyin və vəzifədən azad edir.

5.4. Fondun fəaliyyətinə ümumi nəzarət Fondun Müşahidə Şurası (bundan sonra - Şura) tərəfindən həyata keçirilir.

5.5. Şura 4 (dörd)  üzvü müvafiq dövlət orqanlarını və 3 (üç) üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını təmsil edən 7 (yeddi) üzvdən ibarət tərkibdə formalaşdırılır.

5.6. Şuranın 4 (dörd) üzvü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təqdim edilir:

5.6.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

5.6.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.6.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

5.6.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi.

5.7. Şuranın qeyri-hökumət təşkilatlarını təmsil edən üzvləri həmin təşkilatların təqdimatı əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təyin edilir.

5.8. Şuranın ümumi tərkibi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiq edilir.

5.9. Şuranın işinin təşkili, üzvlərinin hüquq və vəzifələri, onlara dair tələblər, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası  “Müşahidə Şurası haqqında Reqlament”lə tənzimlənir. “Müşahidə Şurası haqqında Reqlament” Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri tərəfindən təsdiq edilir.

5.10. Şura aşağıdakıları həyata keçirir:

5.10.1. dövlətin İKT siyasətinin həyata keçirilməsində iştirak etmək məqsədi ilə Fondun prioritet fəaliyyət istiqamətlərini və inkişaf strategiyasını müəyyən edir;

5.10.2. Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

5.10.3. Fonda əlavə vəsait cəlb edilməsinin strategiyasına və yeni vəsaitin Fondun prioritet fəaliyyət istiqamətləri üzrə xərclənməsinə dair Fondun icraçı direktorunun təqdim etdiyi  təkliflərə baxır, qərar qəbul edir və həyata keçirilməsinə nəzarət edir;

 

5.10.4. Fondun icraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitindən istifadəni, gəlirlər və xərclər smetasının layihəsini və balansını müzakirə edir və tövsiyələr verir;

5.10.5. müsabiqə yolu ilə layihələrin maliyyələşdirilməsi, müvəkkil kredit təşkilatları vasitəsilə vəsaitlərin yerləşdirilməsi və Fondun investisiya fəaliyyətinə dair təkliflərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir və bu təkliflərin Fondun vəsaitlərinin istifadəsi qaydalarına uyğunluğuna nəzarət edir;

5.10.6. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq edir;

5.10.7. Fondla müvəkkil kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;

5.10.8. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq edir;

5.10.9. müsabiqə iştirakçılarına dair tələbləri və müsabiqələrin keçirilmə qaydalarını təsdiq edir;

5.10.10. layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmini müəyyən edir;

5.10.11. Fondun icraçı direktorunun təklifinə əsasən müsabiqələrin nəticələri haqqında qərarlar qəbul edir;

5.10.12. layihələrin həyata keçirilməsi məqsədi ilə Fond tərəfindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək üçün monitorinqlərin aparılması qaydasını təsdiq edir;

5.10.13. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təkliflər verir;

5.10.14. Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb, təsdiq olunması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

5.10.15. Fondun fəaliyyəti ilə bağlı kənar audit yoxlamalarının keçirilməsi barədə qərar qəbul edir və auditin keçirilməsini təşkil edir, auditin  nəticələrinin təhlilinə dair  təkliflərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

5.10.16. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.

6. Fondun fəaliyyətinin təşkili

6.1. Fondun fəaliyyətinə Fondun icraçı direktoru rəhbərlik edir.

6.2. Fondun icraçı direktoru:

6.2.1. Fondun cari işini təşkil edir, hesablaşma və xəzinə hesablarını açır və Fondu təmsil edir;

6.2.2. Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini, o cümlədən  daxili intizam qaydalarının layihəsini hazırlayıb, təsdiq olunması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.3. işçiləri işə qəbul edir, işdən azad edir,  onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq edir;

6.2.4. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

6.2.5. müvəkkil kredit təşkilatlarından sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar daxil olan müraciətlərin ekspertizası üçün mütəxəssisləri (ekspertləri) cəlb edir;

6.2.6. İKT üzrə ixtisaslaşmış tətbiqi elmi tədqiqat və innovativ layihələrin  maliyyələşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi haqqında qərar qəbul edir;

6.2.7. müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını təşkil edir və onların qiymətləndirilməsi məqsədi ilə ekspert komissiyaları formalaşdırır;

6.2.8. Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;

6.2.9. Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir;

6.2.10. Fond adından qanuna uyğun olaraq müqavilələr bağlayır, əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir;

6.2.11. Fondun xərclər smetasının layihəsini, vəsaitindən istifadənin əsas istiqamətlərinə dair təklifləri hazırlayır, Şura ilə razılaşdırdıqdan sonra Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.12. bu əsasnaməyə uyğun olaraq, müsabiqə yolu ilə seçilən layihələrə qrantların ayrılmasını, bununla əlaqədar müvafiq əqdlərin bağlanılmasını təmin edir;

6.2.13. Fondun maliyyələşdirdiyi layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarət edir;

6.2.14. Fondun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir və auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;

6.2.15. Fondun səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirir;

6.2.16. Azərbaycan Respublikasında və xarici ölkələrdə dövlət və bələdiyyə orqanları ilə, hüquqi və fiziki şəxslərlə Fondu etibarnaməsiz təmsil edir;

6.2.17. Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;

6.2.18. maliyyə ili başa çatdıqdan sonra 1 (bir) ay müddətində Fondun fəaliyyəti və vəsaitindən istifadənin vəziyyəti barədə illik hesabat hazırlayır və həmin hesabatı Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.19. Fondun vəzifələrinə uyğun olaraq, Şuranın səlahiyyətlərinə aid olmayan digər vəzifələri yerinə yetirir.

7. Mühasibat uçotu və hesabat

 Fond qanunvericiliyə müvafiq olaraq mühasibat uçotunu aparır, maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir.

8. Fondun yenidən təşkili və

ləğv olunması

8.1. Fond Azərbaycan Respublikasının  Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilir.

8.2. Fond ləğv edildikdə, onun əmlakının bölgüsü ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada həll edilir.

 

 

Əlavə II

 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu qaydalar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra - Fond) vəsaitinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir, o cümlədən layihələr üzrə ərizələrin qəbulu, layihələrin ekspertizasının keçirilməsi, onların maliyyələşdirilməsi, monitorinqi və idarə edilməsi məsələlərini tənzimləyir.

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (bundan sonra – İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.

1.3. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında, dövlət proqramlarında İKT-nin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədi ilə Fondun Müşahidə Şurasının (bundan sonra - Şura) müəyyən etdiyi forma və qaydada sahibkarlıq subyektləri arasında müsabiqə keçirilir.

1.4. Qaytarılan güzəştli kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün yenidən istifadə olunur.

2. Layihələrin maliyyələşdirilməsi mexanizmləri

2.1. Fond layihələrin maliyyələşdirilməsinin aşağıdakı mexanizmlərini tətbiq etmək hüququna malikdir:

2.1.1.  İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu;

2.1.2. müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini;

2.1.3.  innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini.

2.2. Hər bir maliyyələşmə mexanizmi üzrə ümumi prinsiplər bu Qaydalarla müəyyən edilir. Layihələrin dəqiq icrasını təmin etmək məqsədi ilə Şura tərəfindən hər bir maliyyələşmə mexanizmi üzrə əlavə reqlamentlərin təsdiq edilməsi nəzərdə tutulur.

3. İnvestisiya fəaliyyəti

3.1. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak etməkdir.

3.2. Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir.

3.3. Bu zaman Fond ilə həmin hüquqi şəxs arasında forması Şura tərəfindən təsdiq edilən müqavilə imzalanır. Müqavilədə layihənin icrası ilə bağlı maliyyə-təsərrüfat tədbirləri, layihənin nəticələri, layihənin idarə edilməsi və monitorinq mexanizmləri və layihənin reallaşması ilə əlaqədar digər tədbirlər əks olunur.

3.4.  Hüquqi şəxsin fəaliyyətinə nəzarət Fondun səhmdar və payçı kimi malik olduğu hüquqlara əsasən həyata keçirilir.

3.5.  İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payı, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu aşağıda qeyd edilən prinsiplərə əsaslanır:

3.5.1. Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir;

3.5.2.  Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır;

3.5.3. kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirakına xitam verir.

3.6. Fond investisiya fəaliyyəti ilə əlaqədar aşağıdakıları həyata keçirir:

3.6.1. xarici investorları ölkənin İKT sahəsinə dəvət etmək istiqamətində tədbirlər görür;

3.6.2. birgə müəssisələrin yaradılması məqsədi ilə xarici investorların yerli hüquqi şəxslərlə iş birliyi qurmasına yardım edir;

3.6.3. İKT sahəsinə investisiya qoymaq üçün layihələri müəyyən edir, onların sənaye və maliyyə ekspertizasını keçirir;

3.6.4. Fond üçün investisiya qoyuluşu obyekti ola biləcək innovativ layihələri olan perspektivli hüquqi şəxsləri seçir;

3.6.5. perspektivli investisiya layihələri olan hüquqi şəxslərə investisiya müqavilələrinin hazırlanmasında konsaltinq xidməti göstərir;

3.6.6. investisiyaların həyata keçirilməsi üçün investorların konsorsiumunu formalaşdırır;

3.6.7. Fondun vəsaitlərinin investisiyası çərçivəsində müstəqil və ya investorlar konsorsiumunun tərkibində əməliyyatlar aparır;

3.6.8. Fondun investisiya portfelini idarə edir.

3.7. Fondun vəsaitləri İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur:

3.7.1. tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması;

3.7.2. innovativ layihələrin yaradılması;

3.7.3. yeni texniki sınaq qurğularının yaradılması;

3.7.4. yeni nümunəvi texnikanın yaradılması və istehsalı;

3.7.5. yeni texnologiyaların yaradılması;

3.7.6. proqram təminatı vasitələrinin yaradılması;

3.7.7. informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması;

3.7.8. elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması.

4. Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin təqdim edilməsi

4.1. Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.

4.2. Şura tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş müvəkkil kredit təşkilatı güzəştli kreditlərin verilməsində iştirak edə bilər.

4.3. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Cari il üzrə hər bir müvəkkil bank üçün kredit xətti onun sifarişi əsasında müəyyən edilir. Kredit vəsaitləri layihənin icra tələbindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə verilir. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə digər məcburi şərtlərin olmasını tələb edə bilər.

4.4. Kredit vəsaiti bu Qaydaların 5.7-ci və 5.9-cu bəndlərinə uyğun olaraq verilir. Kredit vəsaiti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən kredit xəttinin istifadə və ya yeni kredit xəttinin açılması üçün müraciət edilir.

4.5. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi aşağıdakı qaydalara əsasən həyata keçirilir:

4.5.1. müvəkkil kredit təşkilatlarının Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların nizamnamə kapitallarının 150 faizinədək ola bilər;

4.5.2.  müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər;

4.5.3.  müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür;

4.5.4.  müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərindən qanunvericiliklə və Şura tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtlərin (əlavə faizlərin ödənilməsi və s.) tələb olunması barədə şikayətlərə Şura tərəfindən baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.

5. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə edilməsi

5.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.

5.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqlarına və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.

5.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.

5.4. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir. Müvəkkil kredit təşkilatı müraciətlərin təmin olunması haqqında Fondun müsbət qərarını aldıqdan sonra kreditlərin sahibkarlara ayrılması haqqında son qərarı verir.

5.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

5.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir.

5.7. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

5.7.1. 10 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;

5.7.2. 50 001 manatdan 500 000 manatadək - ortahəcmli kreditlər;

5.7.3. 500 001 manatdan 5 000 000 manatadək - böyükhəcmli kreditlər.

5.8. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5 000000 manatdan artıq ola bilməz.

5.9. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

5.9.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;

5.9.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;

5.9.3. böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.

5.10.  Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.

5.11. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən artıq olmamalıdır.

5.12. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 5.10-cu və 5.11-ci bəndləri tətbiq edilir.

5.13. Kreditlərdən istifadə üzrə güzəşt müddəti kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk yarısını əhatə edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

6. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması

6.1. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi 30 (otuz) bank günündən çox gecikdirilərsə, Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.

6.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.

6.3. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

7. Qrant maliyyələşdirilməsi

7.1. Fond Əsasnaməsində qeyd olunan prioritetlərə uyğun olaraq, şəffaflıq şəraitində müsabiqə əsasında fiziki və hüquqi şəxslərin qrant maliyyələşdirilməsini həyata keçirir.

7.2. Müsabiqə üzrə ərizələrin qəbulu, ilkin təhlili və kodlaşdırılması, daimi və müstəqil ekspertlərin seçilməsi, müstəqil ekspertlər haqqında məlumat bazasının yaradılması və kodlaşdırılması Fondun müvafiq bölməsi tərəfindən yerinə yetirilir.

7.3. Müsabiqədə iştirak etmək məqsədilə hər bir fiziki və hüquqi şəxs ərizə ilə Fonda müraciət etməlidir.

7.4. Fondun Əsasnaməsinə əsasən müsabiqə layihələri ilkin və kompleks ekspertizaların nəticələrinə uyğun olaraq seçilir.

7.5. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən 15 (on beş) iş günü müddətində kodlaşdırılmış layihələrin ilkin ekspertizası keçirilir, ilkin ekspertizanın nəticələri sistemləşdirilir və qərar qəbul edilir. İlkin ekspertizanın nəticələrinə uyğun olaraq aşağıdakı qərarlardan biri qəbul edilir:

7.5.1. layihənin tam olmaması və ya Fondun fəaliyyətinə və prioritetlərinə uyğun gəlməməsi səbəbindən layihədən imtina edilməsi. Bu halda ərizəçi müvafiq qaydada məlumatlandırılır;

7.5.2. ərizənin növbəti mərhələyə buraxılması və kompleks ekspertizanın keçirilməsi haqqında qərarın qəbul edilməsi.

7.6. Müstəqil və daimi ekspertlər tərəfindən 20 (iyirmi) iş günü müddətində hər layihə üzrə kompleks ekspertiza keçirilir və ekspertizanın nəticəsini özündə əks etdirən rəy, arayış və tövsiyələr Fonda təqdim edilir.

7.7. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən Şurada baxılmaq üçün hər layihə üzrə müvafiq sənədlər toplusu hazırlanır. Bu sənədlər toplusu əsasında Şuranın iclasında müzakirələr aparılır, rəy və tövsiyələr verilir, müsabiqənin qalibləri müəyyən edilir.

7.8. Layihələrin maliyyələşdirilməsi Fondla müsabiqənin qalibi (layihə rəhbəri) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər smetası, biznes planı və praktiki nəticələrinin istifadəsi ilə bağlı xüsusi öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər müqaviləyə əlavə olunur.

7.9. Layihələr üzrə qrantlar kiçik, orta və böyük həcmli olmaqla, 36 (otuz altı) ay müddətinədək ayrılır.

7.10. Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 000 manatdan çox olmamalıdır.

7.10.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə qrant vəsaiti verilir:

7.10.1.1. 10 000 manatdan 100 000 manatadək - kiçikhəcmli qrantlar;

7.10.1.2. 100 001 manatdan 200 000 manatadək - ortahəcmli qrantlar;

7.10.1.3. 200 001 manatdan 300 000 manatadək - böyükhəcmli qrantlar.

7.11. Müsabiqə əsasında layihələrin seçilməsi daimi və müstəqil ekspert komissiyaları tərəfindən həyata keçirilən ilkin və yekun ekspertizaların nəticələrinə uyğun olaraq yerinə yetirilir.

7.12. Layihənin maliyyələşdirilməsi üç mərhələdə həyata keçirilir:

7.12.1. 12 ay müddəti əhatə edən birinci mərhələdə ilkin maliyyələşdirilmə həyata keçirilir. Bu mərhələdə layihənin biznes-planına uyğun olaraq işlərin təşkilinə qrantın ümumi məbləğinin 20 faizi ayrılır;

7.12.2. 12-24 ay müddəti əhatə edən ikinci mərhələdə maliyyələşdirilmənin davam etdirilməsinə dair qərar ilkin mərhələnin nəticələrinə uyğun olaraq qəbul edilir. Layihənin ilkin mərhələsinin nəticələri layihənin biznes-planında qeyd olunan proqnoz göstəricilərinə müvafiq olaraq qənaətbəxş hesab edildiyi təqdirdə, layihənin aralıq maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin 30 faizi ayrılır;

7.12.3. 24-36 ay müddəti əhatə edən sonuncu mərhələdə müvafiq prosedura uyğun olaraq, layihənin son maliyyələşdirilməsinə qrantın ümumi məbləğinin qalan 50 faizi ayrılır. Bu mərhələdə layihənin kommersiyalaşdırılması məqsədi ilə layihəyə digər investorların vəsaitlərinin cəlb olunması əsas şərt hesab edilir.

8. Layihələrin monitorinqi

8.1. Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara əsasən ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.

8.2. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər.

8.3. Müsabiqə layihələrinin monitorinqini Fondun müvafiq bölməsi və ya Fondun sifarişinə əsasən müstəqil ekspertlər həyata keçirirlər.

8.4. Müsabiqə layihələrinin monitorinqi aşağıdakı məqsədlərlə həyata keçirilir:

8.4.1. layihə icraçısının imzalanan müqaviləyə əsasən Fondun qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək;

8.4.2. layihə üzrə risklərin azaldılması və aradan qaldırılması üçün tədbirlər görmək;

8.4.3. layihələrin icrası üzrə müvafiq məlumatları layihələrin monitorinq bazasına daxil etmək.

8.5. Müsabiqə layihələrinin monitorinqi layihə icraçısının təqdim etdiyi müvafiq sənədlərin (təqdim olunan layihələrin hüquqi, maliyyə-iqtisadi və elmi-texniki təhlili də daxil olmaqla) yoxlanılması yolu ilə yerinə yetirilir.

8.6. Müsabiqə layihələrinin monitorinqi zamanı Fondun vəsaitlərinin təyinatı üzrə istifadəsi yoxlanılır, müvafiq sənədlər üzrə layihə icrasının faktiki və proqnoz göstəriciləri müqayisəli şəkildə təhlil edilir, təqdim olunan sənədlər (illik audit yoxlamaları, rüblük və illik maliyyə hesabatları və digər məlumatlar) əsasında onun maliyyə vəziyyəti araşdırılır.

8.7.  Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.

8.8. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) dəfə və daha çox pozulması halları aşkar edildikdə, Fond tərəfindən müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılması dayandırılır və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında