Dünya Azərbaycanlılarının III Qurultayının Qətnaməsi

Dünya Azərbaycanlılarının III Qurultayının doğma Vətənimizdə - müstəqil dövlət kimi iyirminci ildönümünü yaşayan Azərbaycan Respublikasında keçirilməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur. XX yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fədakarlığı sayəsində tarix səhnəsinə çıxmış, əsrin sonlarında isə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə öz layiqli yerini yenidən bərpa etmiş Azərbaycan bu gün tərəqqi və modernləşmə yolu ilə irəliləyir. 
Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər hamımızı sevindirir. Bu illər ərzində Azərbaycanın keçdiyi yol xalqımızın şərəfli dövlətçilik tarixinə, zəngin mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiq etmişdir.
Ötən 5 il ərzində Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının qorunmasına təminat verən demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlərə imza atmışdır. Ölkədə qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılmış addımlar dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirmişdir.
Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam etdirmiş, etnik və dini tolerantlıq mühitinin qorunmasına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir. Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu hesab edir. Azərbaycanda yaşayan bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması, onun maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur.
Son 5 ildə Azərbaycan Respublikasında milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına, elmin və təhsilin inkişafına xidmət edən dövlət proqramları həyata keçirilmişdir. Bu proqramlar çərçivəsində yüzlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanmışdır. Onların bir çoxu diaspor quruculuğu işinin fəal iştirakçılarıdır.
Ötən dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi dövlətin diqqət yetirdiyi prioritet məsələlər sırasında olmuşdur. İqtisadi azadlıqların təmin olunmasına və sahibkarlığın inkişafına xidmət edən mühüm islahatlar həyata keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirilmişdir. Aparılan iqtisadi siyasət nəticəsində ölkəmizin bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə qeyri-neft sahələrinin inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə gənclərin məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olunmuşdur.
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması yönündə ardıcıl səy göstərir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında qurmuş dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuşdur.
Azərbaycan Respublikası sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə verməyə çalışır. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən dövlətimiz istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə mühüm addımlar atmış, bu məqsədlə qəbul edilmiş müxtəlif konvensiyalara qoşulmuşdur.
Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Son illərin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, "Eurovizion- 2011" müsabiqəsində Azərbaycan təmsilçilərinin qazandığı tarixi qələbədir. Bu, xalqımızın zəngin mədəniyyətə malik olduğunu təsdiqləməklə yanaşı, həm də gənclərimizin böyük potensialının, yüksək istedadının ifadəsi kimi qiymətləndirilə bilər.
Təqdirəlayiq haldır ki, ötən illər ərzində Azərbaycan diasporu da öz gücünü artırmış, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha geniş vüsət almış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində təşəbbüslərin sayı artmış, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanları əldə etmişlər.
2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma "erməni soyqırımı" iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr öz əksini tapmışdır.
Son illər Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, xaricdə yaşayan soydaşlarımız digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olmuşlar. Dünyanın müxtəlif ölkələrində güclü mövqelərə malik olan qardaş türk diaspor qurumları ilə fəaliyyətin əlaqələndirilməsi hər iki icmanın gücünü xeyli artırır, onların ictimai rəyə daha çox təsir imkanları qazanmasına şərait yaradır.
Ötən 5 il Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olmuşdur. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının III Qurultayı QƏRARA ALIR:
1. Dünya Azərbaycanlılarının II Qurultayından ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması, eləcə də diaspor təşkilatları tərəfindən xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması, lobbi quruculuğu istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin.
2.Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi 115 nəfərdən ibarət müəyyən edilsin.
3.Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, təşkilati və əlaqələndirmə funksiyalarının səmərəli həyata keçirilməsi məqsədi ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcra Katibliyi təsis olunsun.
4. Azərbaycan diaspor təşkilatlarına tövsiyə olunsun ki:
- 2008-ci ilin dekabrında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində daha fəal iş aparsınlar;
- xarici ölkələrdə yaşayan azərbaycanlıların daha sıx birləşməsi, Azərbaycan diaspor təşkilatları arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər;
- xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirsinlər;
- Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər diplomatik nümayəndəlikləri ilə əlaqələri gücləndirsinlər, birgə fəaliyyətin daha yaxşı uzlaşdırılmasına nail olmaq üçün səyləri artırsınlar;
- Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsi məqsədilə tədbirlər hazırlayıb həyata keçirsinlər;
- xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, habelə digər ölkələrin vətəndaşı olan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması ilə bağlı müvafiq mexanizmlərin hazırlanması və həyata keçirilməsi istiqamətində səylərini artırsınlar;
- xarici ölkələrin parlamentlərində və digər dövlət orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün müvafiq tədbirlərin görülməsi istiqamətində səylərini gücləndirsinlər;
-lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə xarici ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, siyasi partiya və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyəti genişləndirsinlər;
- işğal olunmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistan ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi və mənimsənilməsi, tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirsinlər;
- qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən türk diasporu ilə əməkdaşlığın genişləndirilməsini, iki qardaş ölkənin maraqlarının müdafiəsi yönündə həyata keçirilən tədbirlərin daha sıx əlaqələndirilməsini təmin etsinlər.
5. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına tövsiyə olunsun ki:
-xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakına nail olmaq məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr əsasında müvafiq fəaliyyət konsepsiyasının hazırlanmasını və həyata keçirilməsini təmin etsin;
- xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması, siyasi partiya və hərəkatlarda təmsil olunması məqsədilə kompleks tədbirlər hazırlayıb həyata keçirsin;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində fəaliyyətin daha səmərəli koordinasiya olunmasını təmin etsin.
6. Dünya Azərbaycanlı Gənclərinin I Konqresində qəbul olunmuş qərara uyğun olaraq, Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması təşəbbüsü bəyənilsin, xaricdə yaşayan azərbaycanlı gənclərin bu prosesdə fəal iştirakının təmin edilməsi üçün tədbirlər görülsün.
7. 2012-ci il Evrovizion müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsinə tövsiyə edilsin ki, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası və Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Azərbaycanın mədəniyyətini, turizm imkanlarını, tarixi-mədəni abidələrini təbliğ etmək məqsədilə Tədbirlər Planı hazırlasın və onun icrası ilə bağlı diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.
8. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarından xahiş edilsin ki:
- xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarına daha geniş cəlb olunması ilə bağlı tədbirlər görsünlər;
- diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsinə və müvafiq sahədə fəaliyyətin koordinasiya edilməsinə diqqəti artırsınlar.
9. Media yayımı və informasiya texnologiyaları sahəsində əməkdaşlıq, azərbaycanlı jurnalistlərin forumlarının təşkili, soydaşlarımızın yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələrinin genişləndirilməsi, habelə qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması kimi məsələlərə diqqət daha da artırılsın.
10. Qurultayın Redaksiya komissiyasına tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
11. Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edilsin ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və qurultay nümayəndələrinə göndərilməsini təmin etsin.
Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarına və xarici ölkələrdə yaşayan bütün azərbaycanlılara müraciət edərək onları bu Qətnamədən irəli gələn müddəaların yerinə yetirilməsində fəal iştirak etməyə, doğma Vətənin milli maraqlarının müdafiəsi naminə öz səy və bacarıqlarını əsirgəməməyə, birliyə və həmrəyliyə çağırır.

{nl}

Qətnamə Dünya Azərbaycanlılarının III Qurultayında qəbul olunmuşdur.
Bakı şəhəri, 5 iyul 2011-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında