Azərbaycan Respublikasının Mərkəzi Bankının 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə B Ə Y A N A T I

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, qeyri-neft sektoru yüksək templə artmış, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, qeyri-neft sektoru yüksək templə artmış, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Əhalinin rifah halının yüksəlməsi prosesi sürətlənmiş, milli iqtisadiyyatın beynəlxalq reytinqləri yüksəlmiş, strateji valyuta ehtiyatları artaraq qeyri-neft ümumi daxili məhsulun həcmini üstələmişdir. Çevik makroiqtisadi siyasət, o cümlədən Mərkəzi Bankın pul siyasəti nəticəsində 2012-ci ildə qiymətlərin sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə olmuşdur. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunmuş, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir.  

2013-cü ilin pul və maliyyə sabitliyi siyasətinin başlıca istiqamətləri 2012-ci ilin sosial-iqtisadi və  makroiqtisadi nəticələri, xarici və daxili iqtisadi mühit üzrə gözləntilər və proqnozlar, qlobal risklər və milli iqtisadiyyatın qarşısında duran yeni inkişaf çağırışları nəzərə alınmaqla formalaşdırılmışdır. Qeyri-neft sektorunun iqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioritetidir. Bu prioritetin həyata keçirilməsi tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında, nəticədə “inklüziv” inkişafın təmin edilməsində və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amildir.

Son onillikdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Bu çağırışlardan çıxış edərək 2013-cü ildə Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, maliyyə vasitəçiliyinin inkişafına və onun effektivliyinin yüksəlməsinə yönəldilmiş fəaliyyəti ilə qarşıda duran yeni iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsinə hərtərəfli dəstək verəcəkdir.

1. 2012-ci ildə Azərbaycan iqtisadiyyatı və Mərkəzi Bankın fəaliyyəti

1.1.Qlobal iqtisadi mühit

2012-ci ildə “yenidən tarazlaşma” və maliyyə riskləri fonunda qlobal iqtisadiyyatda ötən ilə nəzərən zəif artım baş vermişdir. Qlobal iqtisadi tarazlığın bərpasına yönəlmiş səylər davam etdirilmişdir. İnkişaf etmiş ölkələrdə fiskal konsolidasiya, inkişaf edən ölkələrdə (əsasən profisitli ölkələr) isə daxili tələbə yönəlmə prosesləri sürətlənmişdir.    

Qabaqcıl ölkələrdə dövlət xərclərinin ixtisarı qısamüddətli dövrdə qlobal iqtisadi artım tempinə öz təsirini göstərmişdir. İqtisadi stimul paketlərinin reallaşması, o cümlədən yumşaq pul siyasəti isə sosial-iqtisadi vəziyyətin əhəmiyyətli pisləşməsinin qarşısını alır. 2012-ci ildə dünyanın 50-dən çox ölkəsində pul siyasətinin yumşaldılması qeydə alınmış və bu şəraitdə faiz dərəcələri azalmışdır. Beynəlxalq Valyuta Fondunun (BVF)  proqnozuna görə cari ildə müxtəlif valyutalar üzrə LİBOR dərəcəsinin 0.4-0.7% səviyyəsində olacağı gözlənilir.

Bununla belə, görülmüş tədbirlər investor inamının bərpasına kifayət etməmiş, 2012-ci ildə inkişaf etmiş ölkələrin bir çoxunun beynəlxalq kredit reytinqləri aşağı düşmüşdür.

İnkişaf etmiş ölkələrdə fiskal intizamın təmin olunması, maliyyə sabitliyi və işsizliyin aradan qalxması arasında balansın tapılması kimi çətin vəzifə yaranmışdır. Suveren borclar böhranının davam etməsi şəraitində Avrozonada resessiya müşahidə olunmuşdur. Maliyyə sektorunda risklərin artması isə bank kreditləşməsini məhdudlaşdırmışdır. Nəticədə məcmu tələb, o cümlədən investisiyaların aşağı səviyyəsi məşğulluğun bərpasını çətinləşdirmişdir. Avropa Birliyi ölkələrində işsizlik səviyyəsi 11%-i, gənclər arasında isə 23%-i üstələyir.

İqtisadi aktivliyi böhrandan öncəki vəziyyətə çatdıran inkişaf etməkdə olan ölkələr isə inkişaf etmiş ölkələrdən xarici ticarət və maliyyə mənbələri vasitəsilə gələn risklərin təsirlərinə məruz qalırlar. İxrac bazarlarının məhdudlaşması şəraitində bir sıra inkişaf etməkdə olan ölkələr iqtisadi artıma və məşğulluğa dəstək məqsədi ilə daxili tələbi canlandırmağa çalışırlar.

Mövcud problemlər aparıcı beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal iqtisadi artım proqnozlarına təshihlər edilməsinə səbəb olmuşdur. BVF-nin son proqnozuna görə 2011-ci ildə 3.8% təşkil etmiş qlobal iqtisadi artımın 2012-ci ildə 3.3% olacağı gözlənilir. Bu, daha öncə verilmiş proqnozdan 0.2 faiz bəndi aşağıdır. 

Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Konfransının (UNCTAD) proqnozlarına görə dünya üzrə birbaşa xarici investisiyaların həcmi 2007-ci ilin səviyyəsinə hələ çatmasa da, 2012-ci ildə 7% artaraq 1.6 trilyon ABŞ dolları təşkil edəcəkdir. Bu investisiyaların 50%-dən çoxu inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə istiqamətlənmişdir. Proqnozlara görə birbaşa xarici investisiyaların qlobal həcmi 2013-cü ildə 12%-dən çox artacaqdır.

2012-ci ildə qlobal əmtəə bazarlarında qiymətlər qeyri-sabit olmuşdur. Dünya ticarət dövriyyəsinin artım tempində iki dəfəyə yaxın enmə (2011-də 5.8%-ə qarşı 2012-də 3.2% gözlənti) şəraitində cari ilin 11 ayında ötən ilin müvafiq dövrünə nəzərən dünya əmtəə qiymətləri indeksi 3% azalmışdır. Brent markalı neftin dünya qiyməti mart ayındakı 126 ABŞ dollarından oktyabr ayında 112 ABŞ dollarınadək ensə də, ümumilikdə 11 ay üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9% artmışdır (112.2 ABŞ dolları). Bir sıra ölkələrdə təbii şəraitin pisləşməsi ilə əlaqədar iyul ayında artan ərzaq qiymətləri indeksi isə sonrakı aylarda yenidən azalmağa başlamışdır. Ümumilikdə, dünya ərzaq qiymətləri indeksi cari ilin 11 ayında 8% artmışdır.

Qlobal iqtisadi artımın və beynəlxalq konyukturun həssaslığına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2012-ci ildə ticarət şəraitinin yaxşılaşması, ixracın və xarici investisiyaların artmasından müsbət təsirlənmişdir.

1.2. Makroiqtisadi mühit

2012-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-sabit qlobal iqtisadi mühitdə və permanent risklər şəraitində öz inkişafını uğurla davam etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin açılması prosesi sürətlənmiş, dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi iqtisadi artımda mühüm rol oynamışdır.

XARİCİ İQTİSADİ MÖVQE. 2012-ci ildə cari əməliyyatlar balansında irihəcmli profisit yaranmışdır. Bu profisitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinə görə (20%-dən çox) Azərbaycan MDB ölkələri arasında liderdir. 

İxracı təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artmışdır. Cari ilin ötən dövründə ixracın həcmi idxalın həcmini 2.6 dəfə üstələmiş, qeyri-neft əmtəə ixracı 22% artmışdır. Qeyri-neft ixracının artması xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin edir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 29% artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə ilin sonuna 1 mlrd. ABŞ dollarını ötəcəyi gözlənilir.

Strateji valyuta ehtiyatları 11 ayda 14.7% artmış və 46.5 milyard dolları ötmüşdür. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar Ümumi Daxili Məhsulun 70%-nə çatır və bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.

Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14% artaraq 12 milyard dollara yaxınlaşmışdır. 2013-cü ildə Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur.

İQTİSADİ ARTIM.  2012-ci ilin 11 ayında Ümumi Daxili Məhsul (ÜDM) 1.2%, o cümlədən qeyri-neft sektorunda 9.7% artmışdır. İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi qeyri-neft iqtisadiyyatının artım dinamikasına müsbət təsir göstərmişdir. Ümumilikdə, il ərzində iqtisadi aktivlik gözləntiləri optimist olmuş, istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayı artmışdır.

Daxili tələb, o cümlədən son istehlak xərcləri və investisiyalar iqtisadi artımda mühüm amil olmuşdur. Cari ilin 11 ayında əhalinin adambaşına düşən nominal pul gəlirləri 12.2%, son istehlak xərcləri isə 6.5% artmışdır. Mərkəzi Bankın real sektorun 350-yə qədər müəssisəsi üzrə apardığı monitorinqə görə ticarət şəbəkəsində əmtəə ehtiyatlarının azalması istehlak tələbinin yüksəldiyini təsdiq edir.

Məcmu tələbin artmasında investisiya aktivliyinin yüksəlməsi də mühüm rol oynamış, ötən 11 ayda qeyri-neft iqtisadiyyatına investisiyalar 26% artmışdır. Dövlət büdcəsinin xərcləri daxili investisiyaları artıran əsas amillərdən biri olmuşdur. Dövlət investisiyalarının 16% artması qeyri-neft sektorunda investisiya fəallığını daha da yüksəltmişdir.

Qeyri-neft sektorunda yüksək iqtisadi aktivlik ölkədə məşğulluğun artmasına şərait yaratmışdır. Cari ilin təkcə 9 ayında 92 mindən çox yeni iş yeri açılmışdır.

Ölkə iqtisadiyyatının beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlik hesabatında Azərbaycan daha 9 pillə irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada ilk 20 dövlət sırasındadır. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil” olaraq qiymətləndirirlər. 

1.3. Pul siyasətinin həyata keçirilməsi

2012-ci ildə Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəltmiş, həmçinin maliyyə vasitəçiliyinin inkişafını təşviq etmişdir. 

İNFLYASİYA. İqtisadiyyatın “təbii məşğulluq həddi”nə yaxınlığı şəraitində istehlak qiymətlərinin artım tempində 2011-ci ilin ikinci yarısından başlanan enmə 2012-ci ildə də davam etmişdir. Cari ildə inflyasiya birrəqəmli səviyyədə olmuş, orta illik inflyasiya 11 ayda cəmi 1.2% təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz bəndi aşağıdır. Ölkədə əmək haqqının artım tempi inflyasiya tempini 7.3% üstələmişdir. Ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı inflyasiyanı 5 faiz bəndi üstələmişdir. Müqayisə üçün, BVF 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə orta inflyasiyanın 6.1% təşkil edəcəyini proqnozlaşdırır.

Cari ilin 11 ayında  kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi 0.3% azalmışdır. Bu, əsasən bitkiçilik məhsulları üzrə müşahidə olunmuşdur. Həmçinin, qeyri-neft sənayesinin əksər sahələrində qiymət azalması (qida, metallurgiya, kimya, ağac emalı və s.) baş vermişdir. İstehlak bazarı ilə yanaşı, daşınmaz əmlak bazarında da qiymətlər əsasən sabit qalmışdır.

MƏZƏNNƏ SİYASƏTİ. 2012-ci ildə Mərkəzi Bank məzənnə siyasətini tənzimlənən məzənnə rejimi (dəhliz mexanizmi) çərçivəsində həyata keçirmişdir.

Ölkənin tədiyə balansında irihəcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklif tələbi üstələmişdir. Bu şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün cari ildə Mərkəzi Bank tərəfindən 1.5 mlrd. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi ümumən sabit qalmış və cəmi 0.2% möhkəmlənmişdir.

Ümumilikdə, son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi 1%-dən az olmuşdur. Məzənnənin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə və dollarlaşmanın azalmasına müsbət təsir göstərmişdir.

Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 11 ay ərzində 4.3% ucuzlaşmışdır. Bu, bir tərəfdən, manatın məzənnəsinin əlverişli səviyyədə saxlanması, digər tərəfdən isə tərəfdaş ölkələr ilə müqayisədə daxili inflyasiyanın aşağı səviyyəsi hesabına baş vermişdir. Real effektiv məzənnənin ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət qabiliyyətini (xarici bazarlarda qiymət üstünlüyünü) yaxşılaşdıran mühüm amildir.

MONETAR ŞƏRAİT. Pul siyasəti alətləri iqtisadi dinamika, inflyasiya gözləntiləri və pul siyasətinin məcmu tələbə və qiymətlərə otürücülük qabiliyyəti  - “transmissiyası”nın xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmuşdur.

İnflyasiyanın və faiz dərəcələrinin azalması meylini nəzərə alaraq il ərzində uçot dərəcəsi bir dəfə dəyişdirilərək 5% səviyyəsinə endirilmişdir. Bu qərarı qəbul edərkən Mərkəzi Bank taktiki olaraq iqtisadi tsikl indikatorları arasında pul siyasətinin yumşalması lehinə olan göstəricilərin artmasını, strateji olaraq isə şaxələnmə strategiyasının prioritetlərini və qeyri-neft sektorunda rentabellik səviyyəsini də nəzərə almışdır.

Pul kütləsinin artım templərinin və bank sistemində likvidliyin tənzimlənməsi məqsədi ilə açıq bazar əməliyyatlarından və məcburi ehtiyat normalarından da istifadə olunmuşdur. Məcburi ehtiyat normalarının tətbiqi mexanizmi əhəmiyyətli təkmilləşdirilmiş, banklar tərəfindən likvidliyin daha səmərəli idarə edilməsinə şərait yaradan yeni qaydalar qüvvəyə minmişdir. 

Pul təklifi iqtisadiyyatın pula olan tələbatına adekvat dəyişmişdir. 2012-ci ilin 11 ayında manatla pul kütləsi (M2) 15% artmışdır. Xarici aktivlərlə yanaşı pul təklifi həm də daxili aktivlər hesabına artmışdır. Manatla qeyri-nağd pul kütləsi 11% artmışdır ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində görülmüş tədbirlər sayəsində mümkün olmuşdur. Dollarlaşma göstəricilərindən biri olan xarici valyuta ilə əmanət və depozitlərin geniş pul kütləsində (M3) xüsusi çəkisi ilin əvvəlindən 1.2 faiz bəndi azalmışdır.

Beləliklə, pul siyasəti birrəqəmli inflyasiya, sabit və əlverişli məzənnə, pula tələbatın adekvat ödənilməsi vasitəsilə iqtisadiyyatın şaxələnməsinə mühüm dəstək vermişdir.

İNSTİTUSİONAL İNKİŞAF. 2011-2014-cü illər üçün strateji plana uyğun olaraq 2012-ci ildə Mərkəzi Bankın fəaliyyətinin institusional əsaslarının inkişafı istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilmişdir.

Aparılmış empirik tədqiqatların və ekonometrik modellərin nəticələri pul və maliyyə sabitliyi siyasətində tətbiq olunmuşdur. Dünya mərkəzi banklarında geniş tətbiq olunan və Azərbaycan Mərkəzi Bankı tərəfindən yerli spesifikaya uyğun qurulmuş Dinamik Stoxastik Ümumi Tarazlıq Modeli təkmilləşdirilmiş və bu model vasitəsilə müxtəlif amillər əsasında iqtisadi artım və inflyasiya ssenariləri hazırlanmışdır.

Maliyyə sabitliyinin qiymətləndirilməsi potensialının artırılması məqsədi ilə bank sektorunda sistem risklərinin identifikasiyası prioritet məsələlərdən biri olmuşdur. Stress-testlər və maliyyə sabitliyi indikatorları vasitəsilə bank sektorunun davamlılığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir.

Mərkəzi Bankda elektron statistika və analitik hesabatlıq sisteminin yaradılması istiqamətində işlər əsasən yekunlaşdırılmışdır. Hesabatlıq və statistika “məlumat bankı” (“data warehouse”) platformasına keçirilmişdir. Ölkədə uğurla həyata keçirilən elektron “açıq” hökumət konsepsiyasının mühüm elementi olan bu sistem iqtisadi informasiyanın beynəlxalq standartlara uyğun effektiv və operativ toplanması, çevik emalı və yayımlanmasına imkan verir. İqtisadi tsiklin keyfiyyətli diaqnostikasına imkan verən bazar konyukturunun monitorinqi də genişləndirilmiş, bu əsasda qurulan konyunktur indekslər qurulmuşdur.

Əhalinin və iqtisadi subyektlərin iqtisadi və maliyyə savadının artırılması sahəsində geniş maarifləndirmə tədbirləri görülmüşdür. İl ərzində beynəlxalq və yerli qurumlarla birgə medianın iştirakı ilə ictimaiyyətdə geniş maraq doğuran interaktiv maliyyə savadlılığı layihələri  həyata keçirilmişdir. Ölkədə ilk dəfə olaraq Beynəlxalq Əmanət Günü keçirilmişdir.

1.4. Maliyyə sabitliyi və bank sektorunun maliyyə vasitəçiliyi

2012-ci ilin ötən dövrü bank sektorunun sabitliyi, institusional inkişafının sürətlənməsi və maliyyə vasitəçiliyinin dərinləşməsi ilə səciyyəvi olmuşdur. Mərkəzi Bank tənzimləmə və nəzarət çərçivəsinin yeni beynəlxalq standartlara uyğunlaşması istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

PRUDENSİAL SİYASƏT. Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sistem risklərinin minimallaşdırılması, banklarda idarəetmə potensialının gücləndirilməsi və maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirmişdir. Bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə almaqla risk əsaslı prudensial nəzarət çərçivəsinin formalaşdırılması sürətlənmiş, maliyyə sabitliyinin qorunmasını təmin edən nəzarət rejimi tətbiq edilmişdir.

Bank sisteminin maliyyə dayanıqlığının artırılması üçün Mərkəzi Bank banklara qarşı kapital tələblərini yüksəltmişdir. Fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinin 50 mln. manatadək artırılması barədə qərar qəbul edilmişdir. Bank sektorunun aktivlərinin 89%-nə malik bankların kapitalının həcmi artıq bu tələbə uyğundur. Bankların Məcmu kapitalın minimum məbləği üzrə yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minəcəkdir. Yeni kapital tələblərinin tətbiqi bankların kapital mövqeyinin möhkəmlənməsi ilə yanaşı, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılmasına imkan verəcəkdir.

MALİYYƏ DAYANIQLIĞI. 2012-ci ildə bank aktivlərinin keyfiyyətinin, likvidlik və rentabellik göstəricilərinin yaxşılaşması müşahidə olunmuş, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə olmuşdur.

Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının kredit portfelində xüsusi çəkisi cəmi 6,4% olmuşdur ki, bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. Sektorun kapital mövqeyi qənaətbəxş səviyyədədir. Kapitalın adekvatlıq göstəricisi  12%-lik normaya qarşı 15.7% təşkil edir. Məcmu kapitalın həcmi 11 ayda 30% artmışdır. Cari ilin 11 ayında kapitalın gəlirliyi (ROE) 9%, bank aktivlərinin gəlirliyi isə 1%-dən çox (ROA) olmuşdur.

Sektorun likvidliyi stabil və əlverişlidir. Likvid aktivlər ümumi aktivlərin 12.8%-i həddindədir. Bu da əhalidən cəlb olunmuş depozitlərin həcminin yarısını örtmək üçün yetərlidir. Bank sektorunun qlobal maliyyə sisteminə inteqrasiyası və xarici mənbələrdən resursların cəlb etməsi davam etmişdir. Xarici borc öhdəliklərinin bank resurslarında xüsusi çəkisi məqbul səviyyədədir (15.5%). Bankların xarici öhdəliklərinin 60%-dən çoxunun müddəti 1 ildən yuxarıdır.

MALİYYƏ VASİTƏÇİLİYİ. Cari ilin 11 ayında bank sisteminin aktivləri 20.6%, kredit qoyuluşları isə 20.9% artmışdır. Kredit qoyuluşları sənaye və istehsala 50%, kənd təsərrüfatı və emal sahələrinə 16% artmışdır. Uzunmüddətli kreditlərin həcmində 23% artım olmuşdur. Kredit qoyuluşları regionlar üzrə 19.6%, qeyri-bank kredit təşkilatları üzrə isə 28% artmışdır.

Bazar resurslarının cəlb olunması əsasında ipoteka kreditləşməsi davam etdirilmişdir. Cari ildə Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 1800-dən çox şəxsə ümumilikdə 66.4 mln. manat məbləğində ipoteka krediti ayrılmışdır.

Əhalinin bank sisteminə etimadı daha da güclənmiş, əmanətlər 15.6% artaraq 4.8 mlrd. manata çatmışdır. Müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17.4% artmışdır. Manatla əmanətlərin artım tempi (23%) xarici valyutada əmanətlərin artım tempini (6.5%) əhəmiyyətli üstələmişdir. Regionlarda əmanətlərin həcmi 16% artmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanına uyğun olaraq keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır. 

2012-ci ildə faiz dərəcələrində azalma meyli davam etmişdir. Kreditlər və əmanətlər üzrə orta faiz dərəcələri 2 faiz bəndinədək azalmışdır.

Maliyyə sektorunun regional əhatəsi daha da genişlənmişdir. 2012-ci ilin 11 ayında 26 yeni bank filialı və 14 yeni bank şöbəsi açılmışdır. Hazırda ölkədə 654 bank filialı və 162 bank şöbəsi fəaliyyət göstərir ki, bunların da yarısı regionların payına düşür. Bundan başqa, ölkədə 114 filiala malik 132 qeyri-bank kredit təşkilatları fəaliyyət göstərir.

Mərkəzi Bank bank infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Milli Ödəniş Sistemi infrastrukturu vasitəsilə 2012-ci ilin 11 ayı ərzində ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.8% artaraq 104.8 mlrd.manat  təşkil etmişdir.

Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilmiş, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilmişdir. 2012-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 9.7%, quraşdırılmış bankomatların sayı 5.1%, POS-terminalların sayı isə 3 dəfəyə yaxın artmışdır. Ölkədə nağdsız dövriyyənin artırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən müvafiq qurumlardan ibarət tərkibdə Milli Ödəniş Şurası yaradılmışdır.

2. 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri

2.1. 2013-cü ildə qlobal proseslər və

 milli iqtisadiyyat

DÜNYA İQTİSADİYYATI. Beynəlxalq maliyyə-kredit təşkilatları və aparıcı analitik mərkəzlər qlobal iqtisadi artımın 2013-cü ildə davam edəcəyini proqnozlaşdırırlar. Beynəlxalq Valyuta Fondunun (BVF) cari ilin oktyabr ayında açıqladığı son proqnozlara görə 2013-cü ildə qlobal iqtisadi artımın 3.6% olacağı gözlənilir. Bu, iyul ayında açıqlanmış artım proqnozundan 0.3 faiz bəndi aşağıdır.

Avrozonada borc böhranının bir neçə kiçik ölkənin hüdudlarından kənara çıxmaması və yüngülləşməsi qlobal iqtisadi artıma dair optimist gözləntilərin doğrulması üçün xüsusi əhəmiyyət kəsb edir. BVF-nin proqnozlarına görə 2013-cü ildə inkişaf etmiş ölkələrdəki 1.5% iqtisadi artıma qarşı inkişaf etməkdə olan ölkələrdə 5.6% iqtisadi artım gözlənilir. Borc problemi olan inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsinin yüksək, maliyyə sektorlarının isə kövrək olacağı proqnozlaşdırılır.

Qarşıdakı ildə də qlobal kapital axınlarında, aparıcı valyutaların məzənnələrində və dünya əmtəə qiymətlərində yüksək dəyişkənlik istisna edilmir. BVF-nin son proqnozlarına görə 2013-cü ildə neftin 1 barrelinin qiyməti 105 ABŞ dolları səviyyəsində gözlənilir.   

AZƏRBAYCAN İQTİSADİYYATI. 2013-cü ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin ölkənin tədiyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18%-i səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının proqnozlaşdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaqdır.

Rəsmi proqnozlara görə 2013-cü ildə ölkədə iqtisadi artımın 5.3%, o cümlədən qeyri-neft sektorunda 11.7% olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir.

Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası" bütün bu prioritetləri əhatə edir.

Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir.

Bütövlükdə, 2013-cü ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr imkanlarına və adekvat strategiyaya malikdir.

2.2. Makroiqtisadi sabitlik və pul siyasətinin hədəfləri

Mərkəzi Bank 2013-cü ildə pul siyasətinin həyata keçirilməsi prinsiplərinin irsiliyini saxlayacaq, pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, makroiqtisadi sabitliyin idarə olunması potensialını gücləndirəcəkdir. 

İNFLYASİYA HƏDƏFİ. 2013-cü ildə pul siyasətinin əsas hədəfini inflyasiyanın 5-6% səviyyəsində təmin olunması təşkil edəcəkdir. Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaqdır.

Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaqdır.

Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin edir. İqtisadiyyatın və ixracın  şaxələnməsi, fiskal dayanıqlığın daha da güclənməsi, maliyyə bazarının inkişafı və faiz dərəcəsinin inflyasiya üzərində əsas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir.

MƏZƏNNƏ SİYASƏTİ. 2013-cü ildə də məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcəkdir. Tədiyə balansının cari əməliyyatlar hesabında gözlənilən profisit növbəti ildə də manatın ABŞ dollarına qarşı məzənnəsinə təsir edən başlıca amil olacaqdır.

Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişimi isə qlobal valyuta bazarındakı proseslərdən asılı olacaqdır. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır.

Məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin qorunması vəzifəsi nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Ümumən, manatın məzənnəsinin fundamental sabitliyi makroiqtisadi və maliyyə sabitliyinin əsas amillərindən biridir. 

MONETAR İDARƏETMƏ. Mərkəzi Bank özünün pul proqramında birbaşa və dolayı monetar alətlər vasitəsilə pul kütləsinin artım tempinin inflyasiya hədəfinə adekvat olan səviyyədə tənzimlənməsini nəzərdə tutur.

Pul siyasəti alətlərinin parametrləri, o cümlədən faiz dəhlizi və  məcburi ehtiyat normaları iqtisadi fəallıq tsiklindən, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcəkdir. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi səmərəsinin yüksəlməsinə şərait yaratmaq üçün qarşıdakı ildə də Mərkəzi Bank maliyyə bazarlarının inkişafını dəstəkləməkdə davam edəcəkdir.

İNSTİTUSİONAL İNKİŞAF. Mərkəzi Bank 2011-2014-cü illər üçün strateji planına uyğun olaraq fəaliyyətinin bütün funksional istiqamətlərinin təkmilləşdirilməsi,  müasirləşdirilməsi və beynəlxalq standartlara tam uyğunlaşması, daxili institusional potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü proqram və layihələri həyata keçirəcəkdir.

Makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialının daha da artırılması, bunun üçün empirik tədqiqatlar, modelləşdirmə və proqnozlaşdırma, maliyyə sistemində risklərin simulyasiyası bazasının ən son qlobal çağırışlara adaptasiyası təmin olunacaqdır. Əhalinin maliyyə savadlılığının gücləndirilməsi (maliyyə savadlılığı portalının fəaliyyətə başlaması, bilik mübadiləsi və virtual mərkəzi bank layihələrinin reallaşması və s.) sahəsində sistemli tədbirlər davam etdiriləcəkdir.

 Eyni zamanda insan kapitalının və kompetensiyaların inkişafı, korporativ idarəetmənin, bütün biznes proseslərin və başlıca funksiyaların yerinə yetirilməsinin yüksək keyfiyyət və səmərəlilik nəticələri ilə əlaqələnməsinin təmin olunması, elektronlaşma (elektron idarəetmə), avtomatlaşma və İKT sahəsində son nailiyyətlərin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcəkdir.

Elektron statistikanın tətbiqi təmin olunacaq, bazar konyukturunun daha dolğun qiymətləndirilməsi üçün mikroiqtisadi monitorinq genişləndiriləcəkdir. Mərkəzi Bankın fəaliyyətinin ictimai kommunikasiyası gücləndiriləcəkdir.

2.3. Maliyyə sektorunun sabitliyi və inkişafı siyasəti

Növbəti illərdə də iqtisadiyyatın şaxələnməsinə dəstək vermək məqsədi ilə Mərkəzi Bank maliyyə sektorunun fəaliyyətinin dayanıqlığının təmin edilməsi istiqamətində tədbirlərini gücləndirəcək, maliyyə vasitəçiliyinin diversifikasiyası və “inklüzivliyini” təşviq edəcəkdir. Maliyyə sektorunda dərinliyin, effektivliyin, sabitliyin və resurslara geniş çıxışın təmin olunması başlıca prioritetlər olacaqdır.

MALİYYƏ SABİTLİYİ. Mərkəzi Bank 2013-cü ildə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bank sektorunun maliyyə sabitliyi və dayanıqlığı potensialının gücləndirilməsi, kapitalizasiya səviyyəsinin artırılması, korporativ idarəetmə standartlarının inkişafı, əmanətçilər və investorların maraqlarının qorunmasına yönəldilmiş siyasətini davam etdirəcəkdir.

Bazel-III standartları ilə harmonizasiya məqsədi ilə risk-əsaslı prudenisal nəzarətin yeni çərçivəsinin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcəkdir. Bu çərçivə daha çevik və effektiv nəzarət siyasətinin həyata keçirilməsi və analitik nəzarət alətlərinin təkmilləşdirilməsinə imkan verəcəkdir.

Bankların məcmu kapitalının minimum məbləğinə dair Mərkəzi Bankın müəyyən etdiyi yeni tələbə uyğunlaşması təmin ediləcəkdir. Bu proses bankların kapital mövqeyinin möhkəmləndirilməsinə və kapitalın keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradacaqdır. Yeni kapital tələbi sektorun konsolidasiyası və restrukturizasiyasına imkan verməklə, iqtisadiyyata daha ucuz və çeşidli bank məhsullarının ötürülməsinə, əmanətçilər və investorların maraqlarının daha effektiv qorunmasına xidmət edəcəkdir. Bununla bağlı xüsusi kommunikasiya strategiyası həyata keçiriləcəkdir.

Bank sisteminin dayanıqlığının, problemli aktivlərlə işin səmərəliliyinin artırılması məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə əsasən ixtisaslaşdırılmış qurumun yaradılması imkanları da araşdırılacaqdır. Banklarda risklərin idarə edilməsi sistemlərinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblər yüksəldiləcəkdir. Maliyyə xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sisteminin gücləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Əhalinin yığımlarının müdafiəsi məqsədi ilə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi həyata keçiriləcəkdir.

MALİYYƏ VASİTƏÇİLİYİ. Bank-maliyyə sektorunun dərinliyinin artırılması istiqamətində tədbirlər, o cümlədən regionların maliyyə resurslarına çıxışı imkanlarını artırmaq istiqamətində fəaliyyət davam etdiriləcəkdir. Maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının fəaliyyətinin genişləndirilməsi təşviq olunacaqdır.

Ölkədə ipoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu tədbirlər ipoteka kreditlərinə çıxışın genişləndirilməsi, xüsusən də güzəştli ipoteka alınması imkanlarının artırılması istiqamətində olacaqdır. Alternativ ipoteka mexanizmlərinin tətbiqi imkanları da araşdırılacaqdır. 

Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi də Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcəkdir. Vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin təmin  edilməsi məqsədi ilə yaradılmış “Hökumət Ödəniş Portalı”na növbəti ildə də aidiyyəti qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir.

“Azərpoçt” MMC-nin xidmət şəbəkəsi vasitəsilə regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaqdır.  İnnovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması təşviq ediləcəkdir.

YEKUN. 2012-ci ildə Mərkəzi Bank ölkədə makroiqtisadi sabitliyin qorunmasına və qeyri-neft sektorunda artımın təşviqi siyasətinə hərtərəfli dəstək vermişdir. İnflyasiya təkrəqəmli səviyyədə olmuş, manatın məzənnəsi sabit qalmış, iqtisadiyyatın pula olan tələbatı ödənilmişdir. Bank sektorunun maliyyə dayanıqlığı qorunmuş və sektor sağlam əsasda genişlənməkdə davam etmişdir. Ödəniş sistemləri inkişaf etdirilmiş və nağdsız ödənişlərin miqyası böyümüşdür. 

2013-cü ildə də Mərkəzi Bank üçün makroiqtisadi və maliyyə sabitliyinin qorunması, bu əsasda iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi əsas prioritetlər olacaqdır. Mərkəzi Bank qarşıdakı ildə də birrəqəmli inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək, bank sektorunda maliyyə dayanıqlığının qorunmasını təmin edəcək, sektorun maliyyə dərinliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında