Biz Xocalı qurbanlarının ruhunu Qarabağı azad etməklə sevindirə bilərik

 

 

 

 

 

 

 

 

 

 


Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu.

Heydər ƏLİYEV
Ümummilli lider

 


Bugünlərdə dünyanın əksər ölkələrindəki haqsevər insanlar XX əsrin ən dəhşətli faciələri sırasına daxil olmuş Xocalı soyqırımının 26-cı ildönümünü Azərbaycan xalqı ilə birlikdə qəlb ağrısıyla qeyd etdilər, kütləvi qırğın qurbanlarının xatirəsinə ehtiramlarını bildirdilər, insanlığa qarşı bu amansız cinayəti törətmiş erməni faşizmini lənətlədilər.

26 il əvvəl baş vermiş dəhşətli qətliamın insanlığa zidd mahiyyəti, bu bəşəri cinayətin ümumi mənzərəsi zaman keçdikcə daha aydın görünür və daha kəskin ittiham olunur.

İstər-istəməz, dünya miqyasında bir sual yenidən təkrarlanır: axı necə olmuşdur ki, küçədə kimsəsiz qalmış bir heyvana da rəhm göstərildiyi çağdaş dünyada belə bir amansızlıq baş vermişdir? Onda sinəsi Xocalı yarası ilə dağlanmış xalq olaraq, biz də soruşuruq: necə olur ki, erməni vandalları Xocalıda və bütövlükdə Dağlıq Qarabağda törətdikləri qanlı cinayətləri elə həmin dünyanın gözü qarşısında “Qələbə” adı ilə qeyd edirlər, bu əməlləri ilə qorxub-çəkinmədən öyünürlər? Dünyanın ədalət tribunalarında bu suala hələ də cavab verilmədiyinə görə Xocalı soyqırımını törədənlər də ötən 26 ildə cəzasız qalmış, həttə yüksək mənsəblərə çatmışlar.

Qanla yazılmış tarix isə baş verənləri olduğu kimi yaddaşına hopdurub, qaçılmaz olan Haqq divanına saxlayır. Budur həmin qanlı yaddaş: “1992-ci il fevralın 26-da Ermənistan qoşunları o aylarda süqut etmiş qanlı sovet ordusunun 366-cı qvardiya motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdi. Ermənilərin güllə yağışında, mərmi tonqalında yüzlərlə insan məhv oldu. Həmin dəhşətli gecə ermənilər nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədi: 613 nəfər məhv edildi, 1271 dinc sakin girov götürüldü – onlardan 150-sinin taleyi hələ də məlum deyil. 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü.  8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi amansızlıqla qətlə yetirildi və qəddarlıqla diri-diri yandırıldı. 25 uşaq ata və anasını, 130 uşaq isə onlarda birini itirdi. 1000 nəfər dinc sakin müxtəlif dərəcəli yara aldı, 76 insan, həddi-buluğa çatmamış oğlan və qızşikəst edildi”.

Üstəlik, bu hərbi-siyasi cinayət zamanı əsir düşənlər və meyitlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların başı və digər bədən üzvləri kəsildi, başlarının dərisi soyuldu. Uşaqların gözləri çıxarıldı, hamilə qadınların qarınları yarıldı. Bütün beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələri əsirlərə qarşı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə konvensiyasının bütün maddələrinə, protokollara zidd olaraq dinc sakinlərin yollarını kəsərək işgəncələr verdilər.

Erməni faşizminin ərazi iddiaları ilə başlanmış bu vəhşiliklər nəticəsində ərazilərmizin 14 min kvadratkilometri – 20 faizi işğal edildi. Azərbaycana qarşı təcavüz zamanı 20 mindən çox adam öldürüldü, 50 minədək adam yaralandı və ya şikəst oldu. 4 min nəfər əsir düşdü, yaxud girov götürüldü. 1 milyonadək azərbaycanlı ev-eşiyini itirdi. 100 mindən çox yaşayış evi, 1 milyondan çox iqtisadi obyekt, 600-dən çox məktəb və tibb müəssisəsi yandırıldı, talan edildi. 100 milyonlarla dollar dəyərində şəxsi əmlak və dövlət əmlakı, maddi sərvətlər işğal olunmuş ərazilərdən Ermənistana daşındı.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatında bütün bunlar barədə deyilir: “Bu kütləvi və amansız qırğın Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, ümumən insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlinə törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşdür”.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin tarix və mədəniyyətinə də güclü zərbə vuruldu. Erməni vandalları Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələri məhv etdilər. Erməni hərbi birləşmələri azərbaycanlıların Dağlıq Qarabağdakı qədimdən-qədim izlərini itirmək məqsədilə əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını, xalqımızın qədim yadigarı olan Xocalı kurqanlarını texnika vasitəsilə darmadağın etdilər.

Erməni quldurları bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarasını hərbi sursat anbarına çevirdilər. Müsəlmanlıq abidələri dağıdılıb Yer üzündən silindi, alban xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları məhv edildi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi. Vandallar Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə dəlmə-deşik etdilər. İşğal altında olan rayonların bütün muzeyləri dağıdıldı, qarət edildi.

Xocalı soyqırımı təsadüfi baş verməmişdir. Ermənilərin planlı şəkildə həyata keçirmək istədiyi prosesin tərkib hisssəsi idi. Azərbaycanın əldə etdiyi müstəqilliyə qısqanclıqla yanaşan, gözü götürməyən qüvvələrin fitfası ilə həyata keçirilən bir cəza idi. Bu qanlı akt böyük dövlətlərin mənfur qüvvələrinin, beynəlxalq erməni diaspor təşkilatlarının, qriqoryan məzhəbli erməni katalikosluğunun hamısının bilavasitə yaxından iştirakı ilə həyata keçirilmişdi.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbəsinin dağılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevisə  ABŞ-ın “Assoşieyted press” agentliyinə müsahibəsində müxbirin “Siz
Dağlıq Qarabağın müstəqillik statusuna malik olmasını fərz edə bilərsiniz?” – sualına cavab olaraq demişdir: “Əlbəttə ki, yox və yenə də yox! Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır... Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik, daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir”.

Xalqımızın tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımı qanı azan yaramız, daş yaddaşımızdır. Vaxtilə Ermənistanın türk-müsəlman ölkələri və xalqlarına qarışı münasibətini xatırlatmaq üçün çox misallar göstərmək olar. Bu baxımdan professor Musa Qasımlının bir şərhi çox maraqlıdır: “Məruzə edən Ermənistan EA-nın prezidenti V.A.Ambartsumyan çıxışında tez-tez “Sultan Türkiyəsinin müstəmləkəçiləri əvvəlcədən hazırladıqları planı həyata keçirdilər. Qərbi Ermənistanda erməni əhalisini kütləvi şəkildə məhv etdilər” kimi sərsəm fikirlər səsləndirdi. Bundan sonra iclas bağlı elan edildi.

 Ermənistan rəhbərliyi özünü mərkəzin tənqidlərindən qorumaq üçün xarici qonaqların Yerevandakı Lenin abidəsinə çələng qoymalarını təşkil etdi. Həmin gün sahəsi 200 hektardan çox olan parkda uydurma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı oldu. Bu zaman İrəvan küçələrinə çıxan dörd yüz mindən artıq erməni əbədi məşəl abidəsini ziyarət etmişdi. Əvvəlcə, sakit məcrada davam edən nümayiş daha sonra nəzarətdən çıxmış, bir sıra obyektlərə ciddi ziyan dəymiş, qatı antitürk düşmənçiliyi ruhunda şüarlar səsləndirilmişdir. ... Həmçinin nümayişdə “Qərbi Ermənistan, yəni Anadolu Ermənistanın olmalıdır!”, “Dağlıq Qarabağ bizimdir”, “Naxçıvan Ermənistan torpağıdır”, “Ermənilər, 1915-ci ilin qisasını almaq vaxtıdır, birləşin!” və s. plakatlarla, şüarlarla təşkil edilən çıxışlar nümayişin əsl məqsədini açıqlayırdı”.

Bütün bu siyasi avantyura ilə bərabər, uydurma “Böyük Ermənistan” uğrunda görülən tədbirlər, B.Yeltsinin, M.Qorbaçovun Azərbaycan türklərinə qarşı qərəzli mövqeyi Azərbaycan xalqına qarşı qəddarlığın üzə çıxması ilə nəticələndi. Eyni zamanda, nizamnaməsində terrora rəvac verən Daşnaksütyun partiyasının, keçən əsrin 70-ci illərində milyonlarla dollar dəyərində toplanmış ianənin pulu ilə yaradılmış ASALA kimi terrorçu təşkilatın fəaliyyətində Xocalı soyqırımının təşkilinə dair münasibətin olduğunu inkar etmək mümkün deyil.

Bütün faktlar və arqumentlər göstərir ki, Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımı xalqımızın tarixinin dəhşətli və faciəli səhifələrindən biridir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması bizim taleyüklü məsələmizdir, qeyrət yükümüzdür. Söz yox ki, tez-gec düşmənə layiqli cavab veriləcək, torpaqlarımız işğaldan azad ediləcək, lakin biz bir də belə amansız faciəyə – soyqırımına məruz qalmamağımız üçün bu tarixi unutmamalı, unutdurmamalıyıq.

Bəzən qələbələr faciələrdən keçir, ona görə də faciənin özünə diqqət yetirmək, yaddan çıxarmamaq lazımdır. Düşmənin bu amansızlığına qarşı dözüm gətirən, əyilməyən, sınmayan xocalıları bəşəriyyət yaxşı tanımalıdır.

Xocalı soyqırımı həm də faciələr məktəbinin qanlı ibrət dərslərindən biridir.  Bu dərs bizə hazırda və gələcəkdə hansı yolla getməyimizi göstərir. Bu baxımdan, inamla deyə bilərik ki, Xocalı təkcə faciə deyil, həm də milli iradəyə və özünüdərkə aparan bir yoldur. Bu yolu hamı görməli, yeni nəsillər də mərd, cəsur, iradəli olmalı, etibarlı və təminatlı gələcəyimizi  düşünməlidir.

Qasım HACIYEV,
AMEA Qafqazşünaslıq İnstitutu ermənişünaslıq şöbəsinin müdiri,
tarix üzrə elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında